Oktyabrın 13-də Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası olmuşdur.
Baş nazir, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.
Azərbaycanın adlı-sanlı idmançılarının, məşqçilərin, idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açdı.
Sonra gənclər, idman və turizm naziri Əbülfəz Qarayev çıxış etdi.
AZƏRBAYCANIN BAŞ NAZİRİ, MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
- Əziz idmançılar!
Bu gün MOK-un İcraiyyə Komitəsinin növbəti toplantısıdır. Biz bu görüşləri mütəmadi qaydada keçiririk, vəziyyəti müzakirə edirik, idmançılarımızın uğurlarına sevinirik. Eyni zamanda, ilin yekunları haqqında da məlumat veririk. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları medalların sayı ildən-ilə artır. 1997-ci ildən bu günə qədər bütün beynəlxalq yarışlarda - dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında, rəsmi yarışlarda mindən çox medal qazanılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, respublikamız dünyanın aparıcı idman ölkəsinə çevrilir. Bunu nəinki biz deyirik, bütün beynəlxalq idman qurumları nailiyyətlərimizi təsdiqləyirlər.
Beynəlxalq Olimpiya Komitəsi ilə çox işgüzar münasibətlərimiz var. Onların bir neçə tədbiri Azərbaycanda keçirilibdir. Beynəlxalq federasiyalarla əməkdaşlığımız uğurla davam edir.
federasiyaların prezidentlərinin Azərbaycana gəlməsi də bunu təsdiqləyir. Biz bu əlaqələri önəmli hesab edirik və istəyirik ki, dünya idman təşkilatları ilə əməkdaşlığımız daha da genişlənsin.
Azərbaycanda idmanın maddi-texniki bazası yaradılıb və bundan sonra da yaradılacaqdır. Çox sevindirici haldır ki, müvafiq federasiyalar özləri də bu təşəbbüsə qoşulublar. Azərbaycanda son müddət ərzində bir neçə federasiya idman kompleksi yaradıbdır. Görülən bütün bu işlər bir məqsədə qulluq edir. Bu da ondan ibarətdir ki, Azərbaycanda idman inkişaf etsin və idmançılarımız xalqımızı sevindirsinlər, sağlam gənc nəsil yetişsin. Bu sahədə qarşımıza qoyduğumuz bütün məsələləri müvəffəqiyyətlə həyata keçiririk.
Son iki həftə ərzində Azərbaycanın bir neçə bölgəsində yeni olimpiya kompleksləri açılıbdır. Bu müddət ərzində mən Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşam və bəzi görüşlərdə də məndən xahiş edilmişdir ki, bu komplekslərin sayı artsın, digər yerlərdə də tikilsin. Mən də söz verdim ki, biz bu siyasətimizi davam etdirəcəyik.
Beləliklə, elə bir vəzifə yoxdur ki, Milli Olimpiya Komitəsi onu yerinə yetirməsin. Azərbaycanın idman potensialı ildən-ilə güclənir, idman bölmələrinə axın artır və bunun nəticəsində idmançılarımız uğurlar qazanırlar.
Sidney Olimpiadasında idmançılarımızın uğurla çıxış etmələrini xatırlasaq, bu, hesab edirəm ki, o dövr üçün Azərbaycan idmanında baş verən ən mühüm hadisə, idmanda əldə etdiyimiz zirvə idi. Amma o dövrdən sonra atletlərimiz idmanın bir neçə növü üzrə dünya və Avropa çempionatlarından doğma Vətənə qələbə ilə qayıtmışlar. Bu da onu göstərir ki, olimpiya oyunlarından sonra bu işlər davam edir və mən əminəm ki, qarşıdan gələn Afina Olimpiadasında da idmançılarımız müxtəlif növlərdə medallar uğrunda mübarizə aparacaqlar.
Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmək üçün Azərbaycanda bütün tədbirlər görülür. Bildiyiniz kimi, Azərbaycanda üç idman növü üzrə lisenziya turniri keçiriləcəkdir. Bu da beynəlxalq idman qurumları ilə uğurlu münasibətlərimizin təzahürüdür. Əgər bu münasibətlər olmasaydı, əlbəttə ki, bizə bu diqqət göstərilməzdi.
Hesab edirəm ki, bu turnirlərin Azərbaycanda keçirilməsi idmançılarımızın olimpiya oyunlarında çıxış etmək imkanlarını asanlaşdıracaqdır. Olimpiya oyunlarına hazırlıq lisenziyaları, bir növ, olimpiya oyunları keçirilməsi deməkdir. Eyni zamanda, Azərbaycanda gələcəkdə də belə mötəbər yarışların keçirilməsi imkanları daha da genişlənəcəkdir. Gələcəkdə müxtəlif idman növlərində çempionatlar keçiriləcək, beləliklə, Azərbaycanda idman daha geniş vüsət alacaqdır.
