1998 Nagano   

Azərbaycanda yalnız Yay Olimpiya Oyunlarına deyil, həm də qış Olimpiya Oyunlarında təmsil olunmağa diqqət yetirilir. Ölkə ilk dəfə olaraq 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilmiş XVIII Qış Olimpiya Oyunlarında iştirak etdi. Hüseyn Əliyevin rəhbərlik etdiyi Qış İdman növləri Federasiyasının idmançıları Naqano Oyunlarına 5 lisenziya qazana bildilər. XVIII Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürmə üzrə qoşa və tək yarışlarda və dağ xizəyi idman növündə təmsil olundu. Tək yarışlarda kişilər arasında İqor Paşkeviç, qadınlar arasında Yuliya Vorobyova, qoşa yarışlarda Aleksandr Anişenko və İnqa Rodionova cütlüyü çıxış etdi. Azərbaycan idmançısı Elbrus İsakov xəstələndiyinə görə Slalom yarışlarında mübarizəyə qoşulmadı. İdmançılarımız yarışlarda yüksək nəticələr göstərə bilməsələr də, təbiətinə görə isti ölkə sayılan Azərbaycanın Qış Olimpiya Oyunlarına qoşulması tarixi və əlamətdar hadisə oldu.

Azərbaycan bayrağı ilk dəfə Qış Olimpiya Oyunlarında dalğalandı