AZƏRBAYCAN PAYTAXTINDA DAHA BİR İDMAN BAYRAMI KEÇİRİLƏCƏK

MOK rəhbəri İlham Əliyevin Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi ilə görüşündə Bakıda təşkil olunacaq gimnastika üzrə Dünya kuboku yarışlarına hazırlıq müzakirə edilib

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Beynəlxalq Gimnastika Federasiyasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Bruno Qrandi başda olmaqla Federasiyanın nümayəndə heyətini qəbul edib.

İlham Əliyev qonaqları MOK üzvləri adından salamlayaraq, onlara Azərbaycanda idmanın inkişafı haqqında ətraflı məlumat verib. MOK prezidenti bildirib ki, ölkəmiz idmanın bir çox növlərində xeyli tərəqqi əldə edib, Azərbaycan idmançıları Sidneydə keçirilmiş Olimpiya oyunlarında yaxşı nəticələrə nail olublar. İlham Əliyev gimnastikanı olimpiya oyunlarının mühüm hissəsi və idmanla incəsənətin vəhdət təşkil etdiyi növ adlandıraraq bildirib ki, Azərbaycan Gimnastika Federasiyasının yeni rəhbərliyinin səyləri sayəsində uşaqlar və gənclər arasında gimnastikaya maraq artıb. MOK-un və Milli Gimnastika Federasiyasının başlıca məqsədi gimnastlarımızın olimpiya oyunlarında iştirakı üçün lisenziyalar qazanmaqdır.

Daha sonra İlham Əliyev Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, müxtəlif federasiyaların ölkəmizdə idmanın inkişafına yönəldilmiş birgə fəaliyyətindən danışıb. O, qonaqları əmin edib ki, bu təşkilatlar cari ilin yayında Bakıda gimnastika üzrə Dünya kuboku uğrunda mərhələ yarışlarının və 2005-ci ilin avqustunda dünya çempionatının uğurla keçirilməsi üçün səylərini əsirgəməyəcəklər.

Bruno Qrandi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək bildirib ki, onların səfərində əsas məqsəd gimnastika üzrə iki mötəbər yarışın keçiriləcəyi Azərbaycanın idman komplekslərindəki şəraitlə tanış olmaqdır. O vurğulayıb ki, Beynəlxalq Gimnastika Federasiyası yerli federasiyalarla əlaqələrə çox böyük diqqət yetirir, onlara hər vasitə ilə kömək etməyə çalışır. Bu baxımdan, Azərbaycan Gimnastika Federasiyası diqqət mərkəzindədir, çünki o, Bakıda belə genişmiqyaslı yarışların keçirilməsi ilə əlaqədar çox iş görməli olacaqdır.

Bu yarışlardan ən əhəmiyyətlisi 55-dək ölkənin idmançılarının iştirakı ilə keçiriləcək və gedişini 200-dən çox jurnalist işıqlandıracaq dünya çempionatıdır. "Çempionatın keçirildiyi günlərdə şəhəriniz bütün dünyanın diqqət mərkəzində olacaq, ona görə də turnirə yaxşı hazırlaşmaq üçün biz fəal əməkdaşlıq etməliyik" - deyə qonaq əlavə edib. Onun sözlərinə görə, Bakının idman qurğuları yüksək səviyyədədir, başçılıq etdiyi federasiya isə texniki yardım göstərəcək. Sonra İlham Əliyev və Bruno Qrandi bu məsul yarışların təşkili ilə bağlı bir sıra digər məsələləri müzakirə etdilər. Qəbulda gənclər, idman və turizm naziri Əbülfəs Qarayev, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva iştirak ediblər.

BAKI. 28.04.2003. Bizim Əsr.