AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİ YARADILDI

1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Azərbaycan həmin il Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da müstəqil dövlət kimi təmsil oluna bilmədi. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınadək lisenziya yarışları artıq başa çatmışdı. Bu, dəfə ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində olimpiya Oyunlarında iştirak etməli oldular. Bununla belə, Barselona Oyunları Olimpiya tariximizin yeni bir səhifəsi oldu. Bu Oyunlarda Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi. Barselona Oyunlarından sonra Olimpiya Komitəsi öz fəaliyyətini genişləndirməli, beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmalı idi. Məlumdur ki, Olimpiya Hərəkatı yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşmır. Ölkədə Olimpiya Hərəkatı ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi tələb olunurdu.

1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəldilər. Azərbaycan prezidenti Heydər Əliyev onları qəbul etdi. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Ümumiyyətlə, 1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Azərbaycan prezidenti Heydər Əliyevin böyük əməyi oldu. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.

Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş işlər, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

Azərbaycan Milli Olimpiya Komitəsinin ötən onillik fəaliyyətini nəzərdən keçirdikdə onu zamanca bərabər, lakin görülmüş işin həcmi və sanbalına görə bir-birindən kəskin fərqlənən iki beşilliyə bölmək mümkündür. Görülmüş işlərin xronologiyası da bunu əyani sübut edir. Birinci dövrdə Olimpiya Hərəkatı öyrənilməmiş, onun beynəlxalq miqyasdakı rolu dəyərləndirilməmiş, heç bir təşəbbüskarlıq göstərilməmişdi. Fəaliyyət yalnız Beynəlxalq və qitə Olimpiya Komitələrinin bəzi tədbirlərində iştirakla məhdudlaşdırılmışdı. Nəinki ölkədən kənarda, hətta respublikada Azərbaycan Milli Olimpiya Komitəsinin varlığı hiss olunmurdu.