MİLLİ OLİMPİYA KOMİTƏSİNİN IV HESABAT-SEÇKİ BAŞ MƏCLİSİ

Dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IV hesabat-seçki Baş Məclisi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti İlham Əliyev Baş Məclisdə iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə MOK-un inzibati binasında təşkil edilmiş "Heydər Əliyev və Olimpiya hərəkatı" sərgisi ilə tanış oldu.

MOK-un IV Baş Məclisinin iştirakçıları Prezident İlham Əliyevi hərarətli alqışlarla qarşıladılar.

Gənclər, idman və turizm naziri, MOK-un birinci vitse-prezidenti Əbülfəz Qarayev Baş Məclisi açaraq, iştirakçıları Milli Olimpiya Komitəsinin rəhbərliyi adından salamladı, Baş Məclisin işinə uğurlar arzuladı.

Nazir xüsusi vurğuladı ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı, olimpiya hərəkatının yüksəlişi xalqımızın ulu öndəri, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ötən dörd ildə bu sahədə qazanılmış uğurlar da məhz ümummilli liderimizin xidmətlərinin nəticəsidir.

Baş Məclisin iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Milli Olimpiya Komitəsinin ötən Baş Məclisdən sonra dünyasını dəyişmiş üzvlərinin də xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Gündəlik və reqlament təsdiq olunduqdan sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin son dörd ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etdi.

Sonra Cüdo Federasiyasının Prezidenti Fizuli Ələkbərov MOK-un Təftiş Komissiyasının (TK) hesabat məruzəsi ilə çıxış etdi.

Sonra məruzələr ətrafında çıxışlar oldu. XXVIII Yay Olimpiya Oyunlarının çempionu, yunan-Roma güləşçisi Fərid Mansurovun, Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının prezidenti Ağacan Abiyevin, Atıcılıq Federasiyasının prezidenti, general-leytenant Vaqif Axundovun, Voleybol üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayevin, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun çıxışları dinlənildi.

Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti İlham Əliyev Baş Məclisdə nitq söylədi.

MİLLİ OLİMPİYA KOMİTƏSİNİN IV BAŞ MƏCLİSİNDƏ AZƏRBAYCAN PREZİDENTİ, MOK-UN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Milli Olimpiya Komitəsinin üzvləri!

Sidney Olimpiya Oyunlarından sonrakı dövr Azərbaycan üçün, ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı üçün çox əhəmiyyətli dövr olmuşdur. Ölkəmiz bu dövr ərzində daha da inkişaf etmiş, ölkədə gedən proseslər müsbət istiqamətdə davam etmişdir.

Ümumiyyətlə, Azərbaycan son illər ərzində öz mövqelərini daha da möhkəmləndiribdir. İqtisadi potensial güclənibdir, ölkəmizin dünyadakı mövqeləri möhkəmlənibdir. Bir sözlə, Azərbaycan sürətlə və hərtərəfli inkişaf edibdir. O cümlədən, idman sahəsində də böyük işlər görülübdür. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra idmana diqqət daim yüksək idi. Baxmayaraq ki, ölkəmiz müstəqilliyimizin ilk illərində iqtisadi cəhətdən o qədər də güclü deyildi, ölkədə çoxlu çətinliklər var idi, problemlər var idi. Ümumiyyətlə, iqtisadi inkişafdan söhbət getmirdi, ölkə iqtisadiyyatı tənəzzülə uğrayırdı. Buna baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin daim idmana, olimpiya hərəkatına diqqəti çox yüksək səviyyədə idi. Azərbaycanın iqtisadi cəhətdən ən çətin məqamlarında idmana xüsusi münasibət var idi. İdmançılar da bunu hiss edirdilər. Məhz bu diqqətin, qayğının nəticəsində Azərbaycanda idman inkişaf edirdi.

