ESBYORQ VƏ MURSİYADA OLİMPİYA GÜNLƏRİ

1999-cu ildə Olimpiya Günləri Danimarkanın Esbyorq, 2001-ci ildə İspaniyanın Mursiya şəhərlərində keçirildi. Bu yarışlar kitabda ayrıca bölmə şəklində verilmişdir.

Danimarkanın Esbyorq şəhərində Avropa Yeniyetmələrinin Olimpiya Günləri tədbirində iştirak etməyə qitənin 48 dövlətindən 2500-dək nümayəndə gəlmişdi. Olimipiya günləri çərçivəsində 11 idman növü üzrə yarışların keçirilməsi planlaşdırılmışdı. Bu yarışlarda 48 dövlətdən 1625 yeniyetmə idmançı, o cümlədən, 855 oğlan, 770 qız iştirak etdi. Mübarizə 87 medal dəsti uğrunda aparıldı.

İyulun 11-də axşam saat 8-də Esbyorqun mərkəzi stadionunda növbəti Olimpiya Günlərinin açılışı oldu. Əvvəlcə Avropa Olimpiya Komitəsinin bayrağı stadiona gətirildi. Sonra Olimpiya günlərində iştirak edən ölkələrin nümayəndə heyətlərinin paradı oldu. Avropanın 48 ölkəsindən olan idmançıları tamaşaçılar gurultulu alqışlarla qarşıladılar.

Resmi hissədə BOK-un prezidenti Xuan Antonio Samaranç qısa nitq söylədi. O, Avropa Yeniyetmələrinin Olimpiya Günlərini Pyer de Kubertenin irəli sürdüyü Olimpiya ideallarının yeni bir təntənəsi, yeniyetmə və gəncləri Olimpiya hərəkatına daha fəal cəlb edən tədbir olduğunu qeyd edərək göstərdi ki, dostluq, həmrəylik və sülh Olimpiya ideallarının əsasını təşkil edir. Olimpiya günlərinə gəlmiş, bu günlərdə iştirak edən hər kəs bunu unutmamalı və bu ideallara sadiq qalmalıdır.

Esbyorqda bir həftə davam edən yarışlarda respublikamızdan olan 33 idmançı badminton, velosiped, tennis, həndbol (qızlar), üzgüçülük, yüngül atletika və cüdo növləri üzrə öz qüvvəsini sınadı. Lakin yalnız cüdoçular bu yarışlarda müvəffəqiyyət qazana bildilər.

İdmançılarırnız Esbyorqa yola salınarkən mütəxəssislər məhz bu növdə medal qazanmaq perspektivi olduğunu qeyd etmişdiəer. Yarışlar oğlanlar və qızlar arasında keçirilirdi. Yarışlarda 145 oğlan, 98 qız iştirak edirdi. Oğlanlar 50, 55, 60, 66, 73, 81, 90, +90kq; qızlar 44, 48, 52. 57, 63, 70kq çəki dərəcələrində mübarizə aparırdılar. Respublikamızı qızlar arasında yarışlarda Turan Qaradağlı və Kifayət Qasımova təmsil edirdi.

İyulun 12-də cüdo zalında idmançılarımızdan ilk olaraq 48kq çəki dərəcəsində qızlar arasında yarışda Turan Qaradağlı mübarizəyə qoşuldu. Tatami üzərində onun ilk rəqibi türk idmançısı oldu. Hakim görüşün başlanması işarəsini verən kimi Turan hücuma keçdi və xalis qələbə qazandı. İkinci görüşdə Turan Hollandiya idmançısı ilə qarşılaşdı. Turan gözəl fənd işlədərək yenə də görüşü vaxtınan əvvəl ipponla başa vurdu. Finala çıxmaq uğrunda mübarizədə Turan daha təcrübəli olan və Yeniyetmələrin Ümumdünya Oyunlarında birinci yeri tutmuş rus idmançısı Tatyana Bobalova ilə qarşılaşdı. Görüşü yüksək səviyyədə keçirən və hesabda irəli çıxan idmançımız son saniyələrdə təşbəbüsü əldən verdi. Onun rəqibi fənd işlədərək hesabda irəli çıxdı və qalib gəldi. Turanın bu məğlubiyyəti ona pis təsir göstərdi. O, üçüncü yer uğrunda mübarizədə özünü ələ ala bilmədi, üstünlüyü yenə əldən verərək məğlub oldu və nəticədə beşinci yerlə kifayətləndi.

