Azərbaycan idmanın müxtəlif növlərinin inkişafı

Azərbaycanın idman tarixini xronoloji ardıcıllıqla izləmək, Sovet İttifaqı miqyasında qazanılmış qələbələrini araşdırmaq özü elmi-tədqiqat mövzusudur. Qeyd etmək lazımdır ki, Azərbaycan alimləri idmanımızın bu nailiyyətləri haqqında müəyyən tədqiqatlar aparmışlar. Azərbaycan idmanın inkişaf tarixindən daha əhəmiyyətli olan məsələlərini, ayrı-ayrı idman növləri üzrə əsas göstəriciləri və nailiyyətləri qısa şərhlə ümumiləşdirmək məqsədəuyğundur. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, əllinci illərdən başlayaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafında böyük bir canlanma getmişdir. Bu proses altımışıncı illərin ikinci yarısında və yetmişinci illərdə daha da genişlənmişdir. Azərbaycan güləşi daim özünün tarixi ənənəsini qoruyub saxlamışdır. Ölkə pəhləvanları güləşmənin bütün növlərinə ölkə, Avropa, dünya birinciliklərində, Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda çıxış etmiş, öz ustalıqları ilə idman həvəskarlarının rəğbətini qazanmışlar. 50-ci illərdən başlayaraq Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşov qardaşları, Rəşid Məmmədbəyov, Aydın İbrahimov, Rafiq Hacıyev, Telman Paşayev, Viktor Avdışev, Arif Niftullayev, Məhəddin Allahverdiyev, Xəzər İsayev, kimi məşhur pəhləvanlarımız Avropa, Asiya və Amerikanın bir çox ölkələrində iri beynəlxalq yarışlarda SSRİ-nin seçmə kollektivləri heyətində ölkəmizin idman şərəfini layiqincə qorumuşlar.

Azərbaycan güləşçilərindən Namiq Abdullayev, Natiq Eyvazov, Nazim Əlicanov, Elman Rüstəmov, Arif Abdullayev, Azad Əliyev, İlham Abbasov, Davud Məhəmmədov, müstəqillik illərində Avropa çempionatlarında uğurla çıxış etmişlər. Namiq Abdullayev 1995, ildə, Məhəmməd İbrahimov 1995 və 1996-cı illərdə, Nazim Əlicanov 2002-ci ildə sərbəst güləş üzrə yarışlarda, Natiq Eyvazov isə 1993-cü ildə yunan-Roma güləşində Avropa çempionu adını qazanmışdır. Güləşçilərimiz bundan başqa dünya və Avropa çempionatlarının gümüş və bürünc medallarına, müxtəlif beynəlxalq turnirlərin birinci mükafatına sahib olmuşlar. Dünyanın ən mötəbər idman yarışı olan Olimpiya Oyunlarına Azərbaycandan ən çox lisenziyanı güləşçilər qazanmışlar. Atlantada 8, Sidneydə isə 9 Azərbaycan güləşçisi Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. İki olimpiadada əldə olunmuş dörd medaldan ikisini - bir qızıl və bir gümüş medalı güləşçi Namiq Abdullayev qazanmışdır.

Əllinci illərdə Sovet İttifaqı miqyasında Azərbaycan yüngül atletika məktəbi uğurları ilə seçilmişdir. Ölkədə yüngül atletikanın müxtəlif məsafələrə qaçış növlərində, hündürlüyə tullanma, beşnövçülük, çəkic tullama, üç təkannla uzununa tullanma yarışlarında ittifaq və dünya miqyasında böyük idman nailiyyətləri əldə etmişlər. Yüngül atletlərimiz Sovet İttifaqı, Avropa və dünya rekordları vurmuşlar. Azərbaycanda yüngül atletikanın inkişafında məşqçi Əfqan Səfərovun böyük xidmətləri olmuşdur. Yüngül atletika məktəbimizin tanınmış idmançıları sırasında Xandadaş Mədətov, Yuri Konvalov, Aleksandr Kornelyük, Qalina Qaneker, Ziba Ələsgərova, Nina Brıntseva kimi atletlərin adlarını çəkmək olar.