Bu gün burada son dörd il ərzindəki fəaliyyət haqqında hesabat təqdim edildi, müzakirələr aparıldı. Deyə bilərəm ki, dörd il ərzində idmanın inkişafı istiqamətində də böyük işlər görülmüşdür. Ümumiyyətlə, bu gün Azərbaycan dünyada tam mənada idman ölkəsi kimi tanınır. Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin çox dəyərli üzvüdür. Azərbaycan Milli Olimpiya Komitəsi öz xarici əlaqələrini genişləndirir. Azərbaycanda çoxlu beynəlxalq yarışlar keçirilir, dünya, Avropa çempionatları, beynəlxalq idman konfransları, beynəlxalq idman təşkilatlarının seminarları və digər tədbirlər keçirilir.

Bir sözlə, Azərbaycan özünü beynəlxalq idman aləminə tanıda bilibdir. Bu gün beynəlxalq idman ailəsində Azərbaycanın adı gələndə, - biz bunun dəfələrlə şahidi olmuşuq, - Azərbaycanda idmanda gedən proseslərə həmişə çox böyük rəğbətlə münasibət göstərilir. Beynəlxalq qurumlarda bizdə olan vəziyyət və idmanda gedən inkişaf, - bir tərəfdən, burada keçirilən tədbirlər, digər tərəfdən, idmançılarımızın uğurlu çıxışları, - haqqında kifayət qədər məlumat var.

Hər bir ölkənin idman potensialını nümayiş etdirən, ilk növbədə, idmançıların çıxışlarıdır, uğurlu nəticələridir. Bu istiqamətdə görülən bütün işlər - həm idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqmətində görülən işlər, həm də təlim-məşq toplanışlarının yüksək səviyyədə keçirilməsi, idmançılara lazımi şəraitin yaradılması öz bəhrəsini verir. Sadaladığım bütün bu amillər uğurlu nəticələr əldə etmək üçün başlıca şərtdir. Çox şadam ki, Azərbaycanda bütün bu amillər mövcuddur.

Buna əlavə etsək ki, Azərbaycanda idmana cavabdehlik daşıyan qurumlar arasında da çox işgüzar münasibətlər var, onda görərik ki, həqiqətən, Azərbaycan bu gün idmanda inkişaf dövrünü yaşayır. Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, federasiyalar, idman cəmiyyətləri - biz hamımız bir məqsədə qulluq edirik. Hamımız çalışırıq ki, ölkəmizin bayrağı qaldırılsın. Hamımız çalışırıq ki, ölkəmizin dövlət himni səslənsin. Bu, həm ölkəmizə şərəf gətirir, həm də ölkəmizi dünyada tanıdır, eyni zamanda, göstərir ki, Azərbaycan nəyə qadirdir.

Azərbaycanın çox güclü potensialı var və çox güclü idman potensialı var. Əlbəttə, istəyirik ki, bu potensial tam şəkildə işə düşsün. Xüsusilə, Azərbaycanın bölgələrində çox istedadlı gənclər var. O gəncləri idmana cəlb etmək üçün bölgələrdə də müasir idman infrastrukturu yaradılmalıdır. Burada qeyd olundu və hamımız da bunu bilirik ki, bu istiqamətdə işlər görülübdür. Mən bunlar haqqında çox danışmaq istəmirəm. Amma sirr deyil ki, Azərbaycanda son dörd il ərzində müxtəlif rayonlarda tikilib istifadəyə verilmiş idman qurğuları bu gün çox böyük səmərə ilə işləyir. Orada həm idmançılar, həm də, ümumiyyətlə, gənclər, uşaqlar, yeniyetmələr məşğul olur, məşq edirlər. Bu da çox vacibdir. İdmanın kütləviliyi hər bir ölkə üçün vacib məsələdir. Biz istəyirik ki, yetişən gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun. Əlbəttə, bunu etmək üçün şərait lazımdır, şərait olmalıdır. Təkcə paytaxtda deyil, bölgələrdə də şərait olmalıdır.

