Həmin gün Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev tanınmış basketbolçu Rimas Kurtinaytislə görüşmüşdür.
İlham Əliyev qonağı salamlayaraq dedi ki, Azərbaycanın Milli Olimpiya Komitəsi idmanın komanda növlərinin inkişafına böyük əhəmiyyət verir. Bizdə idmanın fərdi növlərində çox yüksək nailiyyətlər qazanılmışdır. Amma idmanın komanda növləri çox vacibdir, çünki bunlar ölkədə idmanın inkişafının göstəriciləridir. Son vaxtlar voleybolda, həndbolda da yaxşı nəticələr əldə olunmuşdur. Ancaq basketbol Azərbaycanda inkişaf etməyibdir, ona görə də MOK rəhbərliyi istəyir ki, bütün dünyada çox məşhur olan bu idman növü bizim ölkəmizdə də geniş yayılsın. Odur ki, biz Litva və Azərbaycanın basketbol federasiyaları arasında əməkdaşlığa böyük əhəmiyyət veririk.
Rimas Kurtinaytis Azərbaycana səfərə dəvətə görə təşəkkür edərək bildirdi ki, Bakıda olduğu müddətdə idmançıların hazırlanması şəraiti ilə tanış olmuşdur. Son illər Azərbaycanda idmanın bir çox növlərinin inkişafı ücün yaxşı şərait yaradılmışdır, Litva isə hələlik bununla öyünə bilməz. Görünür ki, ölkənizdə gənclərə, onların fiziki və mənəvi tərbiyəsinə böyük əhəmiyyət verilir. Qonaq dedi ki, Azərbaycanın iqtisadi nailiyyətlərinə Litvada da bələddirlər.
İlham Əliyev bildirdi ki, MOK-un əsas vəzifələrindən biri gənclərin asudə vaxtlarını boş kecirməməsi ücün onları idman bölmələrinə cəlb etməkdən ibarətdir. Bundan ötrü, ilk növbədə, gənclərə diqqət göstərmək, şərait yaratmaq, onları həvəsləndirmək lazımdır. MOK-un prezidenti dedi ki, son illər Azərbaycanda, təkcə paytaxtda deyil, rayonlarda da çoxlu idman qurğuları tikilmişdir. Bakıda olimpiya kompleksi tikildikdən sonra, Naxçıvanda, Maştağa qəsəbəsində də belə idman qurğuları istifadəyə verilmişdir. Gəncə, Bərdə və Şəki şəhərlərində də idman kompleksləri artıq hazırdır. Lənkəranda idman kompleksi tikilir. Yəni, Azərbaycanın bütün bölgələrində bu istiqamətdə işlər görülür.
Bakı, 17 avqust 2002, AzərTac