Azərbaycanda qılıncoynatma idmanı da populyar olmuşdur. Qılıncoynadalarımız Sovet İttifaqı miqyasında keçirilən yarışlarda uğurlar qazanmışlar. Azərbaycan qılıncoynadanları Sovet İttifaqının yığma komandasının tərkibində dünya və Avropa çempionatlarında iştirak etmişlər. Qılıncoynadan Samir İbrahimov, İlqar Məmmədov və Boris Koretski dünya və Avropa çempionu olmuşlar. 1988-ci ildə Seul olimpiadasında SSRİ yığma komandasının tərkibində iki Azərbaycan qılıncoynadanı da çıxış etmişdir. İlqar Məmmədov və Boris Koretski Seulda olimpiya çempionu adını qazanmışlar. Sonralar İlqar Məmmədov ikinci dəfə olimpiya çempionu adını almışdır. Hazırda Azərbaycan qılıncoynatma məktəbinin nümayəndəsi Yelena Jemayeva 1999-cu ildən başladığı uğurlu çıxışlarını davam etdirməkdədir. O, dəfələrlə dünya və Avropa çempionatlarının, müxtəlif beynəlxalq yarışların qalibi olmuşdur.

Ölkədə tennis idmanı da özünəməxsus inkişaf yolu keçmişdir. Azərbaycan tennisçiləri Sergey Lixaçev, Yelena Biryukova, Ramiz Əhmərov SSRİ birinciliklərində, Avropa çempionatlarında, müxtəlif beynəlxalq yarışlarda ayrı-ayrı illərdə tək və qarışıq qoşa yarışlarda mükafatçılar sırasında olmuşlar.

Su idmanı növlərində də idmançılarımızın nailiyyətləri olmuşdur. Azərbaycan suyatullanma idmanı ilə məşğul olanları Avropa və dünya çempionatlarında, müxtəlif Olimpiya Oyunlarında respublikamızı təmsil etmişlər.

Azərbaycan atıcılıq məktəbi də yetirməli ilə şöhrət qazanmışdır. Azərbaycan atıcısı Albert Udaçin SSRİ yığma komandasının heyətində dünya çempionu olmuş, SSRİ yığmasının tərkibində Olimpiya Oyunlarında Ukraynanın təmsilçisi kimi çıxış etmişdir. Azərbaycan atıcılıq idmanını Olimpiya Oyunlarında sonralar Sergey Timoxin, İradə Haşımova və Zemfira Meftahəddinova təmsil etmişlər. Zemfira Sidney Oyunlarında olimpiya çempionu adını qazanmışdır.

Bakı şəhərinin dəniz kənarında yerləşməsi respublikada avarçəkmənin və yelkən idmanının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır. Avarçəkənlərimiz SSRİ birinciliklərində və ümumittifaq spartakiadalarda müvəffəqiyyətlə çıxış edirdilər. 70-ci illərdə Azərbaycanın Mingəçevir şəhərində beynəlxalq akademik avarçəkmə bazasının tikilməsi idmanın bu növünün respublikamızda sürətli inkişafına yeni təkan verdi. Artıq 1980- ci ildə Olimpiya Oyunlarında SSRİ yığma komandasının tərkibində Azərbaycan avarçəkənləri də çıxış etdilər. 1988-ci il Seul Oyunlarında iştirak etmiş Azərbaycan idmançılarından 11-i akademik avarçəkmə idmanı nümayəndələri idi. Onlar Olimpiya Oyunlarının gümüş və bürünc medallarını qazanmışlar. Müstəqillik illərində ölkədə akademik avarçəkmə idmanı geriləmişdir. Hazırda bu idman növünün inkişaf etdirilməsi istiqamətində tədbirlər görülür.

