İyirminci illərin ikinci yarısından Azərbaycan idmançıları beynəlxalq yarışlarda da iştirak etməyə başladılar. Doğrudur bu yarışlar lokal xarakter daşıyır, ayrı-ayrı ölkə idmançıları ilə yoldaşlıq görüşləri kimi həyata keçirilirdi.
Bakıda beynəlxalq futbol görüşlərinin keçirilməsi ənənəsi də bu illərdə yenidən bərpa olundu. 1926-cı ilin noyabr ayında Bakıda İranın Tehran şəhərinin yığma komandası ilə futbol görüşləri oldu. Bakının üç müxtəlif komandası qonaqlarla görüşdü. 1929-cu ildə İrana cavab səfəri edildi.
Azərbaycan boksçularının ilk beynəlxalq görüşü 1929-cu ildə Türkiyənin milli yığma komandası ilə keçirilmişdir. O zaman daha təcrübəli olan türklər qalib gəldilər (3,5:1,5), lakin iki ildən sonra növbəti görüşdə boksçularımız inandırıcı qələb çaldılar (5:0).
1930-cu illərdə Azərbaycan boksçuları Sovet İttifaqının ən irəlidə gedən boksçuları sırasına daxil idilər. Respublikanın bir neçə boksçusu ümumittifaq idman təsnifatının tətbiqindən sonra idman ustası adını qazandı. Onlardan L.Kayurov (1936), N.Kitasov (1937-1938) ölkə çempionları A.Ağalarov, İ.Aşumov, A.Nikolayev, A.Barışev, Y.Abdullayev isə ümumittifaq birinciliyində mükafatlar qazanmış, SSRİ-nin yığma komandasına daxil edilmişlər.
1931-ci ildə Azərbaycanın yüngül atletləri Berlin spartakiadasında çıxış etmək üçün Moskvada keçirilən yarışlarda iştirak etdilər. Həmin yarışlarda A.Semyanisti müvəffəqiyət qazanaraq üçüncü yeri tutdu. Azərbaycanın yüngül atletləri 1934-cü ildə Bakıda keçirilən Zaqafqaziya yüngül atletika yarışlarında da böyük nailiyyətlər əldə etdilər. 35 Zaqafqaziya rekordundan 18-i Azərbaycan yüngül atletlərinin payına düşdü. 1934-cü ildə Azərbaycanın yüngül atletləri müxtəlif məsafələrə qaçışda dörd ümumittifaq rekordu vurdular.
İkinci dünya müharibəsinin başlanması Azərbaycan idmançılarının böyük əksəriyyətinin cəbhəyə yola düşməsinə səbəb oldu. Nəticədə 1941-1945-ci illərdə Azərbaycanda idmanın inkişafına diqqət bir qədər azaldı. Buna baxmayaraq, idman bölmələri, arxa cəbhədə olan idman mütəxəssisləri öz işlərini davam etdirirdilər. Həmin illərdə Azərbaycan ağır atleti Əhməd Məmmədoğlu qeyri-adi idman fədakarlığı göstərdi. O, 1942-ci ildə müharibədə qanqrena nəticəsində hər iki ayağınnın pəncələrini itirməsinə baxmayaraq, ağır atletika ilə məşğul olmağa davam etdi və 1943-cü ildə SSRİ çempionatında ikinci yeri tutdu. 1944-cü ildə ağır atletika üzrə keçirilən SSRİ çempionatında Əhməd Məmmədoğlu qalib gəldi. Bir il sonra o, SSRİ rekordunu, 1946-cı ildə isə dünya rekordunu təzələdi.
Azərbaycan yüngül atletika məktəbinin yetişdirməsi Q.Qaneker müharibə dövründə üç il dalbadal -1943, 1944, 1945-ci illərdə qadınlar arasında hündürlüyə tullanmaq üzrə SSRİ birinciliyində çempion olmuşdur.
Müharibədən sonra Azərbaycanda idman yenidən sürətlə inkişaf etməyə başladı. Ölkə idmançıları ustalıqlarını sürətlə artırmağa nail ola bildilər. 1948-ci ildə güləşçi Rəşid Məmmədbəyov SSRİ çempionatında ikinci, Musa Babayev isə Həmkarlar İttifaqlarının Ümumittifaq birinciliyində birinci yeri tutdular. Bir il sonra isə güləşçimiz İbrahimpaşa Dadaşov SSRİ çempionu adını qazandı.