Bilirsiniz ki, mən respublika Prezidenti vəzifəsinə seçiləndən sonra da regional inkişaf proqramı mənim fəaliyyətimdə çox böyük yer tutur. Deyə bilərəm ki, bu proqramı idman müstəvisində hələ 1997-ci ildən həyata keçirməyə başlamışdım. Çünki çox gözəl bilirdim və bilirəm ki, Azərbaycanın hərtərəfli, uğurlu inkişafı üçün onun hər bir bölgəsi inkişaf etməlidir. Azərbaycanın hər bir vətəndaşı, yaşadığı yerdən asılı olmayaraq, yüksək səviyyəli xidmətlərlə təmin olunmalıdır. Regionlarda tikilib istifadəyə verilmiş idman qurğuları bu gün çox uğurla fəaliyyət göstərir. Onlar həm şəhər və rayonlara yaraşıq verir, çünki çox yüksək zövqlə tikilibdir, həm də gənc nəslə xidmət edir.

Onu da qeyd etmək istəyirəm ki, əgər belə demək mümkündürsə, qeyri-idman sektorunda da regionlarda böyük canlanma gedir. Yəni iş yerləri açılır, müəssisələr, infrastrukturlar, sənaye obyektləri yaradılır və bütün bunlar ölkəmizi daha da gücləndirir. Bizim də məqsədimiz budur ki, Azərbaycan daha da güclü olsun, Azərbaycan dünyada, beynəlxalq aləmdə daha da möhkəm yeri tuta bilsin, Azərbaycanda insanlar daha da yaxşı yaşasınlar və sağlam olsunlar.

Mən çox şadam, görülən işlər göstərir ki, biz düz yoldayıq. İdman Azərbaycanın ictimai, siyasi həyatının artıq çox vacib bir amilidir. Çox şadam ki, Azərbaycanda idmançılara ənənəvi olan hörmət də yüksək səviyyədədir. İdmançı olmaq artıq çox şərəfli bir işdir. İdmançılara, idman veteranlarına göstərilən münasibət də, əlbəttə, cəmiyyətdə öz əksini tapır. Biz bu məsələyə də daim diqqət göstəririk. Çünki idmançılar yaxşı bilir ki, idman ömrü çox qısa olur və təkcə Azərbaycanda deyil, bütün başqa ölkələrdə də idmançı idmandan gedəndən sonra bəzi çətinliklərlə üzləşir, elə bil ki, yeni həyata başlayır. Bu həyata uyğunlaşması da bəzən çox çətin keçir. Ona görə biz çalışırıq ki, idmandan gedən insanlara daha da böyük qayğı göstərək, onların problemlərini həll edək, onlara şərait yaradaq.

Ümumiyyətlə, idmançılara, idman mütəxəssislərinə qayğı daim bizim diqqət mərkəzimizdədir. Biz idmançıların mənzil problemləri ilə məşğul oluruq, mükafatlar veririk. Mən onların hamısını bu gün demək istəmirəm, çox vaxt aparar. Onu demək istəyirəm ki, gələcəkdə də bu siyasət davam etdiriləcəkdir.

Son Afina Olimpiya Oyunları bir daha göstərdi ki, ümumiyyətlə, dünyada, müxtəlif ölkələrdə idmana diqqət daha da artır. Yəni hamı üçün aydın olur ki, idman hər bir ölkənin çox vacib sahəsidir. Ölkəni dünyada tanıdan, bəlkə də, ən başlıca bir vasitədir. Çünki yalnız idmanda, olimpiya oyunlarında ölkələr bir-biri ilə rəqabət aparır və bu rəqabətin nəticəsində reytinqlər də tutulur. Hər bir ölkə istəyir ki, onu təmsil edən idmançı daha da yüksək yerə layiq olsun. Bu, dünyada gedən ümumi prosesdir. Biz çox şadıq ki, Azərbaycan bu prosesin içindədir və bəlkə də, başqa ölkələrlə müqayisədə biz bu sahəyə daha tez diqqət göstərməyə başladıq. Bu gün heç kəs üçün sirr deyil ki, Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Milli Olimpiya Komitəsini başqa ölkələrə örnək kimi təqdim edir, nümunə kimi göstərir və tövsiyə edir ki, bizim təcrübəmiz başqa ölkələrdə də tətbiq olunsun.