Azərbaycanda idmanın komanda növlərində böyük uğurlar olmuşdur. Qeyd edildiyi kimi Azərbaycanda futbol ötən əsrin əvvəllərində təşəkkül tapmışdır. 2001-ci ildə Azərbaycan futbolunun 90 yaşı qeyd olunmuşdur.

Azərbaycan futbolunun tarixinə 1966-cı il qızıl hərflərlə yazılmışdır. Bakının "Neftçi" komandası həmin il SSRİ çempionatında 3-cü yeri tutaraq bürünc medalları qazanmışdır. 1966-cı ildə Bakı komandasının 2 oyunçusu SSRİ yığmasının heyətində İngiltərədə keçirilən dünya çempionatında iştirak etmişdir. Onlardan biri - unudulmaz Anatoli Banişevski həmin mötəbər turnirdə qol vurmuşdur. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, sovet komandası birinci dəfə həmin dünya çempionatının bürünc medallarını (4-cü yer) qazanmışdır. Azərbaycanlı hakim, məşhur Tofiq Bəhramov 1966-cı ildəki dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final matçına hakimlik etmişdir. Bu oyunda mübahisəli sayılan qol vəziyyətini düzgün qiymətlənirib mərkəz hakiminin səhv buraxmağa mane olan hakim də məhz o, olmuşdur.

1966 və bundan sonrakı illərdə Azərbaycanın futbol komandası SSRİ-nin və dünyanın güclü futbol kulubları sayılan "Dinamo" Kiyev, "Spartak" Moskva, "Dinamo" Tbilisi komandaları üzərində qələbələr qazanmış, onlarla bir səviyyədə oynaya bilmişdir.

1968-ci ildə Azərbaycanın iki komandası SSRİ-nin yüksək liqasında yarışmışdır.

SSRİ-nin birinci yığmasında "Neftçi"nin 8 oyunçusu çıxış etmişdir. Onlar bu komandanın tərkibində üst-üstə 76 matç keçirib və 26 qol vurublar.

Azərbaycan futbolçusu Valeri Pançik SSRİ-nin Olimpiya komandasına kapitanlıq edib. İqor Ponomaryov 1988-ci ildə Seul Olimpiadasının qızıl medalını qazanıb.

Ötən 90 ildə Azərbaycanda Ələkbər Məmmədov, Anatoli Banişevski, Yuri Kuznetsov, Kazbek Tuayev, Sergey Kramarenko kimi məşhur futbolçular, Əhməd Ələsgərov kimi məşqçi, Tofiq Bəhramov və Eldar Əzimzadə kimi tanınmış hakimlər yetişmişdir.

Ələkbər Məmmədov dörd dəfə SSRİ çempionluğunu qazanan, SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi adını alan yeganə Azərbaycan futbolçusudur. Onun ən böyük şücaəti 1955-ci ildə İtaliyada bir matçda yerli çempion "Milan"ın qapısına 4 qol vurması olmuşdur.

Anatoli Banişevski SSRİ çempionatlarında 136 qolun müəllifi olmuşdur. SSRİ yığmasının 1966-cı il dünya çempionatının bürünc mükafatçısı və 1972-də Avropanın gümüş müekafatçısı olmasında Banişevskinin əməyi xüsusilə böyükdür.

Azərbaycandan olan Eldar Əzimzadə 1980-cı il Olimpiya Oyunlarında futbol turnirinin final oyununu idarə edib.

Əsrin son on ili Azərbaycan milli komandasının yaradılması, klublarımızın Avropa kuboklarında debütü ilə əlamətdar olmuşdur. Doğrudur futbolumuz müstəqillik illərində böyük uğurlar qazanmamışdar. Hazırda Azərbaycan futbolu durğunluq dövrünü yaşayır.

