Milli Olimpiya Komitəsi

Rəsul Çunayev və Kamran Şahsuvarlı tələbələr ilə görüşdə

Milli Olimpiya Komitəsi (MOK) Rio 2016 Olimpiya Oyunlarının təbliğat-təşviqat kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəylik Fondunun dəstəyi ilə yeni layihəyə start verdi.

Layihənin əsas məqsədi Olimpiya Hərəkatı və Olimpiya təhsili, həmçinin Rio 2016 Yay Olimpiya Oyunlarının irsini qorumaqdan ibarətdir.
Layihə çərçivəsində ilk görüş cari ilin 28 oktyabr tarixində keçirilib. Görüşün qonağı Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Rəsul Çunayev və Kamran Şahsuvarlı olub.

Tələbələr idmançılarımızın çıxışını böyük maraqla qarşılayıblar. Belə ki, öz uğur hekayəsini tələbələrlə paylaşan Rəsul Çunayev və Kamran Şahsuvarlı məqsədə çatmaq uğrunda apardığı mübarizədən və hədəflərin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətindən söhbət açdılar.

Mükafatçılar daha sonra tələbələrin suallarını cavablandırıb, dəyərli məsləhətləri ilə onlara stimul verib.

Məlumat üçün bildirək ki, Braziliyada  təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə təmsil olunub. Millimiz Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, London-2012-də göstərdiyi nəticəni yaxşılaşdırıb. Qeyd edək ki, ötən Olimpiadada millimiz 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazanıb.

 

IOC