Doğrudan da, Azərbaycanda idman sahəsində bir çox yeniliklər baş verir. İlk növbədə, federasiyalar möhkəmlənir, federasiyalara ölkədə tanınmış şəxslər prezidentlər seçildi ki, onlara tapşırılan sahəyə, idman növünə diqqət göstərsinlər, məşğul olsunlar və idmançılara lazımi şəraiti yaratsınlar. Bu gün başqa, qonşu ölkələrdə görürük ki, bizim yolumuzla gedənlərin sayı artır. Nəyə görə? Çünki bizim yolumuz artıq dünyada sübut etdi ki, bu, düzgün yoldur.

Mən çox sadam ki, idmanda son illər ərzində yaranmış meyillər güclənir. Son olimpiya oyunları onu bir daha təsdiq etdi ki, Azərbaycanda idman güclənir, onun potensialı artır. Afina Olimpiya Oyunları bir daha göstərdi ki, bizim nə qədər güclü idmaçılarımız var. Azərbaycan idmançıları 5 medal qazandılar. Daha iki-üç medal da qazanıla bilərdi, amma hardasa bəxt gətirmədi, hardasa hakimlərin ədalətsizliyi buna imkan vermədi. Hər halda, bu, böyük bir potensialdır və təkcə biz tərəfdən deyil, bütün idman aləmi tərəfindən qəbul edilir və buna böyük rəğbətlə yanaşılır.

Bilirsiniz ki, mənim də həyatımın bir hissəsi idmanla bağlıdır. 1997-ci ildə Azərbaycanın idman ictimaiyyəti mənə etimad göstərdi, Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçdi və gördüyünüz kimi, bu vəzifəni bu günə qədər icra edirəm. Düzdür, dünyada belə təcrübə var ki, dövlət başçısı, eyni zamanda, Olimpiya Komitəsinin prezidenti olsun. Amma deyə bilərəm ki, əksər hallarda onlar dövlət başçısı olandan sonra Olimpiya Komitəsinin prezidenti olurlar. Mən isə əksinə, idmandan dövlət başçısı vəzifəsinə gəlmişəm. Ona görə, demək olar ki, ölkə Prezidenti idmançıların nümayəndəsidir. Belə desək, səhv eləmərik.

Doğrudan da, bu vəzifə mənim üçün çox əzizdir və həyatımda da çox mühüm rol oynamışdır. Çünki, birincisi, bu, elə bir vəzifədir ki, əgər adamda istək varsa, doğrudan da məsuliyyət hissi varsa, burada nəticə əldə etmək mümkündür. Nəticə təkcə medalların sayı ilə ölçülmür. Ümumiyyətlə, ölkəmizdə idman sahəsində gedən inkişaf hərtərəflidir. Mənim üçün, bəlkə də, necə deyərlər, ən böyük sevinc gətirən məqamlar bunlardır ki, gənclər, balaca uşaqlar idman bölmələrinə gedirlər. Çünki bu, Azərbaycanın gələcəyidir, Azərbaycanın gələcək nəslinin sağlamlığıdır.

Mən bu vəzifəyə 1997-ci ildən çox böyük məsuliyyətlə yanaşıram. Ümumiyyətlə, bütün tapşırılan vəzifələrə, o cümlədən bu vəzifəyə də. Prezident seçiləndən sonra demişdim ki, mən bu vəzifədən imtina etməyəcəm və bu gün də imtina etmirəm. Bundan sonra da idmançılarla birlikdə olacağam.

Ümumiyyətlə, idmançılarla, idman mütəxəssisləri ilə, idman veteranları ilə ünsiyyətdə olmaq, deyə bilərəm ki, çox böyük məktəbdir. Çünki bu, tam başqa bir aləmdir. İdmançı elə bir insandır ki, onun mənəvi xüsusiyyətləri də çox yüksək olur. Əsil idmançı heç vaxt pis işlərlə məşğul olmaz, heç vaxt ona yaraşmayan işlərə qoşulmaz. Əsil idmançı həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam insandır. Mən çox şadam ki, Azərbaycanda məhz belə idmançılar mövcuddur və bizi təmsil edən, beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldıran gənclər həm peşəkar idmançılardır, həm də böyük mənəvi xüsusiyyətlərə malik olan idmançılardır. Mən ümid edirəm ki, yetişən gənc nəsil də bizim tanınmış idmançılardan ibrət dərsi götürəcək, onlar gənc nəsil üçün də nümunədir. Uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün, əlbəttə ki, bizim idman qəhrəmanlarımız olmalıdır və onlar da var. Siz də onları yaxşı tanıyırsınız, Azərbaycan ictimaiyyəti də onları yaxşı tanıyır.