Biz idmançılarla tez-tez görüşürük. Demək olar ki, son üç ay ərzində, müəyyən səbəblərə görə, mən idmançılarla görüşə bilməmişəm. Seçki kampaniyası ilə məşğul olmuşam. Əbülfəz müəllimlə söhbət əsnasında maraqlandım ki, bu müddət ərzində idmançılarımızın çıxışları necə olubdur. Düzdür, mən bunu izləyirdim, amma, eyni zamanda. dəqiqləşdirmək istəyirdim. Çox məmnunluq hissi ilə deyə bilərəm ki, bu müddət ərzində 50-dən çox idmançımız rəsmi yarışlarda, yəni Avropa və dünya çempionatlarında medal qazanıbdır.
Bildiyiniz kimi, mən idmançılarla ola bilər ki, ayda iki dəfə, bəzən üç dəfə görüşlər keçirirəm. Hər dəfə müəyyən qrup idmançı ilə, yəni bir idman növü ilə məşğul olan idmançılarla görüşürəm. Amma bu uzun fasiləyə görə, bu gün biz burada Azərbaycanın müxtəlif idman növləri ilə məşğul olan idmançılarla görüşürük. Görün, qısa müddət ərzində, Azərbaycanın bayrağı neçə dəfə qaldırılıb, himni səslənibdir. İdmançılarımız neçə dəfə ölkəmizi ləyaqətlə təmsil ediblər. Bu proses gedir və artıq dönməz xarakter alıbdır. Bunun qarşısını heç kim ala bilməz.
Mən əminəm ki, indi yeniyetmə yaşında çıxış edən idmançılarımız da bir müddətdən sonra bu estafeti davam etdirəcəklər. Hazırda Azərbaycanı təmsil edən idmançılar çıxışlarını dayandırandan sonra onların yeri boş qalmayacaqdır. Çox gözəl nəsil yetişir. Gənclər və yeniyetmələr arasında dünya, Avropa çempionatlarında idmançılarımızın çıxışları da bunu təsdiqləyir. Bir sözlə, Azərbaycan artıq idman ölkəsidir. Bizimlə hesablaşırlar, bizdən çəkinirlər və Azərbaycanın adı gələndə bütün yarışlarda, mən əminəm ki, rəqiblərimiz də idmançılarımıza böyük hörmətlə yanaşırlar. Bu hörməti hamımız birlikdə qazanmışıq. Bizim birgə fəaliyyətimiz bunu mümkün edibdir. Mən, ilk növbədə, idmançılarımızın, onların məşqçilərinin, idman mütəxəssislərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki bu yükün böyük hissəsi, ilk növbədə, onların üzərinə düşür.
Üzərimizə düşən vəzifələri biz gözəl dərk edirik. Çox şadam ki, hər bir tərəf, yəni idmançılar da, federasiya rəhbərləri də, nazirliyin əməkdaşları da, Milli Olimpiya Komitəsi də öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər. Məhz bu birgə fəaliyyət nəticəsində Azərbaycan idmanda böyük uğurlar qazana bilibdir.
Burada nəticə göstərmiş, medal qazanmış 50-dən çox idmançı artıq mükafatlandırılıbdır. Onlara pul mükafatları verilibdir. Azərbaycanda bu praktika davam edir. Eyni zamanda, hökumət, dövlət tərəfindən də mükafatlar verilir. Bəzi hallarda federasiyalar tərəfindən də mükafatlar verilir və verilməlidir. Çünki mən dəfələrlə demişəm ki, idmançılar gərək heç nədən korluq çəkməsinlər. Onların həyat səviyyəsi də, məişət şəraiti də yaxşı olmalıdır. Azərbaycanı təmsil edən, ölkəmizin bayrağını qaldıran idmançı hər mənada gərək hörmətə layiq olsun. Ona görə biz keçmişdə də bu məsələlərlə məşğul olmuşuq və deyə bilərəm ki, Azərbaycanda onlarca idmançının, ilk növbədə, Azərbaycanı Olimpiya oyunlarında, dünya çempionatlarında təmsil edən, qələbə qazanan idmançıların vəziyyəti yaxşılaşdırılıbdır. Bu proses bu gün də davam edir. Mən qeyd etdim ki, 50-dən çox idmançıya pul mükafatları verilibdir. Eyni zamanda, daxil olan ərizələrə də biz Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə baxırıq, idmançılarımıza diqqət göstərir, kömək edirik.
Bu gün bizim 14 idmançımıza, məşqçimizə, mütəxəssisimizə mənzillər verilir. Onların bir neçəsi burada yoxdur, yarışlarda iştirak edirlər, Vətənə döndükdən sonra onlar da mənzillərini alacaqlar, orderlərini verəcəyik. Amma adlarını burada çəkərik. Burada olanlara isə mən istəyirəm bu orderləri təqdim edim, onlara xoşbəxtlik arzulayım və əmin olduğumu bildirim ki, bundan sonra da Azərbaycanın idman şərəfini onlar uca tutacaqlar.
Boks üzrə dünya çempionu Ağasi Məmmədov uzun müddət idi ki, yəni 15 yaşından qardaş Türkiyənin milli yığma komandasında fəaliyyət göstərirdi. Amma mən çox şadam ki, Ağasi Vətənə döndü və ondan sonra dünya çempionu oldu. Buna nail olmağa əziz Vətən sənə kömək etdi. Səni təbrik edirəm. Sağ ol.
