MOK-DA İDMANÇILARIN, MƏŞQÇİLƏRİN VƏ İDMAN MÜTƏXƏSSİSLƏRİNİN MÜKAFATLANDIRILMASI MƏRASİMİ

Dekabrın 26-da Milli Olimpiya Komitəsi (MOK) 2006-cı ilə yekun vurmuş, idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Prezident İlham Əliyev əvvəlcə MOK-un inzibati binasının foyesində "Olimpiya hərəkatı tarixi - antik və müasir dövr" sərgisi ilə tanış oldu. Prezidentə məlumat verildi ki, bu sərgi həm də orta məktəb şagirdləri üçün nəzərdə tutulmuşdur. Onlar qış tətili günlərində buraya gələrək sərgi ilə yaxından tanış olacaq, olimpiya hərəkatının tarixi, ölkəmizin idmançılarının yay və qış Olimpiya Oyunlarında iştirakı ilə bağlı dəyərli məlumatlar əldə edəcəklər.

Prezident İlham Əliyev idmanın bütün sahələrini əhatə edən, o cümlədən ölkəmizin idman nailiyyətlərini əks etdirən fotoşəkillərə, olimpiya çempionlarının qazandıqları medallara, kuboklara və digər mükafatlara, respublikamızda olimpiya dünyası ilə bağlı nəşr olunmuş kitab, jurnal və qəzetlərə, MOK-a təqdim edilmiş xatirə hədiyyələrinə, poçt markalarına baxdı. Sərginin "İdman ulduzları", "Görkəmli idman xadimləri", "Azərbaycanda boksun inkişaf tarixi", "Azərbaycanda güləşin inkişaf tarixi", "Velosiped dünyası", "Heydər Əliyev və Azərbaycanda olimpiya hərəkatı" fotoguşələri diqqəti cəlb edirdi.

Sonra mərasim keçirildi. MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar Prezident İlham Əliyevi alqışlarla qarşıladılar.

Mərasimi MOK-un vitse-prezidenti ÇİNGİZ HÜSEYNZADƏ açaraq dedi:

- Möhtərəm cənab Prezident!

Xanımlar və cənablar!

Bildiyiniz kimi, bu il dekabrın 20-də Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası keçirilmiş, MOK-un 2006-cı ildəki fəaliyyəti müzakirə olunmuşdur. Hesabatda Azərbaycan Milli Olimpiya Komitəsinin 2006-cı il ərzində gördüyü bütün işlər öz əksini tapmışdır.

Bundan başqa, MOK-un İcraiyyə Komitəsinin iclasında Pekin yay Olimpiya Oyunlarına hazırlıq məsələsi müzakirə edilmişdir. Bununla əlaqədar İcraiyyə Komitəsinin hər bir üzvünə müəyyən idman növləri üzrə federasiyalarla işləmək, onlara kömək etmək tapşırılmış, İcraiyyə Komitəsinin üzvləri arasında iş bölgüsü aparılmışdır.

İclasda təşkilati məsələlərə də baxılmış, gənclər və idman naziri Azad Rəhimov MOK-un vitse-prezidenti, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov İcraiyyə Komitəsinin üzvü seçilmişlər.

Sonra gənclər və idman naziri, MOK-un vitse-prezidenti AZAD RƏHİMOV çıxış etdi.

Sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi Natiq Əliyev hərbçilərin bu il Bakıda keçirilmiş güləş üzrə dünya çempionatından xatirə olaraq xüsusi plaket, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov komitənin bu il tamam olmuş 10 illiyi ilə əlaqədar ilk dəfə təsis edilmiş paralimpiya medalının vəsiqəsini, yubileyə həsr olunmuş kitabı və diski, tanınmış futbolçu, əməkdar idman ustası Ələkbər Məmmədov isə fotoşəkil təqdim etdilər.

MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova Prezident İlham Əliyevi doğum günü münasibətilə idmançılar adından təbrik etdi, ona uzun ömür, cansağlığı arzuladı və xatirə hədiyyələri verdi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Əziz idmançılar!

