AZƏRBAYCAN MOK-UN PREZİDENTİ İLHAM ƏLİYEVİN İŞTİRAK ETDİYİ MİLLİ OLİMPİYA KOMİTƏLƏRİ ASSOSİASİYASININ BAŞ ASSAMBLEYASI ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR

Bu il mayın 21-dən 25-nə kimi Malayziyanın pataxtı Kuala-Lumpur şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının 13-cü Baş Assambleyası keçirilmişdir. Assambleyanın işində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və vitse-prezident Çingiz Hüseynzadə iştirak etmişlər.

Milli Olimpiya Komitələri Assosiasiyasının Kuala-Lumpur şəhərindəki toplantısı bu təşkilatın hesabat-seçki baş assamleyası olmuşdur.

Ayın 21-də Kuala-Lumpur şəhərində Avropa Olimpiya Komitəsinin növbədənkənar assambleyası keçirilmişdir. AOK-un növbədənkənar assambleyasında Milli Olimpiya Komitələri Assosiasiyasını Beynəlxalq Olimpiya Komitəsində təmsil edəcək Avropadan olan namizdələr seçilmişdir.

Mayın 22-də Milli Olimpiya Komitələri Assosiasiyası öz işini davam etdirmişdir. Həmin gün assambleyada Milli Olimpiya Komitələri Assosiasiyasının qitələr üzrə vitse-prezidentlərinin raportları və assosiasiya komissiyalarının fəaliyyəti haqqında məlumatlar dinlənilmişdir. Günün ikinci yarısında Milli Olimpiya Komitələri Assosiasiyasının prezidentinin seçkiləri keçirilmişdir. Mario Vaskes Rana yenidən Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti seçilmişdir.

Mayın 22-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bir sıra işgüzar görüşləri olmuşdur. İlham Əliyevin Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana ilə keçirdiyi görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti, onun respublikada Olimpiya Hərəkatının genişləndirilməsi sahəsində son illərdə əldə etdiyi uğurlar haqqında, komitənin gələcək fəaliyyəti barədə söhbət getmişdir. Mario Vaskes Rana Azərbaycan Milli Olimpiya Komitəsinin gördüyü işləri yüksək qiymətləndirmiş, bu təcrübənin yayılmasının vacibliyini qeyd etmişdir. Görüşdə Milli Olimpiya Komitələri Assosiasiyası ilə Azərbaycan Olimpiya Komitəsi arasında əlaqə və əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdə Mario Vaskes Rana Azərbaycan prezidenti Heydər Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyasının Olimpiya Hərəkatı və idmanın inkişafında böyük xidmətləri olan görkəmli dövlət xadimlərinə verilən "Olimpiya ləyaqəti" mükafatına layiq görüldüyünü qeyd etmiş və həmin mükafatı Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə verərək onun Azərbaycan prezidentinə təqdim edilməsini xahiş etmişdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante arasında görüş də işgüzar və səmimi şəraitdə keçmişdir. Görüşdə MOK-un ölkə daxilindəki fəaliyyəti və qitə təşkilatının tədbirlərində iştirakı barədə söhbət getmişdir. AOK-un prezidenti Mario Peskante Azərbaycana səfərini xatırlamış, ötən müddətdə Azərbaycan Milli Olimpiya Komitəsinin gördüyü yeni işlərdən məmnun olduğunu söyləmiş, Azərbaycanda Olimpiya Hərəkatının və idmanın belə yüksək bir templə inkişafını alqışlamışdır.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin növbəti görüşü Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnovla olmuşdur. Səmimi və işgüzar şəraitdə keçən bu görüşdə beynəlxalq Olimpiya Hərəkatının bir çox məsələləri ətrafında söhbət getmiş, Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunmuşdur.

Elə həmin gün İlham Əliyev Avropa Olimpiya Komitəsinin baş katibi Patrik Hikey və bir sıra ölkələrin Milli Olimpiya Komitələrinin prezidentləri ilə görüşmüşdür. Bu görüşlərdə də MOK-un fəaliyyəti, onun Olimpiya Hərəkatının inkişafı sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət getmiş, təcrübə mübadiləsi aparılmışdır.

Kuala-Lumpurda İlham Əliyev Beynəlxalq ağırlıqqaldırma Federasiyasının prezidenti Tomaş Ayanla da görüşmüşdür. Tomaş Ayan bu yaxınlarda Azərbaycana səfəri, Bakıda ölkə çempionatında iştirakı barədə danışmışdır. Tomaş Ayan Azərbaycana iki səfəri arasında bir il keçəməsinə baxmayaraq respublikada idman sahəsində olduqca böyük irəliləyişlərin baş verməsini vurğulamışdır. O, Azərbaycanda ağır atletika üzrə nəinki Avropa, hətta dünya çempionatlarının keçirilməsi üçün hər cür şəraitin olduğunu qeyd etmişdir. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Tomaş Ayanın Azərbaycana səfəri zamanı Bakıda olmamasına təəsüfləndiyini bildirmiş, ölkədə idman və Olimpiya Hərəkatı sahəsində xoş sözlərinə görə ona təşəkkür etmişdir. İlham Əliyev Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Azərbaycanla əlaqələrinin bundan sonra da daha sıx şəkildə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.

