1996 Atlanta   

1996-cı ildə keçirilən Atlanta (ABŞ) Olimpiyadasına Azərbaycan artıq suveren ölkə kimi qatıldı. Atlanta Oyunlarının lisenziya yarışlarında idmançılarımızın çıxışlarını uğurlu hesab etmək olar. Onlar idmanın on növündə 23 lisenziya qazana bildilər. Bu lisenziyalar sərbəst güləş (6), Yunan-Roma güləşi (2), cüdo (2), boks (2), ağır atletika (2), qılıncoynatma (1), yüngül atletika (4), üzgüçülük (1), suyatullanma (1), atıcılıq (2) növlərindən əldə olunmuşdu. 1996-cı il iyunun 29-da Respublika prezidenti Heydər Əliyev XXVI Yay Olimpiya Oyunlarında iştirak edəcək idman nümayəndə heyəti ilə görüş keçirdi. Bu görüşdən sonra idmançılar Atlantaya yola salındılar. 197 ölkənin iştirak etdiyi bu oyunlarda medal alan 79 ölkə arasında Azərbaycan 61-ci yeri tuta bildi. Azərbaycan idmançıları 1952-ci ildə ilk Olimpiya medalını sərbəst güləş yarışlarında qazanmışdı. Bu ənənə müstəqil Azərbaycan dövlətinin ilk dəfə iştirak etdiyi Atlanta Oyunlarında da təkrarlandı. Sərbəst üsulla güləşən Namiq Abdullayev əsl fədəkarlıq, vətənpərvərlik və yüksək idman ustalığı nümayiş etdirdi. O, öz çəki dərəcəsində uğurlu çıxış edərək Olimpiya Oyunlarından doğma Azərbaycanına gümüş medalla qayıtdı.

Azərbaycan olimpiyaçıları Atlantada