Çəkisi 52 kq olan qızlar arasında yarışda respublikamızı Kifayət Qasımova təmsil etdi. Turandan fərqli olaraq Kifayət daha təcrübəli cüdoçudur. Hamı onun Esbyorqda qızıl medal qazanacağına əmin idi. Birinci və ikinci görüşdə tam üstünlüklə qələbə qazanıb yarımfinala çıxmış Kifayət Polşa idmançısı Marta Vazla qarşılaşdı. Görüş Kifayətin üstünlüyü şəraitində keçirdi. O, rəqibi üzərində xalis qələbə qazanmağa çalışırdə. Bu isə Kifayətin həddən artıq çılğınlıq göstərməsi, bəzən müdafiəni unutmasına səbəb olurdu. Görüşün sonuna yaxın Polşa cüdoçusu hesabı bərabərləşdirə bildi. Kifayət qalan vaxtda güclü hücuma keçsə də, hesabda irəli çıxmağa nail olmadı. Bu görüşün taleyini hakimlər həll etməli oldular. Qələbənin daha fəal güləşmiş Kifayətə veriləcəyi şübhə doğurmurdu. Nədənsə görüşün hakimlərindən ikisi qələbəni Polşa idmaçısına verdi. Beləliklə, idmançımız Avropa Yeniyetmələrinin Olimpiya Günlerinin bürünc mükafatı uğrunda mübarizə aparmaq məcburiyyətində qaldı. Üçüncü yer uğrunda görüşdə Kifayət elə ilk saniyələrdən hucuma keçdi. Bir dəqiqə tamam olmamış o, rəqibinə ağrıdıcı fənd tətbiq edə bildi və xalis qələbə qazandı.

Oğlanlar arasında yarışlarda respublikamızın idman şərəfini cüdoçulardan Tural Abbasov (50kq), Yaşər Cəfərov (55), Emin İsgəndərov (60kq), Ruslan Əliyev (66kq), Turan Musayev (73), Nurəddin Səlimov (81) qoruyurdu.

Oğlanlar arasında aşağı çəki dərəcəsində çıxış edən Tural Abbasov ilk iki görüşü çox yüksək səviyyədə keçirərək Estoniya və Ukrayna cüdoçularına qalib gəldi. Tural Polşa idmançısı Amil Süləklə də inamla mübarizə aparırdı. Lakin bu görüşdə Polşa idmançısının fəndi başa çatmamış hakimlər onu qeydə aldılar. Nəticədə idmançımız xal hesabı ilə uduzdu. Üçünci yer uğrunda mübarizədə Tural İsraildən olan rəqibini xal hesabı ilə uddu və bürünc medal qazandı. ilk dəfə belə mötəbər yarışda iştirak edən Tural Abbasovun müvəffəqiyyəti mütəxəssislər tərəfindən yüksək qiymetləndirildi.

55, 60, 66 kq çəki dərəcələrində idmançılarımız imkanlarından zəif çıxış etdilər. Yalniz Emin İsgəndərov rəqibləri ilə bərabər səviyyədə mübarizə apara bildi. O, komandamıza zaçot balı gətirən beşinci yeri tutdu.

73 kq çəkide Turan Musayev güləşirdi. Turanın ilk görüşü Latviya cüdoçusu Ovçinnikovla oldu. Tatami üzərində daha fəal olan idmançımız bir neçə fənd keçirərək xal hesabı ilə qalib gəldi. Turan ikinci görüşdə Ukrayna idmançısı Roman Novikovla qarşılaşdı və bu dəfə də inamla güləşərək qələbə qazandı. Üçüncü görüşdə Turanın rəqibi Rusiya komandasını təmsil edən həmyerlimiz Rahib Babayev oldu. Həm Azərbaycan, həm də Rusiya cüdo məktəbinin sirlərinə yaxşı yiyələnmiş Rahib bu görüşdə qalib gələrək finala çıxdı. Turan isə bürünc medal uğrunda mübarizə aparmalı oldu. İtaliya cüdoçusu Marko Favaronu xal hesabı ilə məglub edən Turan komandamıza daha bir bürünc medal gətirdi.

81 kq çəki dərəcəsində respublikamızı təmsil edən Nürəddin Səlimovun Esbyorqdan qızıl medalla qayıdacağına hamı böyük ümid bəsləyirdi. İlk görüşlər göstərdi ki, idmançımız doğrudan da çox güclüdür. Birinci dəfə Gürcüstan idmançısı ilə tatami üzərinə çıxmış Nürəddin Səlimov görüşdə asanlıqla qalib gəldi. Növbəti görüşdə Almaniya idmançısı da Nürəddinin hücumları qarşısında davam gətirə bilmədi. Finala çıxmaq üçün mübarizədə arxayınçılığa yol verən idmançımız Moldova cüdoçusuna cüzi fərqlə məğlub oldu. Üçüncü yer uğrunda mübarizədə Nürəddin Ukraynalı rəqibi üzərində elə ilk dəqiqədə xalis qələbə qazandı.

Esbyorqda çıxış edən idmançılarımız arasında həndbolçu qızların nəticəsini də qənaət-bəxş hesab etmək olar.

V Yay Olimpiya Günlərində qızlar arasında həndbol yarışlarına Azərbaycan, Danimarka, Finlandiya, Latviya, Litva, Hollandiya, Norveç və Makedoniya komandaları qatılmışdı. Bu ölkələrin hər birində həndbol sevilən və müəyyən müvaffəqiyyət əldə etmiş idman növü olmuşdur. Elə buna görə da iki yarımqrupda keçən yarışlarda tamaşaçılar gərgin idman mübarizəsinin şahidi oldular. Azərbaycanın yeniyetmə həndbolçuları qrup yarışlarından sonra yeddinci yer uğrunda mübarizə aparmalı oldular. Bu dəfə Latviya komandası ilə görüşən qızlarımız üstünlüyü ələ ala bildilər və qalib gəldilər. Azərbaycanın yeniyetmə həndbolçu qızları Olimpiya Günlərində yeddinci yeri tutdular.