İlk növbədə, bu gözəl hədiyyələrə görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Bu hədiyyələr mənim üçün çox əzizdir. Çünki onlar bizim idman ictimaiyyətinin gördüyü işləri əks etdirir. Həm fotoşəkil, eyni zamanda, Milli Paralimpiya Komitəsinin hədiyyələri, idmançıların, hərbçilərin hədiyyələri bir daha onu göstərir ki, Azərbaycanda idman çox sürətlə və hərtərəfli inkişaf edir. İdmanın bütün növləri inkişaf edir, eyni zamanda, idman cəmiyyətləri, müxtəlif qurumlar, federasiyalar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi həmişə olduğu kimi, 2006-cı ildə də bir komanda şəklində fəaliyyət göstərmişlər. Bu, Azərbaycanda son illər ərzində idman sahəsində əldə edilən uğurların əsas amili, əsas səbəbidir. Azərbaycanda bütün aidiyyəti orqanlar səmərəli işləyirlər, bir-biri ilə daim əlaqədədirlər. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanın idman potensialı möhkəmlənsin, maddi-texniki baza güclənsin və idmançıların beynəlxalq yarışlarda uğurlu çıxışları təmin edilsin.

Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin sonunda bu görüşlər keçirilir, məsələlər müzakirə olunur. Artıq qeyd edildi ki, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin toplantısında hesabat-məlumat dinlənilmişdir. Yəni bu gün buna bir daha qayıtmağa ehtiyac yoxdur. Hər ilin sonunda idmançıları mükafatlandırırıq, idman xadimlərinin fəaliyyətini qiymətləndiririk və bütövlükdə, idman ilinə yekun vururuq. Deyə bilərəm ki, 2006-cı il bu baxımdan uğurlu olmuşdur. Azərbaycanın bütün sahələrindəki kimi, idman sahəsində də sevindirici anlar çox olmuşdur. İlk növbədə, idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışı bizi çox sevindiribdir. 287 medalın qazanılması çox böyük nəticədir. Nəzərə alaq ki, bu gözəl ənənə uzun illərdir yaşayır, Azərbaycanın idman potensialı möhkəmlənir, yeni gənc nəsil yetişir, yeniyetmələr artıq öz imkanlarını gücləndirirlər. 10 il bundan əvvəl uşaq idmanında məşğul olanlar bu gün artıq Azərbaycanın milli komandalarını beynəlxalq yarışlarda təmsil edirlər. Bu, çox önəmlidir. Çünki gənc nəslin idmanla məşğul olması hər bir ölkənin idman potensialının möhkəmlənməsi deməkdir. Biz çox şadıq ki, Azərbaycanda idmana maraq artmaqdadır. Yəni maraq nəinki azalmır, hətta artır. Çünki Azərbaycanda idmançı olmaq çox şərəfli bir işdir. İdman şöhrətinin qaldırılması, idmançılara olan qayğı və onların cəmiyyətdəki rolu, əlbəttə, uşaqları da idmanla məşğul olmağa sövq edir. Bu, çox vacib bir amildir.

Digər tərəfdən, əlbəttə, müasir idman infrastrukturunun yaradılması. Əgər bunlar olmasa, idmanı inkişaf etdirmək mümkün olmayacaqdır. Yəni, bu müxtəlif amillər birləşəndə, hər bir ölkədə idman uğurları da müşahidə olunur və Azərbaycanda bunlar var.

Qeyd etdiyim kimi, bütün idman qurumları bir məqsədə qulluq edir. İdmanın maddi-texniki bazası möhkəmlənir. Bildiyiniz kimi, Azərbaycanda indi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı icra edilir. Ancaq hamımız yaxşı bilirik ki, regionlarda yeni müasir qurğuların tikilməsi məhz idman obyektlərindən başlanmışdır. 2000-ci ildə biz bu təşəbbüslə çıxış etdik və ondan sonra Azərbaycanın müxtəlif bölgələrində çox müasir, gözəl idman kompleksləri tikilibdir. Bu tikintilər davam edir, indi 10 rayonda yeni idman kompleksləri tikilir və əlbəttə ki, tam dünya standartlarına cavab verəcəkdir.

Mingəçevir avarçəkmə bazasında, nəhayət ki, işlər başlanır və 2007-ci ildə bazanın tamamilə yenidən qurulması nəzərdə tutulur. Bu, beynəlxalq səviyyəli bir baza olacaqdır. İdman qurğularının tikintisi, əlbəttə, idmançılar üçün də böyük dəstəkdir və gənc nəslin yetişməsi üçün vacib məsələdir. Bu, bir tərəfdən. Digər tərəfdən, təlim-məşq toplantılarının vaxtlı-vaxtında keçirilməsi, peşəkarlıq səviyyəsinin qaldırılması, gündəlik həyatda idmançılara olan münasibət, idman cəmiyyətlərinin möhkəmlənməsi - bütün bu amillər Azərbaycanda idmanın inkişafına xidmət edir.

Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır. İndi dünyada idmana yeni prizmadan yanaşırlar, xüsusilə olimpiya hərəkatına. Ölkələr olimpiya oyunlarında öz aralarında mübarizə aparırlar. Bəlkə də bu - olimpiya oyunları, olimpiya hərəkatı yeganə geniş sülhməramlı mübarizə formatıdır. Azərbaycan da olimpiya hərəkatında çox fəal bir ölkədir. Bizim səylərimiz, təşəbbüslərimiz və əldə etdiyimiz nailiyyətlər beynəlxalq və Avropa olimpiya komitələri tərəfindən daim qeyd olunur. Bölgədə idmanın inkişafı üçün Azərbaycanın rolu da artıq hamı üçün bəllidir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq yarışlar beynəlxalq idman aləminin ölkəmizə olan münasibətinin əlamətidir. Bu bir daha göstərir ki, biz ən böyük, ən geniş beynəlxalq idman yarışlarının keçirilməsində çox səriştəliyik. Əlbəttə, bu ona gətirib çıxarır ki, növbəti idman yarışları da Azərbaycanda keçirilir.

Məsələn, 2007-ci il bu baxımdan çox əhəmiyyətli olacaqdır. Güləşin bütün növləri üzrə dünya çempionatı Azərbaycanda keçiriləcəkdir. Eyni zamanda, bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcəkdir. Bu çempionatın keçirilməsinin tarixi də çox maraqlıdır. Çünki əvvəl çempionatın başqa ölkədə keçirilməsi nəzərdə tutulmuşdur. Amma sonra müəyyən səbəblərə görə bu, baş tutmadı və Beynəlxalq Bədii Gimnastika Federasiyası Azərbaycandan xahiş etdi ki, çempionata ev sahibliyi etsin. Nəzərə alınıb ki, ölkəmizdə dünya çempionatı ən yüksək səviyyədə keçirilmişdir. Bu məqsədlə, yəni bu iki çempionatı yüksək səviyyədə keçirmək üçün indi Heydər Əliyev adına İdman-Konsert Kompleksində böyük yenidənqurma, bərpa işləri görülür. Bildiyiniz kimi, bir müddət bundan əvvəl orada təmir işləri aparılmışdı. İndiki təmir işləri bu gözəl idman obyektini ən yüksək dünya səviyyəsinə çatdıracaqdır.

2007-ci il Pekin Yay Olimpiya oyunlarına hazırlıq baxımından da çox böyük əhəmiyyət kəsb edir. Demək olar, həlledici il olacaqdır. Əminəm ki, 2007-ci ildə bizim idmançılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr göstərəcəklər. Ondan sonra yəqin lisenziya turnirləri başlanacaq və maksimum çalışmalıyıq ki, lisenziyaları əldə edək. 2008-ci ildə keçiriləcək Yay Olimpiya oyunları da yəqin ki, daha da gərgin olacaqdır. Çünki dünyada rəqabət artır. Artıq müxtəlif ölkələrdə, hətta böyük idman ənənələri olmayan ölkələrdə idmana böyük diqqət göstərilir və idman ölkələrin ictimai həyatında mühüm amilə çevrilir. Yəni biz bilirik ki, rəqabət çox güclü olacaqdır. Ona görə gərək müxtəlif idman növlərində yaxşı hazırlaşaq. 2007-ci ildə, ilin sonuna qədər təxminən bilməliyik ki, biz olimpiya oyunlarında hansı heyətlə iştirak edəcəyik. Müstəqil Azərbaycanın olimpiya oyunlarında - həm Sidney, həm də Afina Olimpiya oyunlarında, iştirakı çox uğurlu olmuşdur. Əminəm ki, bu gözəl ənənələr davam edəcək və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

2006-cı il, eyni zamanda, ona görə yadda qalacaq ki, Azərbaycan bizim üçün çox yeni, bəlkə də, bəzilərini təəccübləndirən təşəbbüslə çıxış etmişdir: 2016-cı ildə Yay Olimpiya oyunları Azərbaycanda keçirilsin. Biz bu təşəbbüsü irəli sürəndə, əlbəttə ki, imkanlarımızı qiymətləndirmişdik. Mən hesab edirəm ki, Azərbaycan olimpiya oyunları keçirmək üçün bütün imkanlara malikdir. 2016-cı ildə Yay Olimpiya oyunlarının harada keçiriləcəyi hələ ki, bəlli deyil, müxtəlif ölkələr öz namizədliklərini irəli sürmüşdür, o cümlədən Azərbaycan. Bir tərəfdən, bu onu göstərir ki, Azərbaycanda idman hərəkatına, olimpiya hərəkatına və bütövlükdə idmanın inkişafına həqiqətən çox böyük diqqət göstərilir və təsadüfi deyil ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Digər tərəfdən, bütövlükdə, müstəqil Azərbaycanın qüdrətini, imkanlarını, potensialını göstərir.

