1992-ci ildə Azərbaycanın idman və Olimpiya Hərəkatı tarixinə parlaq bir səhifə yazıldı. Ölkənin Milli Olimpiya Komitəsi yaradıldı. İndi bu dövrdən on il keçir. 2001-ci ilin 12 dekabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Sərəncam verdi. Şübhəsiz ki, bu yubiley təntənəsi Olimpiya tariximizin yeni bir səhifəsi olacaqdır. Dövlət rəhbərinin onillik yubileyin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamda deyilir: "Milli Olimpiya Komitəsi Azərbaycanda Olimpiya Hərəkatının daha da genişlənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançılarımızın hazırlıq səviyyəsinin yüksəldilməsi üçün onların beynəlxalq yarışlarda iştirakının təmin olunması yolunda səmərəli fəaliyyət göstərir. Xüsusilə qeyd edilməlidir ki, Milli Olimpiya Komitəsi bu mühüm vəzifələrin həyata keçirilməsi üçün ölkənin müxtəlif dövlət və ictimai qrumları ilə, habelə dünyanın ayrı-ayrı olimpiya və idman təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri yarada bilmişdir.
Milli Olimpiya Komitəsinin bu təqdirəlayiq fəaliyyəti ümid verir ki, Azərbaycan xalqı idmançılarımızdan 2004-cü il Afina Olimpiadasında daha böyük qələbələr gözləsin, müstəqil Azərbaycanımızın üçrəngli bayrağı, himnimizin sədaları qədim yunan torpağında daha tez-tez göylərə qalxsın." Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinə verilən bu yüksək qiymət, 2004-cü ildə Afina Oyunlarında da daha parlaq qələbələrin əldə olunacağına qəti inam Olimpiya Komitəsi qarşısında yeni vəzifələr qoymaqla yanaşı, onun növbəti 10 illik fəaliyyətinə yeni ruh, yeni stimul verir. Bununla belə gələcək uğurlar keçmişin təcrübəsinə, görülən işlərin düzgün təhlilinə və düzgün çıxarılan nəticələrinə əsaslanır.
Bu səbəbdən də həmin dövrdə, yəni ötən on ildə Olimpiya Hərəkatımızın tarixə çevrilmiş səhifələrini bir daha varaqlamaq, nəzərdən keçirmək oxucularımız üçün də maraqlı olar.
Azərbaycanın müstəqilliyini bərpası suveren ölkənin beynəlxalq aləmlə inteqrasiyasına, planetimizdə baş verən qlobal hadisələrə münasibət bildirməsinə, beynəlxalq təşkilatlarda təmsil olunmasına, həmin təşkilatların keçirdiyi mötəbər tədbirlərdə iştirakına real hüquqi əsaslar verdi. Azərbaycan bütün sahələrdə, o cümlədən də idmanda beynəlxalq arenaya çıxmağa imkan qazandı. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda öz ölkələrinin bayrağı altında çıxış etməyə başladılar. Planetin ən mötəbər, bütün dünyanın diqqətini özünə cəlb edən idman tədbiri isə, heç şübhə yox ki, Olimpiya Oyunlarıdır. Azərbaycanın bu oyunlarda təmsil olunması vacib məsələlərdən biri idi. Doğrudur Azərbaycan idmançıları Olimpiya Oyunlarında hələ 1952-ci ildə iştirak etmişlər. Lakin onlar Olimpiya Oyunlarında iştirakları zamanı Azərbaycanı deyil, başqa bir dövləti, Sovetlər İttifaqını təmsil etmiş, SSRİ-nin bayrağı altında çıxış etmişdilər. İdmançılarımız Olimpiya Oyunlarında medallar qazanmış, yüksək nəticələr göstərmişdilər. Azərbaycan idmanının bu nailiyyətləri, demək olar ki, ancaq respublika idman ictimaiyyətinə məlum həqiqətlər idi.