Müharibədən sonra keçirilmiş tələbələrin ikinci Ümumdünya Oyunlarında Musa Babayev birinci oldu. Uzununa tullanan Xandadaş Mədətov isə mükafata layiq yer tutdu. Dünyanın güclü tələbə idmançıları arasında sərbəst üsulla güləşənlər M.Dadaşov, disk atan Y.Arzumanova, üzgüçü N.Mantsev boksçu V.Qolubenko, sprinter Y.Konovalov da uğurla çıxış etdilər. Bakının yüngül atletləri İ.Papkov, S.Nenaşev, X.Mədətov, atıcı A.Udaçin ölkə və dünya rekordlarını qazandılar. Bu idmançıların çoxu 1952-ci il Olimpiya Oyunlarının iştirakçısı oldular.
Azərbaycan idmançıları 1951-ci ildə daha çox medala layiq görüldülər. Tələbələrin Berlində keçirilən III Ümumdünya Oyunlarında güləşçilər Musa Babayev, voleybolçu Vladlen Busalayev, çəkicatan Nikolay Şorin SSRİ-nin yığma komandasının tərkibində qızıl medallara layiq görüldülər.
Müharibədən sonrakı illərdə idmanın inkişafının canlan dırılmasında respublikada olan idman təhsil ocaqlarının da xidməti çox oldu. Hələ 1930-cu ildə Bakıda Zaqafqaziya üçün bədən tərbiyəsi üzrə mütəxəssislər hazırlayan Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutu açılmışdı. Həmin institut 1936-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna çevrildi. 1933-cü ildə İnstitutun yanında Bədən Tərbiyəsi Texnikumu açıldı. Həmin texnikum 1936-cı ildə respublikanın başqa şəhəri olan Şəkiyə köçürüldü və Böyük Vətən müharibəsinə qədər orada fəaliyyət göstərdi. Bu təhsil ocaqları müharibədən sonra öz fəaliyyətlərini daha da gücləndirdilər.
Müaribədən sonra idman obyektlərinin tikintisi və bərpası işləri də sürətləndirildi. Vətən müharibəsi illərində tikintisi dayandırılmış respublika stadionunda iş yenidən canlandırıldı.
1951-ci ildə müasir avadanlıqla təchiz olunmuş respublika stadionu istifadəyə verildi. Bu, respublikada idmanın kütləviləşməsinə yeni təkan verdi.
1951-ci ildə SSRİ-nin Milli Olimpiya Komitəsi yaradıldı və komitə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındı. Sovet İttifaqının komandasına Olimpiya Oyunlarında iştirak etməyə icazə verildi. 1952-ci ildə Helsinki Oyunlarında iştirak edən sovet yığma olimpiya komandasının tərkibinə Azərbaycanı təmsil edən beş idmançı daxil idi. Bundan başqa Azərbaycan idman məktəbinin yetişdirmələri olan bir neçə idmançı Rusiyanın təmsilçisi kimi bu komandanın tərkibində Helsinkiyə yola düşdü.
1952-ci ildə Helsinkidə Azərbaycan idmançıları bir gümüş və bir bürünc medal qazandılar. Bunlar ölkənin ilk olimpiya medalları oldu. Bu olimpiadadan başlayaraq Azərbaycan idmançıları təkcə 1984-cü il Los-Ancelos oyunları istisna olmaqla bütün olimpiya oyunlarında iştirak etmişlər.
Sovet İttifaqının Olimpiya Oyunlarına qoşulması ittifaq miqyasında kompleks yarışların yeni bir formasının ardıcıl təşkil edilib keçirilməsinə səbəb oldu. 1956-cı ildə SSRİ xalqlarının birinci spartakiadası keçirildi. Spartakiadada o zaman Sovet İttifaqının tərkibinə daxil olan on beş müttəfiq respublikanın idmançıları olimpiya növləri üzrə yarışlarda qələbə uğrunda mübarizə aparırdılar. Spartakiada yarışlarını on beş respublika arasında keçirilən kiçik olimpiya oyunlarına bənzətmək olardı. İlk spartakidada Azərbaycandan 372 idmançı 20 idman növündə gücünü sınadı.Ümumkomanda zaçotunda Azərbaycan 10-cü yeri tutdu. Azərbaycan vaterpolçuları üçüncü, suyatullanma və sərbəst güləşdə isə komandalarımız 6-cı yeri tutdular. Spartakiadada yüngül atletlərimiz çəkic tullamada, üç təkanla uzununa tullanmada, 100m məsafəyə qaçışda, 4X100m məsafəyə estafetdə medallar qazandılar. Stend atıcılığında idmançılarımız medalla vətənə döndülər. Bundan sonra keçirilən bütün spartakiadalarda Azərbaycan komandası fəal iştirak etmiş və bir çox idman növləri üzrə medallar qazanmışdır.