Futbolla müqaisədə Azərbaycan voleybolunun uğurları böyükdür və bu ənənənin qorunması bu gün də davam etdirilir.

Voleybolun vətəni uzaq Amerika sayılsa da, bu populyar oyun 60 ildən çoxdur ki, ölkəmizdə kök salıb və ildən-ilə özünə daha çox tərəfdar toplamaqdadır. Otuzuncu illərdə voleybolumuz keçmiş ittifaq miqyasında tanınırdı. O vaxt idmanımızın şərəfini qoruyanlar arasında voleybolçular Böyükkişi Muradov və İvan Dyaçkov da vardı. İvan Dyaçkov 1946-1947-ci illərdə Azərbaycan voleybolunun inkişafında böyük rol oynamışdı. Məhz onun məşqçiliyi ilə kişilərdən ibarət Azərbaycan yığması əllinci illərdə qələbələr qazanmışdır. Əllinci illərdə ölkədə voleybola maraq son dərəcə artmış, Azərbaycanda çox güclü voleybolçular yetişmişdi. Onlar Sovet İttifaqının yığma komandasının tərkibinə cəlb edilir, Avropa və dünya birinciliklərində iştirak edirdilər. 1956-cı ildə voleybol üzrə Parisdə keçirilən dünya birinciliyində üçüncü yeri tutmuş SSRİ-nin yığma komandasının heyətində Azərbaycan idmançısı da çıxış etmişdir. Bundan iki il sonra voleybolçumuz Oktay Ağayev Avropa birinciliyinin də bürünc mükafatçısı olmuşdur.

1957-ci ildə SSRİ kuboku yarışında 16 müttəfiq respublikanın (on altıncı Koreliya idi), habelə Moskva və Leninqradın (Sankt-Peterburq) yığma komandaları mübarizə aparıblar. Finalda Azərbaycan və tərkibinə SSRİ yığmasının yeddi oyunçusu daxil olan Moskva voleybolçuları qarşılaşıblar. Oyunçularımız gərgin keçən görüşdə moskvalıları 3:2 hesabı ilə məğlub edib kuboka sahib olmuşlar. Azərbaycanyığma komandasının məşqçisi İvan Dyaçkov uzun müddət Kubada məşqçilik edib. Kubada voleybolun inkişaf etməsində onun əməyi böyükdür.

Azərbaycanda qadınlar arasında voleybolun inkişafında məşqçi Şamil Şamxalovun böyük əməyi olmuşdur. 1956-cı ildə Şamxalovun altı nəfər yetirməsi gənclər arasında SSRİ çempionu olub. Üç il sonra Şamil müəllim oğlan və qızlardan ibarət voleybol komandalarını Moskvaya, məktəblilərin ümumittifaq spartakiadasına aparıb. Hər iki komandamız vətənə çempion kimi dönüb. 1962-ci ildə həmyerlimiz 18 yaşlı İnna Rıskal SSRİ yığma komandasının tərkibində dünya çempionatında oynayıb. Qızlar yalnız yapon voleybolçularına uduzaraq ikinci yeri tutublar. SSRİ yığmasının aparıcı oyunçusuna çevrilən İnna dörd dəfə Olimpiya Oyunlarında iştirak edib, iki dəfə qızıl, iki dəfə isə gümüş medala layiq görülüb. Başqa bir Azərbaycan voleybolçusu Vera Lantratova isə Olimpiya çempionu titulunu 1972-ci ildə qazanıb. Vera Lantratova və İnna Rıskal SSRİ yığma komandasının tərkibində dünya və Avropa birinciliklərində dəfələrlə iştirak etmiş, bu yarışların mükafatçıları olmuşlar. İnna Rıskal əsrin ən güclü üç qadın voleybolçusu sırasına daxil edilmişdir.

