Milli Olimpiya Komitəsinin tikinti quruculuq işləri bir an belə səngimək bilməmişdir. 2002-ci ilin mayında respublikanın Gəncə və Naxçıvan şəhərlərində yeni idman komplekslərinin tikintisi başa çatdırılmış və artıq onlar da idmançıların istifadəsinə verilmişdir. Milli Olimpiya Komitəsinin prezidenti Baş Məclisdəki məruzəsində demişdir: "Biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün yaxşı şərait yaradılsın. Bu Milli Olimpiya Komitəsinin əsas prinsipidir. Hazırda Azərbaycanın Şəki və Bərdə şəhərlərində yeni idman qurğularının tikintisi başa çatmaq üzrədir. Başqa bölgələrdə isə Milli Olimpiya Komitələsi tikinti işlərini davam etdirir. Tikinti quruculuq işləri ilə bağlı MOK-un fəaliyyətində təqdir olunmalı bir cəhət də istifadədə olan idman qurğularının bərpası və yenidənqurması ilə bağlı işləri əhatə edir. Bakıdakı İdman Sarayı Milli Olimpiya Komitəsi tərəfindən yeni örtük və avadanlıqla təchiz olunduqdan sonra burada beynəlxalq yarışların təşkili və keçirilməsi üçün əlverişli şərait yarandı. Yeniyetmələr arasında boks üzrə Avropa və dünya çempionatı, qadın voleybol komandaları arasında Avropa top-komanda kuboku uğrunda yarışların final mərhələsi, həndbolçuların Avropa miqyaslı beynəlxalq turniri məhz bu sarayda keçirildi.
2002-ci ildə Milli Olimpiya Komitəsinin təşəbbüsü və bilavasitə iştirakı ilə Azərbaycanın ən böyük qapalı idman qurğusu olan idman-konsert kompleksində bərpa və yenidənqurma işləri aparıldı. 2002-ci ilin may ayında bu idman sarayı sərbəst güləş üzrə 45-ci Avropa çempionatının iştirakçılarını qəbul etdi. Möhtəşəm idman sarayı, orada yaradılmış şərait həm qonaqları, həm də tamaşaçıları heyrətə saldı.
Azərbaycan Milli Olimpiya Komitəsi respublikada beynəlxalq yarışların əsas təşkilatçılarından biri olmuşdur. MOK prezidentinin müraciəti ilə 1999-cu ildə boks üzrə yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə Azərbaycanda keçirildi. Bu çempionatın yüksək səviyyədə təşkil olunması və keçirilməsi Beynəlxalq Həvəskar Boks Assosiasiyasının diqqətini cəlb etdi. Yeniyetmələr arasında boks üzrə ilk dünya çempionatının 2001-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul olundu. Milli Olimpiya Komitəsinin dəstək və yardımı, fəal iştirakı ilə bu çempionatda yüksək səviyyədə başa çatdı. 2001-ci ildə Milli Olimpiya Komitəsinin iştirakı daha bir yarış Bodibildinq üzrə Avropa çempionatı Bakıda keçdi. 2002-ci ilin martında qıdın voleybol komandaları arasında Avropa top-komanda kubokunun final mərhələsinə də Bakı ev sahibliyi etdi. Voleybol üzrə final mərhələsi yarışlarının keçirilməsində Milli Olimpiya Komitəsinin böyük rolu oldu. Buna görə Milli Olimpiya Komitəsinin prezidenti Avropa Voleybol Konfederasiyasının xüsusi mükafatı ilə təltif edildi. 2002-ci ilin mayında yaşlılar arasında sərbəst güləş üzrə 45-ci Avropa çempionatına da Bakı ev sahibliyi etdi. Onun da təşkilində Milli Olimpiya Komitəsinin müstəsna rolu oldu. Çempionat dövründə şəhərimizə gəlmiş qonaqlar Bakıda daha böyük miqyaslı yarışların keçirilməsinə hər cür imkanın olduğunu donə-donə qeyd etdilər.
