İyirminci əsrin əvvəllərində Azərbaycan pəhləvanları

İyirminci əsrin əvvəllərində Azərbaycan pəhləvanlarından Sali Süleyman və Rəşid Yusifovun adı bütün dünyada məşhur olmuşdur. Onlar dünyanın ən böyük şəhərlərində -Vaşinqton, Paris, Çikaqo, London, Roma kimi şəhərlərdə keçirilən güləş yarışlarında böyük məharət göstərmişlər. Sali Süleyman dünya pəhləvanlarının ən təhlükəli rəqibi sayılırdı. Onu "Dağıstan şiri", "Şərqin sevimlisi" adlandırırdılar. Bu pəhləvanın nə öz vətənində, nə də xarici ölkələrdə bir dəfə belə kürəyini yerə vuran olmamışdır. Sali Süleyman dəmir zəncirləri asanlıqla qırır, dəmir çubuqdan düyün bağlaya bilirdi. Onun haqqında söylənilən əfsanələr bu gün də dildən-dilə gəzir. Rəşid Yusifov da güləşdə göstərdiyi uğurları ilə həmvətənlisindən geri qalmamışdır.

Ötən əsrin əvvələrində Bakı neft şəhəri kimi sürətlə inkişaf edərək dünyanın ən iri sənaye mərkəzlərindən birinə çevrilmişdi. Bununla əlaqədar müxtəlif ölkələrdən neft mütəxəssisləri və fəhlələr Bakıya axışıb gəlirdilər. Xaricdən gələnlər asudə vaxtlarını yaxşı keçirmək məqsədilə öz ölkələrində populyar olan idman növlərinin Azərbaycanda yayılmasına çalışırdılar. Nəticədə həmin illərdə Bakıda üzgüçülük, yüngül atletika, ağır atletika, gimnastika, futbol və bir çox başqa idman növləri populyarlaşmağa başlayır.