Azərbaycan qədim idman ənənəsi olan ölkədir. Müasir Olimpiya Oyunlarının başlandığı ilk dövrlərdə, daha dəqiq desək, ötən əsrin əvvəllərində Azərbaycan paytaxtı, dünyanın ən böyük neft şəhəri olan Bakıda da idman sürətlə inkişaf edirdi. Şəhərdə güləş, yüngül atletika, futbol, su idmanı növləri, qimnastika ilə məşğul olan xeyli klublar yaranmışdır. O dövtdə ölkə Rusiyanın tərkibində idi və onun idmançılarının Olimpiadalarda iştirakı bilavasitə Rusiyadan asılı idi. 1912-ci ildə keçirilmiş Olimpiya Oyunlarına Rusiya da qatılmışdır. Həmin oyunlarda Rusiya komandasının tərkibində 178 idmançı vardı. Bu atletlər arasında Azərbaycan idmançısının olub-olmaması araşdırmalar tələb edir. Azərbaycanda güləşin və bir sıra başqa idman növlərinin inkişaf tarixi nəzərə alınarsa müəyyən ehtimalla demək olar ki, hələ 1912-ci il Olimpiya Oyunlarında Rusiya komandasının tərkibində ölkəmizdən idmançılar ola bilərdi. Lakin bu fərziyyənin nə dərəcəsində doğruluğu haqqında fikir söyləmək çətindir. 1916-cı ilin Olimpiya Oyunlarının keçirilməsinə dünya müharibəsi mane oldu.
1920-ci ildə Azərbaycan müstəqillik qazansa da, onu uzun müddət qoruyub saxlaya bilmədi. Azərbaycanda sovet hakimiyyəti quruldu. Ölkə SSRİ-nin tarkibinə daxil edildi.
1951-ci ildə SSRİ-nin Olimpiya Komitəsi yarandı. 1952-ci ildə isə SSRİ Olimpiya Oyunlarında iştirak etdi. Məhz bu dövrdən başlayaraq, yəni 1952-1992-ci illərdə SSRİ yığma komandasının tərkibində Azərbaycan idmançıları da Olimpiya Oyunlarında iştirak etmişlər. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Lakin ölkə Milli Olimpiya Komitəsi 1992-ci ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən hələ tanınmadığna görə Azərbaycan idmançıları Müstəqil Dövlətlər Birliyi adlanan qurumun birləşmiş komandası tərkibində Barselona Olimpiadasında iştirak etdi. 1996-cı il isə Azərbaycan Olimpiya Hərəkaiı tarixinə ölkənin ilk dəfə müstəqil dövlət kimi Olimpiya Oyunlarında iştirakı ilə yazılmışdır. Beləliklə, qeyd olunanlara, hələlik məlum faktlara istinadla demək olar ki, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk iştirakı 1952-ci ildən başlanır. Ümumiyyətlə götürdükdə isə Azərbaycanın Olimpiya Oyunlarında iştirakını belə dövrləşdirmək olar:
- Azərbaycan idmançılarının SSRİ-nin yığma komandası tərkibində Olimpiya Oyunlarında iştirakı (1952-1988);
- Azərbaycan idmançılarının Müstəqil Dövlətlər Birliyinin komandası tərkibində Olimpiya Oyunlarında iştirakı (1992);
- Müstəqil Azərbaycanın Olimpiya Oyunlarında iştirakı (1992-dən sonrakı dövr).