İdmansevərlərimiz hələ də qadınlardan ibarət həndbol üzrə yığma komandamızın əldə etdiyi nailiyyət sevincini yaşayırlar. Həndbolçularımız mayın 7-dən 12-dək Avropa Həndbol Federasiyasının ölkəmizdə keçirilən beynəlxalq "Challence Trophy" ("Çağırış kuboku") turnirində inamlı qələbələr qazanaraq, qitənin nüfuzlu kubokuna sahib olmuşlar.
Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev iyunun 12-də MOK-un inzibati binasında həndbol üzrə yığma komandaların üzvləri, onların məşqçiləri və Azərbaycan Həndbol Federasiyasının rəhbərliyi ilə görüşmüşdür.
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev görüşü açaraq idmançıları salamladı və dedi: - Mən sizi "Challence Trophy" turnirində uğurlu çıxışınız münasibətilə təbrik etmək istəyirəm. Çox sevindirici haldır ki, qısa müddətdə bizdə bu cür gözəl komanda yaradılmışdır və o, belə mötəbər turnirlərdə qalib gəlir. Bu, xüsusilə ona görə sevindiricidir ki, Azərbaycanda idmanın oyun növləri, o cümlədən həndbol, adətən, həmişə güclü olmuşdur. İki olimpiya çempionunun - Rəfiqə Şabanovanın və Lyudmila Şubinanın bu görüşdə iştirak etməsi buna misal ola bilər. Onlar Bakını da, Azərbaycanı da həmişə şöhrətləndirmişlər.
Ancaq müəyyən mərhələdə idmanın bir çox digər növlərindəki kimi, həndbolda da tənəzzül baş verdi. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardı. Lakin ən başlıcası budur ki, bütövlükdə Azərbaycan idmanının, o cümlədən hənbolun şöhrətini qısa müddət ərzində bərpa etmək mümkün oldu. Son illər bizim böyük nailiyyətlərimiz var, çoxlu qələbələr, medallar qazanılmışdır və cəmiyyətimiz, azarkeşlər qələbələrə, bir növ, vərdiş etmişlər. Bu isə üzərimizə daha böyük məsuliyyət qoyur. Hərçənd idman idmanlığında qalır və burada heç də həmişə qələbə qazanmaq mümkün olmur.
Lakin indi Azərbaycan idmanının ənənələrinin dirçəldiyini nəzərə alaraq, inanıram ki, həndbolda da, başqa növlərdə də hələ çox qələbələrimiz olacaqdır. İdmanın oyun növləri daha mürəkkəbdir. Təkbətək idman növlərində də yüksək yerlər tutmaq asan deyil, ancaq idmanın oyun növlərində böyük rəqabət var. Əgər təkbətək növlərdə müxtəlif çəki dərəcələri vardırsa, komandanın bir üzvü qalib gələ, digər üzvü uduza bilərsə, idmanın oyun növlərində belə şeylər yoxdur. Burada komanda qalib gəlir. Ona görə də sizin bu qələbəniz göstərir ki, Azərbaycan idmanın oyun növlərində müvəffəqiyyətə nail olur. Bütün bunlar Azərbaycan idmanının, ümumən, ölkəmizin nüfuzunu daha da yüksəldir.
Mən sizin oyununuza məmnuniyyətlə baxırdım və sevindirici haldır ki, komanda yüksək ustalıq nümayiş etdirirdi, axı sizin rəqibləriniz zəif deyildi. Komandanın səviyyəsinin yüksəlməsi göz qabağındadır. Bunda ilk növbədə Həndbol Federasiyasının böyük xidməti var. Biz Heydər Babayevi federasiyanın rəhbəri vəzifəsinə tövsiyə etdikdə orada vəziyyətin ağır olması heç kimə sirr deyildi. O, federasiyanın işini qısa müddətdə canlandırdı. Bizdə, əslində, bütün federasiyalarda elə bir təcrübə yaranmışdır ki, bu qurumlara nüfuzlu adamlar rəhbərlik edirlər və onların ətrafında idmanın konkret növləri üzrə mütəxəssislər, məşqçilər işləyirlər. Məhz bu amillərin vəhdəti müvəffəqiyyətin rəhnidir.
Azərbaycanda idman ictimai həyatda mühüm amilə çevrilmişdir. Biz buna çalışırdıq. Məqsədimiz bu idi ki, idmançılara hörmət bəsləsinlər, onlarla fəxr etsinlər, gənclər, yeniyetmələr, uşaqlar idmanla məşğul olmağa çalışsınlar. İndi bütün bunlar Azərbaycanda baş verir, insanların şüurunda belə bir fikir möhkəmlənir ki, idmançı layiqli peşədir.
Çox şadam ki, Azərbaycanda bu cür gözəl komanda mövcuddur. Rəfiqə xanım, Lyudmila xanım, sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Siz əvvəllər də Azərbaycana şöhrət gətirmisiniz. Hazırda məşqçi işləyirsiniz, bu cür komanda yaratmısınız. Bilirəm ki, sizin komandalarınızın arasında böyük rəqabət var. Əgər rəqabət olmasa, irəliləyiş də olmaz. Ancaq yığma komandada birgə çalışırsınız və dostluq etdiyinizi də bilirəm. Buna çox şadam və sizi bir daha təbrik edirəm. Milli Olimpiya Komitəsinin daim sizə köməklik göstərəcəyinə əmin ola bilərsiniz.
Sonra Azərbaycan Həndbol Federasiyasının prezidenti Heydər Babayev çıxış edərək dedi:
- İlham müəllim, bütövlükdə idmanımıza verdiyiniz dəstəyə görə Həndbol Federasiyası adından minnətdarlığımı bildirirəm.
Doğrudan da, Azərbaycanda həndbolun böyük ənənəsi var. Sizin tövsiyənizlə işə başlayanda belə nəhəng mexanizmin hərəkətə gətiriləcəyini təsəvvür belə etmirdim. O zaman vəziyyət acınacaqlı idi. Lakin sizin adınız bizə hər zaman dayaq oldu. Həndbolçu qızlar qayğınızı daim hiss edirlər.
Biz də öz növbəmizdə işimizi bununla yekunlaşdırmayacağıq. Azərbaycan həndbolu yalnız burada iştirak edən yığma komandalardan ibarət deyil, o, kişilərdən, yeniyetmələrdən, gənclərdən ibarət komandaları da əhatə edir. Avropa səviyyəsində həndbol nümayiş etdirərək, ölkədə bu idman növünün populyarlaşmasına səy göstərəcəyik. İnanıram ki, qarşıdakı həm Avropa, həm də kubok yarışlarında layiqli yer tutacağıq.
Qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəfiqə Şabanova və komandanın kapitanı Reyhan Nəbiyeva komandaya daim qayğıya görə, idman veteranlarına yardıma görə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürlərini bildirdilər və onu əmin etdilər ki, Azərbaycan həndbolunun beynəlxalq aləmdə layiqincə təmsil olunması üçün qüvvələrini əsirgəməyəcəklər.
Rəfiqə Şabanova komandanın qazandığı kuboku göstərdi və onun surətini İlham Əliyevə hədiyyə etdi. O, Milli Olimpiya Komitəsinin prezidentinə turnirin final görüşünün videokasetini də bağışladı.
Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev və görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.
Görüşdə gənclər, idman və turzim naziri Əbülfəs Qarayev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edirdilər.
Bakı, 18 iyun 2002, "Olimpiya dünyası"