Bu fürsətdən istifadə edib, son 7 il ərzində mənimlə bərabər bu sahədə işləyən, çalışan bütün insanlara birgə fəaliyyətimizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu birgə fəaliyyətimizdən razıyam. Çox razıyam ki, bizim səylərimizin nəticəsində ölkədə idman sahəsində inkişaf, irəliləyiş var. Çox sevinirəm ki, yeni açılan idman komplekslərinə güclü axın var. Xüsusilə, Olimpiya oyunlarından sonra bu axın daha da çox hiss olunur. Əminəm ki, bundan sonra da hiss olunacaqdır.

Gələcəkdə yeni olimpiya komplekslərinin tikintisi nəzərdə tutulubdur. Artıq 4 yerdə idman kompleksi tikilir və bəyan etdiyimiz kimi, gələcəkdə Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün gözəl şərait olacaqdır.

Milli Olimpiya Komitəsinin fəaliyyəti də çox müsbət olubdur. Azərbaycanda olimpiya hərəkatı güclənibdir. Bizim bu sahədəki işlərimiz də yüksək səviyyədədir. Bu gün son dörd ilə yekun vuraraq, bir daha deyə bilərəm ki, bizim nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıbdır. Biz nəyi planlaşdırmışıqsa, onu da etmişik. Əminəm ki, bizim böyük idman ailəsində bundan sonra da mehribanlıq, əməkdaşlıq olacaqdır. Biz - idmançılar, məşqçilər, idman mütəxəssisləri, federasiyalar, idman cəmiyyətləri, nazirlik, Olimpiya Komitəsi həmişə olduğu kimi, yenə də bir ailə kimi qalacağıq. Azərbaycana ləyaqətlə xidmət edəcəyik, Azərbaycanın idman şöhrətinin ucaldılması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çalışacağıq ki, bundan sonra da beynəlxalq yarışlarda, Olimpiya oyunlarında bizim milli bayrağımız daim yüksəkdə olsun. Bu işdə sizin hamınıza uğurlar arzulayıram. Sağ olun.

***

Sonra Azərbaycan Prezidenti İlham Əliyev aşağıdakı idmançılara BOK-un nişanlarını təqdim etdi:

Fuad Aslanov - Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Ağası Məmmədov - Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı;

Zemfira Meftahəddinova - Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı;

İradə Aşumova - Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (özü olmadığına görə, nişan onun şəxsi məşqçisinə təqdim edildi).

Fərid Mansurov - Afina Yay Olimpiya Oyunlarının qalibi.

İLHAM ƏLİYEV: Fərid Mansurov Afinadan Azərbaycana ilk qızıl medal gətirən idmançıdır. Əlbəttə ki, Olimpiya Oyunlarından sonra ona dövlət tərəfindən, Milli Olimpiya Komitəsi və sponsorlar tərəfindən mükafatlar verildi. Amma bu gün mən Fəridə bir mükafatı da təqdim etmək istəyirəm. Bu, "Mercedes-Benz 320S" markalı yeni avtomobilin açarlarıdır.

Sonra Prezident İlham Əliyev Niyaməddin Paşayevə (taekvondo üzrə dünya çempionu), Mövlud Mirəliyev və Mehman Əzizova (Afina Olimpiya Oyunlarında cüdo üzrə 5-ci yer tutmuşlar), Tofiq Əhmədova (boks üzrə dünya çempionatının mükafatçısı), Şahin İmranova (boks üzrə Avropa çempionatının mükafatçısı), Rövşən Ümidova (sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın məşqçisi), Fikrət Əhmədova (güləş üzrə əməkdar məşqçi), Tofiq Babanlıya (boks üzrə beynəlxalq dərəcəli hakim), Kamil İsgəndərova (Olimpiya komandasının həkimi), Gülşən Şirinovaya (idman veteranı), Zeynəb Məmmədyarovaya (şahmat üzrə Avropa çempionu, yarışda olduğuna görə order atasına təqdim edildi), Vaqif Əliyevə (Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyasının sədri), Ceyhun Məmmədova (sambo üzrə 7 dəfə dünya çempionu), Əhməd Hətəmova (karate üzrə Avropa çempionu), İsgəndər Cavadova (futbol veteranı) yeni mənzillərin orderlərini təqdim etdi.

