BEYNƏLXALQ OLİMPİYA QAÇIŞ GÜNÜ

Məlumdur ki, Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında hər il bütün dünyada Beynəlxalq Olimpiya Qaçış günü tədbiri keçirilir. Milli Olimpiya Komitəsi bu tədbirdə də fəal iştirak edir. İlk dövrlərdə təkcə bölkənin paytaxtı Bakıda təşkil olunan qaçış günü hazırda daha geniş miqyasda keçirilir. Son iki ildə Beynəlxalq Qaçış günü Respublikanın Gəncə şəhərində də qeyd olunmuşdur. Bu ənənə davam edir. Milli Olimpiya Komitəsi gələcəkdə qaçış gününün coğrafiyasını daha da genişləndirmək niyyətindədir.

Ötən on ildə Olimpiya Komitəsində Olimpiya Hərəkatının, olimpizmin öyrənilməsinə də xüsusi diqqət yetirilmişdir. 1997-ci ildə MOK İcraiyyə Komitəsinin Milli Olimpiya Akademiyasının yaradılması haqqında qəbul etdiyi qərar 1998-ci ilin aprelində gerçəkləşdirildi və Respublika Milli Olimpiya Akademiyası yaradıldı. Akademiya Olimpiya tarixinə, olimpizmə həsr olunmuş ümumrespublika konfransları keçirmişdir. Konfranslarda təkcə Azərbaycandan deyil, Moskva və Gürcüstandan alimlər iştirak etmişlər. Milli Olimpiya Akademiyasının son təbiri Azərbaycan Olimpiya Komitəsinin onillik yubileyi ilə bağlı elmi-praktik konfrans olmuşdur. Bu konfransda Azərbaycan Olimpiya tarixi, Milli Olimpiya Komitəsinin fəaliyyəti haqqında məruzələr dinlənilmişdir.

Olimpiya Komitəsində informasiya və nəşriyyat işləri təşkil olunmuşdur. Azərbaycanın Milli Olimpiya Komitəsinin "Olimpiya" curnalının ilk nömrəsi 1998-ci ilin may ayında nəşr olunmuşdur. Azərbaycan və ingilis dillərində çapdan çıxan bu curnal Beynəlxalq Olimpiya Komitəsinə, müxtəlif ölkələrin Milli Olimpiya Komitələrinə, beynəlxalq federasiyalara və idman təşkilatlarına göndərilir. Hazırda curnal dünyanın üç yüzdən yuxarı idarə və təşkilatına göndərilir.

1999-cu ildən başlayaraq Milli Olimpiya Komitəsi özünün aylıq bülletenini nəşr etməyə başlamışdır.

2000-ci ildə Milli Olimpiya Komitəsi "Azərbaycan XXVII Olimpiya Oyunlarında" kitabını çap etdirmişdir. Sidney Oyunları ərəfəsində buraxılmış bu kitabda respublika Olimpiya Hərəkatının tarixi haqqında yığcam material verilmişdir. Kitab Sidneydə müxtəlif ölkələrin nümayəndələrinə, curnalistlərə, idmançılara, olimpiya mütəxəssislərinə paylanmışdır.

Milli Olimpiya Komitəsinin fəaliyyət dairəsinin genişlənməsi, ölkədə Olimpiya Hərəkatına, idmana marağın son dərəcə genişlənməsi əlavə operativ informasiyanın verilməsini zəruriləşdirmişdi. Bunun nəzərə alaraq Milli Olimpiya Komitəsi özünün yeni mətbuat orqanını təsis etdi. 2001-ci ilin noyabr ayından başlayaraq Milli Olimpiya Komitəsinin səkkiz səhifəlik həftəlik "Olimpiya dünyası" qəzeti çapdan çıxmağa başladı. Qəzetin səhifələrində Azərbaycan Olimpiya Hərəkatı və idmanı ilə bağlı operativ məlumatlarla yanaşı, Beynəlxalq Olimpiya Hərəkatında baş verən yeniliklər, dünya idmanı haqqında maraqlı materiallar dərc olunur. Hazırda bu qəzet respublikanın ən sevimli və maraqlı idman qəzetinə çevrilmişdir.

1998-ci ildən başlayaraq Milli Olimpiya Komitəsi respublikada idman və olimpiya obyektlərinin tikilib istifadəyə verilməsi, bərpası və yenidən qurulması ilə bağlı xeyli iş görmüşdür. Komitə Bakıda tikdirdiyi ilk obyektini 2000-ci ildə idmançıların ixtiyarına vermişdir. 2001-ci ildə isə daha iki obyekt istifadəyə buraxıldı. Bu obyektlərdən biri Milli Olimpiya Komitəsinin yeni inzibati binası, digəri Bakının Maştağa qəsəbəsində tikilmiş idman mərkəzidir.