60-cı illərin əvvəllərində qadınlar arasında SSRİ birinciliyində Azərbaycanın iki komandası - "Neftçi" və "Məhsul" iştirak edib. Azərbaycan idmanının yüksəliş ilində - 1966-cı ildə voleybolçu qızlarımız SSRİ çempionatında futbolçularımızla eyni nəticə göstərərək bürünc medal qazanıblar.

1986-cı ildə Faiq Qarayev baş məşqçi olandan sonra Azərbaycan qadın voleybolu yenidən yüksəliş yoluna qədəm qoyub. Bu komanda bir ildən sonra yüksək liqada oynamaq hüququ qazanıb. 1989-cu ildə yüksək liqada 9-cu, 90-cı ildə fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc mükafata layiq görülüb. Bakılı qızlar 91-ci ildə sonuncu SSRİ kubokunun sahibi olublar.

1992-1993-cü ildə artıq qadınlardan ibarət komanda müstəqil milli komanda kimi Avropanın Top-komanda kuboku yarışlarına qatılıb və ikinci yerə çıxıb. Azərbaycan komandası 1993-cü ildə Bolqarıstanda dünya çempionatının seçmə oyunlarında birinci olub, 1994-cü ildə Rumıniyada "Bahar" Kubokuna yiyələnib və elə həmin il dünya çempionatında 9-cu yeri tutaraq planetin 10 ən güclü qadın komandası sırasına düşüb.

Azərbaycan voleybolu tarixindən danışarkən bir nəfərin də adını mütləq çəkmək lazımdır. Beynəlxalq dərəcəli Azərbaycanlı hakim Ramiz Səmədov voleybol üzrə dünya çempionatında və Olimpiya Oyunlarının voleybol yarışlarında hakimlik etmişdir.

Milli Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycanda qadın voleybolunun yenidən inkişaf etdirilməsi istiqamətində son illərdə əsaslı addımlar atılmağa başlandı.

Respublikada qadınlar və kişilər arasında həndbol idmanı ilə məşğul olanların sayı durmadan artmışdır. Bu növdə Azərbaycanın qadın həndbolçuları böyük uğurlar qazanmışlar. Altımışıncı illərin ikinci yarısında daha çox inkişaf edən həndbol 70-ci illərdə öz çiçəklənmə dövrünü yaşamışdır. Bu illərdə bakılılar SSRİ çempionatında yeddi dəfə gümüş bir dəfə bürünc medal qazanmışlar. Azərbaycanın "Avtomobilçi" komandası 1977-ci ildə Avropa kuboku uğrunda yarışlarda uğurla çıxış edərək finala çıxa bilmişdir. Respublika həndbolçuları SSRİ yığma komandasının tərkibində hələ altımışıncı illərdən başlayaraq cəlb olunur, dünya və Avropa çempionatlarında iştirak edirdilər. Azərbaycan həndbolçularından üçü Rəfiqə Şabanova, Lüdmila Şubina və Yelena Quseva SSRİ-nin yığma olimpiya komandasının tərkibində çıxış edərək olimpiya çempionu adını qazanmışlar. Son illər Azərbaycan həndbolunun yeni dirçəliş dövrü başlanmışdır.

Komanda idman növlərindən vaterpol, basketbol, otüstü xokkey növləri də respublikamızda populyar olmuş, Sovet İttifaqı miqyasında bu növləri təmsil edən komandalarımız mükafata layiq yerləri tutmuşlar. Azərbaycan vaterpolçuları və otüstü xokkeyçiləri SSRİ yığma komandasının tərkibində Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında iştirak edərək meddallar qazanmışlar.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi Azərbaycan zəngin idman ənənələrinə malik olan bir dövlətdir. Bu ənənələrin min illik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır Bu gün Azərbaycan idmanı özünün ən uca zirvələrinin fəthinə doğru gedir. Sidney Olimpiya Oyunları bir daha sübut etdi ki, Azərbaycan idmançıları ən yüksək zirvələrə çıxmağa qadirdirlər.