Mayın 23-də Milli Olimpiya Komitələri Assosiasiyasının XIII Baş Assambleyası öz işini davam etdirmişdir. İştirakçılar assambleyanın gündəliyndə olan bir sıra məsələləri müzakirə etmişlər. Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana Milli Olimpiya Komitələrinin Olimpiya Hərəkatının inkişafı ilə bağlı fəaliyyətindən danışarkən Azərbaycan Olimpiya Komitəsinin gördüyü işlərdən xüsusi bəhs etmiş, bu komitənin əldə etdiyi nailiyyətlərdən söhbət açmışdır. O, Azərbaycan Milli Olimpiya Komitəsinin Milli Olimpiya Komitələri Assosiasiyasının xüsusi mükafatına layiq görüldüyünü qeyd etmiş və mükafatı MOK-un prezidenti İlham Əliyevə təqdim etmişdir. Həmin mükafatın üzərində yazılmışdır: "Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi olimpiya ideallarının bütün dünyada yayılması və idmanın inkişafında görkəmli xidmətlərinə görə təltif olunur."

Mayın 23-də Azərbaycan Milli Olimpiya Komitəsinin prezdenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqun iqamətgahında onunla görüşmüşdür. BOK prezidenti Jak Roqq Azərbaycanda idmanın inkişafından, Olimpiya hərəkatının genişlənməsindən, ölkəmizdə yeni idman komplekslərinin, qurğularının tikintisi sahəsində əldə olunmuş nailiyyətlərdən, Azərbaycanda bir sıra mötəbər beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilib keçirilməsindən xəbərdar olduğunu bildirmişdir. O demişdir: Sərbəst güləş üzrə 45-ci Avropa çempionatının nətijələri təsdiq edir ki, Azərbaycanda belə yüksək səviyyəli yarışların təşkili və keçirilməsi üçün hər cür şərait vardır. BOK prezidenti Jak Roqq Azərbaycanda Olimpiya Hərəkatının sürətlə inkişaf edib genişlənməsindən böyük məmnunluq duyduğunu vurğulamışdır. Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev son vaxtlar ölkəmizdə idmanın inkişafı, Olimpiya Hərəkatının genişlənməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə BOK prezidentinə geniş məlumat vermişdir. Söhbət zamanı Jak Roqq Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev ilə Bakıda keçirdiyi görüşlərini məmnunluqla xatırladığını bildirmiş, ölkəmizin başçısının idmana və Olimpiya Hərəkatına diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Cənab Jak Roqq onun salamlarını və ehtiramını cənab prezident Heydər Əliyevə çatdırmağı İlham Əliyevdən xahiş etmişdir.

Mayın 24-də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti Beynəlxalq Olimpiya Komitəsinin Milli Olimpiya Komitələri ilə əlaqələr və Olimpiya Həmrəyliyi idarəsinin direktoru Pere Miro ilə görüşmüşdür. Bu görüşdə Olimpiya Həmrəyliyi idarəsi ilə müştərək işlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Mayın 25-də Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası öz işini davam etdirmişdir. Həmin gün Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi ilə Milli Olimpiya Komitələri nümayəndələrinin birgə ijlası keçirilmişdir. İclasda BOK-un prezidenti Jak Roqq geniş məruzə etmişdir. Jak Roqq son on iki ildə Olimpiya Oyunlarının proqramında əsaslı dəyişiklik edilmədiyini qeyd etmiş, bununla əlaqədar xüsusi müzakirənin keçirilməsinin vacibliyini bildirmişdir. O, Olimpiya Oyunları proqramına daxil edilmiş yarışların və iştirakçıların sayının artırılmaması şərti ilə Olimpiya Oyunları proqramına yenidən baxılması təklifi ilə çıxış etmişdir. Geniş fikir mübadiləsindən sonra qeyd olunan məsələ ilə bağlı təkliflərin toplanması və bu təkliflərin BOK-un bu ilin noyabr ayında keçiriləcək sessiyasında geniş müzakirə edilməsi haqqında qərar qəbul edilmişdir.

Mayın 25-də Malayziyanın pataxtı Kuala-Lumpur şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının 13-cü Baş Assambleyası öz işini başa vurmuşdur.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mayın 26-da Vətənə qayıtmışdır.

Bakı, 28 may 2002, "Olimpiya dünyası"