Olimpiya oyunları keçirmək asan məsələ deyil. Əgər biz belə bir təşəbbüslə çıxış etmişiksə, deməli, özümüzə güvənirik, öz imkanlarımıza güvənirik. Əminəm ki, əgər bu böyük şərəf Azərbaycana verilərsə, biz Olimpiya oyunlarını ən yüksək səviyyədə keçirəcəyik.

Mən xatırlayıram, haradasa, 5-6 il bundan əvvəl müsahibələrin birində jurnalist sual vermişdi ki, indi Azərbaycanda böyük uğurlar var, Azərbaycanda Olimpiya Oyunları keçirilə bilərmi? Sözün düzü, o vaxt mən bu suala cavab vermədim. Çünki hesab edirdim, biz hələ buna hazır deyilik. Amma bu gün mən əminəm ki, biz buna hazırıq. Nəzərə alsaq ki, 2016-cı il on ildən sonra gələcək, əlbəttə, o vaxta qədər Azərbaycanda oyunları ən yüksək səviyyədə keçirmək mümkün olacaqdır. Biz nəyə görə belə əminik?! Ona görə ki, ölkəmizin imkanları artır, iqtisadi potensial artır, beynəlxalq mövqelər möhkəmlənir, Azərbaycan regional çərçivədə lider dövlətdir və bizim gələcəyimiz də çox parlaq olacaqdır. Bilirik ki, bizi nələr gözləyir. Bilirik ki, imkanlarımız nəyə çatacaq. Ona görə mən bir müddət bundan əvvəl göstəriş vermişdim ki, biz belə bir müraciəti edək. Nəzərə alsaq ki, Azərbaycan belə müraciətlə ilk dəfə çıxış edir, ola bilsin, biz bu işdə uğur qazana bilməyək. Əgər 2016-cı ildə bu oyunların keçirilməsi başqa ölkəyə, başqa şəhərə həvalə olunarsa, ondan sonra 2020-ci il gəlir. Mən şübhə etmirəm ki, bizim belə təşəbbüsümüz və bu işə sədaqətimiz uğura gətirib çıxaracaqdır.

Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır və idman ictimai həyatın çox böyük hissəsidir, böyük amilidir. İdman həm ölkənin nüfuzu, ölkənin imici deməkdir, həm də gənc nəslin yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi deməkdir, fiziki sağlamlıq deməkdir. Fiziki cəhətdən sağlam insanlar mənəvi cəhətdən də sağlam olurlar. Yəni hər bir ölkənin inkişafı üçün idmanın çox böyük əhəmiyyəti var. Biz bunu Azərbaycanda çox yaxşı bilirik və uzun illər idmana, idmançılara göstərilən münasibət bunun ən yaxşı nümunəsidir. İdmançılar gərək yaxşı təmin edilsinlər, onların idmanla məşğul olmaları üçün şərait yaxşı olmalıdır, məişət problemləri də həll edilməlidir. Elə etməliyik ki, onları məişət problemləri düşündürməsin, yalnız və yalnız məşqlərlə məşğul olsunlar, öz peşəkarlığını artırsınlar və doğma Vətənimizin bayrağını beynəlxalq yarışlarda daim uca tutsunlar. Biz hər dəfə bunu görəndə, beynəlxalq yarışlarda Azərbaycanın nümayəndələrinin uğurlarını görəndə hər bir vətənpərvər insan, hər bir vətəndaş haqlı olaraq qürur hissi keçirir. Bu sevinci xalqa bəxş etdiyi üçün mən bütün idmançılara, onların məşqçilərinə, idman mütəxəssislərinə öz minnətdarlığımı bildirmək istəyirəm.

Gələn il, 2007-ci il mənim üçün də çox əlamətdar olacaqdır. Çünki mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə 1997-ci ildə seçilmişəm və artıq bunun on ili olacaqdır. Bu on il də böyük tarixi bir dövrdür. Hesab edirəm ki, bu on ildə Azərbaycan idmanının şöhrəti yüksəklərə qalxmışdır. Bizim bütün planlarımız həyatda öz əksini tapdı və gələcək planlarımız da öz əksini tapacaqdır. Çünki artıq bunu deməyə bizim tariximiz imkan verir, verilən bütün vədlərin həyatda öz əksini tapması imkan verir.

