ÜMUMDÜNYA YENİYETMƏLƏR OYUNLARI

Ümumdünya Yeniyetmələr Oyunları öz əhatə dairəsinə, iştirakçıların sayına, oyunların təşkilinə və başqa göstəricilərə görə Olimpiya Oyunlarından heç də geri qalmadı. Təsadüfi deyil ki, bu oyunları çox vaxt Yeniyetmələrin I Olimpiya Oyunları adlandırırlar.

Olimpiya Hərəkatı tarixində olimpiya ilə bağlı müxtəlif kütləvi idman tədbirləri, yarışlarla müşaiyət olunan idman bayramları, festivallar çox keçirilmişdir. Bu tədbirlər arasında yeniyetmə və gənclərin idmana cəlb olunması, onların idman ustalığının artırılması məqsədi daşıyanlar daha diqqətəlayıq sayılmışdır. Yeniyetmələrin Olimpiya Günlərinin təşkili və keçirilməsi ilk dəfə Avropada ənənəvi və dövri tədbirə çevrilmişdir. Avropa Yeniyetmələrinin ilk Olimpiya Günlərinin keçirilməsindən indi on bir il keçmişdir. Bu müddətdə çox işlər görülmüş, olimpiya günləri böyük idman bayramı səviyyəsinə qal-dırılmışdır.

2000-ci ildən bu yarışlar Avropa Yeniyetmələrinin Olimpiya Festivalı adlanır.

AYOF Avropa Olimpiya Komitəsinin nəzarəti və rəhbərliyi, Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir.

İlk Yay Avropa Olimpiya günlərinə 1991-ci ildə Belçikanın Brüssel şəhəri ev sahibliyi etmişdir. Brüsseldəki Olimpiya günlərində Avropanın 32 ölkəsindən 2000-dən çox nümayəndə qeydə alınmışdır. Belçikanın paytaxtında Olimpiya günləri çərçivəsində 9 idman növü üzrə (yüngül atletika, basketbol, stolüstü tennis, futbol, cüdo, tennis, voleybol, gimnastika, üzgüçülük) idmançılar 74 dəst medal uğrunda mübarizə aparmışlar. Ən çox medal qazanmış (31) Fransa idmançıları qeyrirəsmi komanda birinciliyində birinci yeri tutmuşlar. Brüsseldə SSRİ (29) ikinci, İngiltərə (27) üçüncü yerə çıxmışdı. Qeyd etmek lazimdir ki, bu gunlerde SSRi-ni təsmsil edən idmançılar arasında Azərbaycan cüdoçuları da olmuşlar.

Avropa yeniyetmələrinin ikinci yay Olimpiya günləri 1993-cü ildə Hollandiyanın Valkensvad şəhərində keçirilmişdir. Bu günlərdə 43 ölkədən 2000-ə yaxın idmançı iştirak etmişdir.

Valkensvadda yeniyetmə idmançılar 8 idman növü (yüngül atletika, gimnastika, cüdo, üzgüçülük, tennis, basketbol, voleybol və velosiped idmanı) üzrə 80 dəst medal uğrunda mübarizə aparmışlar.

Qeyri-rəsmi komanda birinciliyində ilk üç yeri Rusiya (25 medaI-9, 10,6), İspaniya (20-9,6,5), İtaliya (22-8,6,8) tutmuşdur.

Hollandiyada keçirilən Avropa Olimpiya Günlərində ilk dəfə Azərbaycan idmançıları da çıxış etmişlər. Qızlar arasında 100 m məsafəyə qaçışda yüngül atletimiz Elvira Cabbarova 12,05 san. nəticə göstərərək gümüş medal qazanmışdır. Azərbaycan idmançıları 1993-cü ildəki Olimpiya Günlərində cüdo yarışlarında da fərqlənmislər. 60 kq çəki dərəcəsində güləşən cüdoçumuz Turan Cəfərov bütün rəqiblərinə qalib gələrək Valkensvad yarışlarının qızıl medalını ölkəmizə gətirmişdir.

46 kq çəkidə cüdoçu İlham Məmmədov gümüş, 65 kq çəkidə isə Taleh Sultanov bürünc medal qazanmışdır. Beləliklə, Avropa Yeniyetmələrinin II Olimpiya Günlərində idmançılarımız 4 (1 qızıl, 2 gümüş, 1 bürünc) medal əldə etmişlər.