"Olimpiya Oyunları" adı altında yarışlar

1922-ci ilin axırına yaxın bədən tərbiyəsi və idman işlərinə Azərbaycan Həmkarlar İttifaqları qoşuldu. Bu təşkilat öz xətti ilə idman cəmiyyətləri yaradır, respublikada idmanın maddi-texniki bazasının qurulmasına xüsusi yardım göstərirdi. 1923-cü ildə Azərbaycanda ilk idman qəzeti - "Qırmızı idmançı" çapdan çıxmağa başladı. Elə həmin ildə Bakıda bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı. Məktəbdə idmanın müxtəlif növlərini öyrədəcək müəllim və mütəxəssislər hazırlanırdı. Bu, respublika üçün idmanın ənənəvi olan növləri ilə yanaşı digər növlərin də inkişafına təkan verdi. Məsələn, əgər 1920-ci ildə Azərbaycanda iki basketbol cəmiyyəti vardısa 1924-cü ildə artıq 52 basketbol kollektivi təşkil edilmişdi, iki ildən sonra bu kollektivlərin sayı 300-ə çatdırılmışdı. Elə bu illərdə Azərbaycan Neft Kimya İnstitutunda və Mərkəzi Bədən Tərbiyəsi Evində boks dərnəkləri yaradılmışdı. Ölkədə tez-tez üzgüçülük, su polosu və suya tullanma növləri üzrə idman yarışları, bayramları keçirilirdi. Güləş və ağır atletika klublarında xeyli idman həvəskarı məşq edirdi. 1924-cü ildə Rza Baxşəliyev "Kustrud" adlanan güləş klubu yaratdı və burada fransız güləşi -müasir sərbəst güləş qrupu təşkil etdi. "Kustrud"un yetişdirmələri o zaman ölkəmizdə və onun hüdudlarından kənarda məşhur olan pəhləvanlarla - Sali Süleyman, Rəşid Yusifov, Fyodor Margentanger, Andrey Lodz, Eldar Göyçaylı və başqaları ilə güləşirdilər. "Kustrud"dan başqa, "Dinamo", "Temp", "Lokomotiv" və Mərkəzi Bədən Tərbiyəsi Evi kimi idman cəmiyyətləri də fəaliyyət göstərirdi.

Ayrı-ayrı idman növləri üzrə yarışlardan başqa respublikada kompleks idman turnirləri də təşkil olunurdu. Məsələn, çox maraqlı faktdır ki, 1925-ci ildə Bakıda "Olimpiya Oyunları" adı altında yarışlar təşkil olundu Bu olimpiadanın proqramına əsasən yüngül atletikanın müxtəlif növləri üzrə yarışlar daxil edilmişdi. Bu Azərbaycanda Olimpiya Oyunların nə qədər böyük maraq olduğunu, ümumdünya oyunlarına qoşulmaq imkanı olmayan bir şəraitdə gənclər arasında olimpiya ideallarının təbliğ olunmasının əyani göstəricisidir.