Mən həmişə idmançılarla görüşəndə çox şad oluram, onları görürəm, bütün idmançıların nailiyyətləri ilə maraqlanıram. Düzdür, əvvəlki illərdən fərqli olaraq, indi bəlkə də buna o qədər vaxt sərf edə bilmirəm. Ona görə bəzi hallarda siyahılarda mənim üçün tanış olmayan adları görəndə deyirəm ki, bu, kimdir, mən bunu niyə tanımıram. Çünki mən bütün idmançıları şəxsən tanıyırdım və tanımaq istəyirəm. Onların imkanlarını da bilirəm. Artıq son müddət ərzində görəndə ki, siyahılara yeni, tanış olmayan adlar daxil olur, bir tərəfdən, təəssüf edirəm ki, onlarla görüşməyə vaxtım olmayıbdır, digər tərəfdən isə sevinirəm, gənc nəsil yetişir. Deməli, gənclər artıq böyük uğurlara nail olurlar. Beləliklə, Azərbaycanın idmanı yaşayacaq, davam edəcəkdir. Beləliklə, Azərbaycan xalqı yaşayacaq, inkişaf edəcəkdir. Çünki idmançılar xalqın nümayəndələridir. Onlar imkanlarını, bəzi hallarda sağlamlığını beynəlxalq yarışlarda Azərbaycanın üçrəngli bayrağının qaldırılmasına həsr edirlər. Ona görə onların əməyi yüksək səviyyədə qiymətləndirilməlidir.

Mən fürsətdən istifadə edib, sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəyliyi günü, Yeni il bayramı münasibətilə ürəkdən təbrik etmək və 2007-ci ildə hamınıza uğurlar, cansağlığı arzulamaq istəyirəm. Sağ olun.

***

Sonra Azərbaycanda idmanın inkişafında böyük rolu olmuş idmançıların, məşqçilərin, idman mütəxəssislərinin mükafatlandırılması oldu. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, cənab Prezident, ilin yekunlarına görə idmançılara pul mükafatı təqdim edilmişdir. İndi isə icazənizlə, yeni mənzillərin orderləri veriləcəkdir. İlk növbədə, bizim bir maşın mükafatımız vardır. Bu, boks üzrə gənclərdən ibarət yığmanın baş məşqçisi Şamil Əlimzanova verilir.

Prezident İlham Əliyev avtomobilin açarını Şamil Əlimzanova təqdim etdi.

Sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cüdo üzrə Avropa çempionu Elnur Məmmədliyə, taekvondo üzrə Avropa çempionu İlkin Şahbazova, cüdo üzrə Avropa çempionatının gümüş mükafatçısı Kifayət Qasımovaya, karate-do üzrə dünya və Avropa çempionu Qurban Tağıyevə, boks üzrə Avropa çempionatının mükafatçısı Cavid Tağıyevə, boks üzrə yığma komandanın üzvü, gənclər arasında Avropa çempionu, Dünya kuboku yarışının bürünc mükafatçısı Samir Məmmədova, güləş üzrə əməkdar məşqçi Soltan Kərimova, futbol veteranı Asif Əliyevə, boks üzrə yığma komandanın məşqçisi Əsgər Eyvazova, idman fotomüxbiri Dilavər Nəcəfova, basketbol üzrə yığma komandanın üzvü Zaur Xasayevə, gimnastika üzrə əməkdar məşqçi Elşad Nərimanova, güləş üzrə dünya çempionatının gümüş mükafatçısı Rövşən Bayramova, cüdo üzrə gənclərdən ibarət yığma komandanın məşqçisi İbadulla Şahbanova, kinq-boksinq üzrə dünya çempionu Eduard Tağıyevə, həndbol üzrə yığma komandanın kapitanı Marina Pankatskayaya, şahmat üzrə Avropa çempionu İlahə Qədimovaya, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Qəhrəman Məmmədyarova, sərbəst güləş üzrə məşqçi Xosrov Cəfərova, güləş üzrə məşqçi Cavanşir Qurbanova, otüstü xokkey komandasının üzvü Zərifə Zeynalovaya yeni mənzillərin orderlərini təqdim etdi.

Bildirildi ki, voleybol üzrə milli komandanın üzvü Valeriya Korotenkoya mənzilin orderi ona xarici ölkədən yarışdan qayıtdıqdan sonra veriləcəkdir.

Prezident İlham Əliyev mərasim iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə bir daha təbrik etdi, onların hər birinə xoşbəxtlik, cansağlığı arzuladı.

BAKI. 26.12.2006.AzərTAc.