XX əsrin əvvəllərində Bakıda futbol

XX əsrin əvvəllərində Bakıda futbol daha geniş şöhrət qazanır. Qısa müddətdə şəhərdə çoxlu futbol komandaları yaranır. "Balaxanı futbolçular dərnəyi", "Stella" və "İdmanın dostları", "İdmançı" və "Konqress", "Unitas", "Belaya", "Senturion", "Tərəqqi" və sair belə komandalardan idi. İlk dövrdə şəhər birinciliyi, kubok yarışlarını, rəsmi oyunları təşkil edəcək birlik, qurum olmadığından yarışlar kortəbii şəkildə, kapitanlar arasındakı razılığa görə keçirilirdi. Şəhərdə isə futbol komandalarının sayı sürətlə artmaqda davam edirdi. Futbol ölkələrarası miqyasa keçməyə başladı. 1912-1913-cü illərdə əvvəlcə Tiflisdə, sonra Bakıda Azərbaycanın və Gürcüstanın futbol komandaları arasında görüşlər təşkil olundu. Nəhayət, 1914-cü ildə Azərbaycanda futbol ittifaqı yaradıldı. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili keçirilməsini öz üzərinə götürdü. Elə bu dövrdən başlayaraq ölkədə müxtəlif idman növləri üzrə təşkilatların, cəmiyyətlərin yaranması ənənə şəklini alır. Azərbaycan Rusiyanın tərkibində olduğuna görə burada əsrin əvvəllərində idmanın dövlət səviyyəsində inkişafı ilə bağlı işlər görülmürdü. Ona görə də Azərbaycanda bədən tərbiyəsi və idmanın dövlət səviyyəsində inkişafı ötən əsrin iyirminci illərindən başlamışdır. Həmin vaxtdan təkcə Bakıda deyil, respublikanın digər rayon və şəhərlərində müxtəlif idman növləri üzrə bölmə və klubların yaradılması, əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün maddi-texniki bazanın qurulması istiqamətində işlər görülmüşdür. 1920-ci ildə respublika ümumhərbi təlim orqanları yanında Bədən Tərbiyəsi Şurası təşkil olundu. Şura ölkədə idmanın inkişaf və yayılmasına rəhbərlik etməyə başladı. Bədən tərbiyəsi Şurasının təşəbbüsü ilə ümumtəhsil məktəblərində, mədəni-maarif ocaqlarında, uşaq evlərində və fəhlə klublarında fiziki tərbiyə işləri qaydaya salındı və ilk idman dərnəkləri təşkil edildi. İdman dərnək və bölmələrinə cəlb edilənlərə gimnastika, futbol, yüngül atletika, basketbol, qılıncoynatma, ağır atletika və başqa idman növləri öyrədilirdi. Bu illərdə Azərbaycanda "Avtomotor", "Vodnik", "Reçnik", bir qədər sonra isə "Dinamo" idman cəmiyyətləri yaradıldı. 1921-ci ildən başlayaraq müxtəlif idman növləri üzrə şəhərlərarası yarışlar keçirildi.