Sonra MOK-un 17 nəfərdən ibarət İcraiyyə Komitəsi seçildi. Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Mədəni Olimpiya Komitəsinin prezidenti Mehriban Əliyeva, Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi Natiq Əliyev və voleybol üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi Faiq Qarayev MOK-a yeni üzv seçildilər.

Prezident İlham Əliyev MOK-un İcraiyyə Komitəsinin üzvlərini təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Baş Məclis MOK-un 5 nəfərdən ibarət Təftiş Komissiyasını da seçdi.

Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqi söylədi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

Bizim Baş Məclisimiz başa çatır. Mən bir daha qeyd etmək istəyirəm ki, son 4 il ərzində Azərbaycanın idman ictimaiyyəti çox səmərəli işləyibdir, biz qarşımızda duran bütün məsələləri, vəzifələri ləyaqətlə yerinə yetirmişik. Ümid edirəm ki, Milli Olimpiya Komitəsi bundan sonra da, növbəti dövr ərzində səmərəli işləyəcəkdir.

Mən xatırlayıram, 4 il bundan əvvəl, Sidney Olimpiya Oyunlarından sonra ilk yığıncaqda demişdim ki, növbəti olimpiya oyunlarına cəmi dörd il qalır. Bu fikri təkrarlamaq istəyirəm. Növbəti olimpiya oyunları daha da gərgin şəraitdə keçəcəkdir. Buna şübhə yoxdur, çünki ildən-ilə rəqabət artır. Müxtəlif ölkələrdə güclü idmançılar yetişir. Bəzən ölkələr özləri üçün ənənəvi olmayan idman növlərində də güclü idmançılar hazırlayırlar. Bütün bunları nəzərə alaraq, biz gərək gündəlik fəaliyyətimizdə məsələyə daha da ciddi yanaşaq. Yəni Pekində keçiriləcək Olimpiya Oyunları rəqabət baxımından daha da çətin olacaqdır. Amma mən şübhə etmirəm ki, bizim idmançılarımız - bu gün fəaliyyət göstərən və o vaxta qədər yetişəcək idmançılarımız ölkəmizi Pekin Olimpiya Oyunlarında da layiqincə təmsil edəcəklər.

Amma o vaxta qədər, əlbəttə ki, hələ beynəlxalq yarışlar - turnirlər, Avropa, dünya çempionatları olacaqdır. Əminəm ki, Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, müvafiq federasiyalar və idman cəmiyyətləri həmişə olduğu kimi, bütün qüvvələrini birləşdirəcək, idmançılarımızın uğurlu çıxışlarını təmin etmək üçün öz səylərini əsirgəməyəcəklər. Mən buna şübhə etmirəm və əminəm ki, Azərbaycan idmanı ənənəvi olaraq daim yüksək zirvələrdə olacaqdır.

Bu fürsətdən istifadə edib sizin hamınızı qarşıdan gələn Yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, bundan sonra da biz hamımız doğma Vətənimizə ləyaqətlə xidmət edək. Sağ olun.

***

Dekabrın 28-də MOK-un yeni İcraiyyə Komitəsinin ilk yığıncağı keçirildi. Əbülfəz Qarayev MOK-un birinci vitse-prezidenti, Çingiz Hüseynzadə və Xəzər İsayev vitse-prezidentlər, Ağacan Abiyev baş katib seçildilər. Azərbaycan Prezidenti, MOK-un prezidenti İlham Əliyev İcraiyyə Komitəsinin üzvlərinə gələcək işlərində bir daha uğurlar arzuladı.

MOK İcraiyyə Komitəsinin üzvləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

BAKI. 29.12.2004.AzərTAc.