Baş nazir, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev sonra yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Elçin Cəfərova, Azərbaycan İdman Veteranları İttifaqının sədri, əməkdar idman xadimi, prezident təqaüdçüsü Əbdül Sadıqova yeni mənzillərin orderlərini təqdim etdi.
ƏBDÜL SADIXOV Baş nazirə müraciətlə dedi:
-Mən burada öz ürək sözlərimi demək istəyirəm. Belə bir deviz var: "Dünənə ehtiramla, sabaha inamla". Bu, həqiqətən də belədir. Deyəcəyim bizim Veteranlar İttifaqı üzvlərinin sözləridir, onlar mənə tapşırıblar ki, bu gün Sizə deyim. Bir arzumuz var. Biz iki dəfə iclas keçirmişik. Oktyabrın 15-də biz idman veteranları öz ailələrimizlə, tələbələrimizlə, söz yoxdur ki, yekdilliklə Sizə səs verəcəyik. Ümid edirik ki, oktyabrın 15-dən sonra cənab İlham Heydər oğlu Əliyev bizim Prezidentimiz olacaqdır. Bir arzum da var, onu da deməliyəm. Bu, mənim yaşımla əlaqədardır. Biz həm də cənab Heydər Əlirza oğlu Əliyevi də Azərbaycanın fəxri Prezidenti kimi görmək istəyirik.
Daha sonra Baş nazir İlham Əliyev yunan-Roma güləşi üzrə yığma komandanın üzvü, beynəlxalq yarışların qalibi Əsgərxan Novruzova, həmin növdə dünya çempionatının gümüş mükafatçısı Fərid Mansurova, məşqçi Gülbaba Quliyevə yeni mənzillərin orderlərini təqdim etdi.
ƏBDÜL SADIQOV və GÜLBABA QULİYEV çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Sonra Baş nazir İlham Əliyev ağırlıqqaldırma üzrə milli paralimpiya yığma komandasının baş məşqçisi Vaqif Müsəddiqə, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova yeni mənzillərin orderlərini təqdim etdi.
YAŞAR BƏŞİROV öz ürək sözlərini belə ifadə etdi:
-Cənab Baş nazir, bizə belə qayğı göstərdiyinizə görə, mən də Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun. Biz bundan sonra da əlimizdən gələni edəcəyik. Bu kitab dünyada karate üzrə yeganə 10-cu dan qara kəmər sahibi, 72 yaşlı Hirokazu Kanazavanın "Karate mənim həyatımdır" kitabıdır. Kitabın müəllifi öz avtoqrafı ilə onu Sizə ünvanlamışdır. Mən sentyabrın 26-28-də Cənubi Afrika Respublikasının Durban şəhərində dünya çempionatında iştirak edərkən Beynəlxalq Şotakan Karate-do Federasiyasının prezidenti idmanın inkişafı sahəsində xidmətlərinizə və şəxsi ehtiramına görə bu kitabı Sizə çatdırmağı məndən xahiş etmişdir. Mən onun xahişini məmnuniyyət hissi ilə yerinə yetirirəm.
Baş nazir İLHAM ƏLİYEV Avropa çempionatlarının qalibi və mükafatçısı Turan Mirzəyevə, habelə hərbi idmançılar Elburus Məmmədova və Taleh İsrafilova da yeni mənzillərin açarlarını təqdim etdikdən sonra salona toplaşanlara müraciətlə dedi:
-Mən sizin hamınızı bir daha təbrik edirəm. Bizim görüşlərimiz bundan sonra da davam edəcəkdir. Əgər oktyabrın 15-də Azərbaycan xalqı mənə etimad göstərərsə, yenə də idmandan ayrılmayacağam. Keçmişdə mənim bir neçə vəzifəm var idi - Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti... O biri vəzifələr də mənim üçün əziz idi. Mən də həyatımın böyük hissəsini bu işlərə həsr etmişdim. Hesab edirəm ki, bu vəzifələri ləyaqətlə yerinə yetirmişəm. Hər halda, heç kim irad tuta bilməz ki, mənə tapşırılan hansısa bir işdə qüsur olubdur. İndi nə qədər ağır olsa da, həmin vəzifələrdən mən imtina edəsi oldum. Amma hələlik Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qalıram. Hesab edirəm ki, əgər idmançılar tərəfindən razılıq olarsa, mən bundan sonra da bu vəzifəmi saxlayacağam.
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru DİLQƏM QULİYEV "Azərbaycan idmanının dünəni və bu günü" kitabını İlham Əliyevə təqdim edərək dedi:
-Cənab Baş nazir, Siz 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idman, həqiqətən, sürətlə inkişaf edir. Biz "Azərbaycan idmanının dünəni və bu günü" kitabını yazmışıq. Kitabda cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində bədən tərbiyəsi və idmana dövlət səviyyəsində göstərilən qayğı öz əksini tapmışdır. İcazə verin, bu kitabı Sizə təqdim edim.
BAKI. 14.10.2003.AzərTAc.