Milli Olimpiya Komitəsi

Azərbaycanda “Olympic Moves” idman proqramının yeni mövsümünə start verilir

Bu gün Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunan “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib.

MOK-un inzibati binasında baş tutmuş tədbirdə ilkin olaraq “Olympic Moves” proqramının ötənilki nailiyyətlərinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə cari mövsümdə proqram çərçivəsində olacaq yeniliklər barədə məlumat verib: “Bilirsiniz ki, bu il Azərbaycan idmanı və ümumilikdə Azərbaycan üçün uğurlu bir il olub. Azərbaycan Rio 2016 Yya Olimpiya Oyunlarında ümumilikdə 18 medal olmaqla 1 qızıl, 7 gümüş və 10 bürünc əldə edib. Azərbaycan idman uğurlarını davam etmək üçün kütləvi idman proqramlarına ehtiyac vardır. Olympic Moves bu sahədə Azərbaycanın ən böyük çöx növlü kütləvi idman proqramı idi. Keçən ilki nəticələrə əsaslanaran bu il proqram yalnız Bakı deyil, Azərbaycanın 4 şəhərini əhatə edəcək. Mən proqramda dəstəyinə görə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinə minnətdarlığımı bildirir və yeni mövsümdə uğurlar arzulayıram.”

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov proqramın ölkədə Olimpiya dəyərlərini, həmçinin fəal və sağlam həyat tərzinin təşviqi istiqamətində əhəmiyyətini vurğulayıb.

Öz növbəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məktəblilərin sağlamlığının mühafizəsində “Olympic Moves” proqramının müstəsna rolunu qeyd edib.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: «“Coca-Cola 200-dən çox ölkədə fəaliyyət göstərir və bu ölkələrin hamısında cəmiyyətin inkişafı naminə müxtəlif proqramlara dəstək olur. “Olympic Moves” da belə proqramlardan biridir. Proqramın məqsədi məktəblilər arasında Olimpiya dəyərlərini təbliğ etmək, uşaqları idmana cəlb etməklə onların həyatına müsbət dəyişikliklər gətirməkdir. Uşaqlar nə qədər hərəkətdə olarlarsa, bir o qədər də sağlam olarlar. Məktəb şəraitində idmanla məşğul olmaq eyni zamanda uşaqların təhsilinə də müsbət təsir edir. “Olympic Moves” proqramında bizim dəyərli tərəfdaşlarımız Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinə, eləcə də idman federasiyalarımıza təşəkkür edirəm”.

“Olympic Moves” proqramının yeni mövsümü ilə bağlı video-çarxın təqdimatından sonra tədbirdə MOK, Təhsil Nazirlyi, Gənclər və İdman Nazirliyi, həmçinin “Coca-Cola” şirkəti arasında “Olympic Moves” çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum proqram çərçivəsində məktəblilər üçün münbit idman mühitinin yaradılması, “Bakı 2015” Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya idman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır.

Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın inkişafına töhfə verir.

 

OMA