Qədim insan təbii təkamül prosesi keçərək inkişaf etmişdir. Şübəhsiz belə bir prosesdə insanın fiziki gücü, cəldliyi, reaksiya qabiliyyəti, sağlamlığı olduqca böyük əhəmiyyət kəsb etmişdir. Yalnız bu keyfiyyətlərə malik insanlar təbii seçmənin süzgəcindən keçə bilmişlər. İnsan yaşamaq naminə vəhşi heyvanlarla vuruşmuş, sürətli qaçışı, eləcə də fiziki qüvvəsi hesabına təhlükədən xilas ola bilmişdir.
Belə bir cəhət hər bir insanın özünün fiziki kamilliyinin qayğısına qalması tələbini ortaya atmışdır. Zaman ötdükcə insanlar öz aralarında fiziki və əqli qabiliyyətlərini sınamaq məcburiyyətində də qalmışlar. Məhz fiziki sınaqlardan keçən adamlar tayfa və qəbiləyə rəhbərlik etmək hüququ qazanmışlar. Beləcə insanlar arasında öz fiziki keyfiyyətlərini mübarizədə sınamaq tələbi də meydana çıxmışdır. Cəmiyyət inkişaf etdikcə bu sınağın, mübarizənin forma və üsulları dəyişmiş, müxtəlif növləri meydana çıxmışdır. Bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan idmanın yaranmasının əsasında belə mübarizə formaları durur. İdman müxtəlif hərəkət kompleksləri üzrə yarışlar və hazırlıq məşqləri keçirilməsi sistemi kimi böyük təkamül prosesini yaşamışdır. İnsanlar yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini, məsələn, güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmək, avar çəkmək, ox atmaq, qılınc oynatmaq, nizə tullamaq və sairəni ilk idman növləri kimi qəbul etmək olar. Heç şübhə yoxdur ki, bütün xalqlarda bu cür idman növləri olmuşdur. Bu növlərdən hər hansı biri üzrə ilk idman yarışının birinci dəfə harada, nə vaxt keçirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Arxeoloji tapıntılar əsasında onu demək mümkündür ki, atletlərin ilk yarışı güləş üzrə olmuşdur. Onun haqqında ən qədim məlumat b.e.ə. XXVII-XXVI əsrlərə təsadüf edir.
B.e.ə. VIII əsrə aid edilən "Gilqamış" dastanında b.e.ə. üçüncü minilliyə aid olan Şümer abidələrinə istinadla güləş üzrə yarış haqqında məlumat verilir. Güləş Azərbaycanda da qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuşdur. Azərbaycan xalqının dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs olunur. Tariximizin qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında güləşlə yanaşı başqa təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədi daşıması açıq-aşkar qeyd olunur. Nağıl və dastanlarda igidlər aslan, buğa, dəvə ilə güclərini sınayır, bir-biri ilə qurşaq tutub güləşirlər. Zaman keçdikcə güləş inkişaf etmiş, ona münasibət, onun keçirilmə qaydaları dəyişmiş, belə qarşılaşmalar xüsusi yerlərdə keçirilmişdir. Azərbaycanda qədim tarixə malik idman növü olan güləş yarışları da sonralar xüsusi yerlərdə -zorxanalarda keçirilmişdir.
Oğuz elinin igidləri, o cümlədən qızları da at çapmaqda, qılınc oynatmaqda, ox atmaqda mahir olmuşlar. Bu diyarda oğlanlara döyüşdə, təkbətək mübarizədə qalib gəlməyincə, igidlik göstərməyincə ad verməzmişlər. "Kitabi-Dədə Qorqud" dastanlarının əsas qəhrəmanlarından biri Bamsı Beyrəklə Banıçiçək at çapmaq, ox atmaq və qurşaq tutub guləşməkdə güclərini sınadıqdan sonra bir-birlərinə könül verirlər.
"Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən idman yarışlarına başqa mənbələrdə rast gəlmək olur. XI əsr Azərbaycan şairi Xaqani Şirvaninin əsərlərində də çövkən, at çapmaq, şahmat, qılıncoynatma və s. oyunlardan danışılır.
Qədim türkdilli xalqlar ömürlərinin böyük hissəsini at belində keçirmişlər. Oğuzlar atın tərkində ova çıxır, özlərinə azuqə toplalayır, ticarət edir, yürüşlərə gedirdilər.
Onlar atın tərkində anadan olur, döyüşür, yeyib-içir, ölürdülər. Bu xalq atın tərkində tarix yaradır, mədəniyyət qurur, əylənir, müxtəlif yarışlar keçirirdi. Tarixçilər hunlar arasında bir çox idman yarışlarının at üstündə keçirilməsindən çox yazmışlar. Cıdır yarışları, at üstündə güləşmə, qılıncsallama, yambaqapma, çovqan buzqaşı kimi idman yarışları türkdilli xalqlar arasında geniş yayılmışdı. Mənbələrdə göstərilir ki, sonralar çinlilər çox sevdikləri at yarışlarını türklərdən və monqollardan görüb- götürmüşdülər.