Bakı 2002-ci il may ayının 2-dən- 4-dək keçirilən sərbəst güləş üzrə 45-ci Avropa çempionatının iştirakçılarını yola salmamış, altı ölkənin qadınlardan ibarət həndbol komandalarını qarşıladı. Gürcüstan, Moldova, Yunanıstan, İsrail, Belçika və Azərbaycan həndbolçularının qatıldığı ikinci "Challenge Trophy" ("Çağırış kuboku") Avropa turnirinin startı verildi.
Bu beynəlxalq yarış Avropa Həndbol Federasiyasının (AHF) yığma komandalar arasında təşkil etdiyi iki mühüm turnirdən biridir. Bakıda əsl bayram əhval-ruhiyyəsində keçən bu beynəlxalq yarışda da Azərbaycan həndbolçuları turnirin qalibi oldular. Bu respublikamızda təşkil olunmuş beynəlxalq yarışlardan hələlik sonuncusudur. Heç şübhə yoxdur ki, MOK-un fəaliyyəti sayəsində ölkədə Avropa və dünya miqyaslı belə yarışlar hələ çox olacaqdır.
Azərbaycan Milli Olimpiya Komitəsinin çoxşaxəli fəaliyyəti Bakını dünyanın idman və Olimpiya mərkəzlərindən birinə çevirməkdədir. 2001-ci ildə Avropa Olimpiya Komitəsinin "Texniki əməkdaşlıq" komissiyası növbəti iclaslarından birini Bakıda təşkil etdi. Bu yığıncaqdan az keçməmiş Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsi də Bakıda toplandı. Bu isə beynəlxalq Olimpiya Hərəkatının əni fəal üzvlərindən bir qrupunun şəhərimizdə olması, Azərbaycan Olimpiya Hərəkatı ilə yaxından tanışlığı üçün gözəl zəmin yaratdı. Qonaqlar komitənin fəaliyyətindən məmnun qaldılar, onun gördüyü işləri başqa olimpiya komitələri üçün örnək kimi qiymətləndirdilər.
Hər bir Milli Olimpiya Komitəsində olduğu kimi, Azərbaycan Milli Olimpiya Komitəsinin də fəaliyyətinin əsas qiymətləndirmə meyarı şübhəsiz ki, Olimpiya Oyunlarında iştirak və bu oyunlarda göstərilən nəticələrdir. Ötən dövrdə Azərbaycan Milli Olimpiya Komitəsi respublikanın iki dəfə yay, iki dəfə qış olimpiya Oyunlarında iştirakını təmin etmişdir.
1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. Olimpiya Oyunlarında əsas ona qatılmaqdır prinsipini rəhbər tutan Milli Olimpiya Komitəsi Azərbaycanın adının Qış Olimpiya Oyunları tarixinə yazılmasına nail oldu.
Milli Olimpiya Komitəsinin 1997-ci ildə seçilmiş yeni tərkibi Sidney Oyunlarına hazırlığa xüsusi diqqət yetirə bildi. Nəticədə Sidney Oyunlarında Azərbaycan 31 idmançı ilə təmsil olundu.
Azərbaycan idmançıları Sidneydə iki qızıl, bir bürünc qazandılar.
Azərbaycan komanda hesabında 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu, ölkənin olimpiya hərəkatı tarixindəki ən böyük uğuru oldu.
2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız üç yarışda iştirak etdilər.
MOK-un onillik işi haqqında verilmiş ümumi məlumatdan görünür ki, onun fəaliyyəti çoxplanlı və çoxşaxəli olmuşdur. Bu fəaliyyətin əsas istiqamətləri haqqında, əlbəttə ayrıca və bir qədər geniş məlumat vermək daha düzgün olar və görülmüş başlıca işlər haqqında aydın təsəvvür yarada bilər.