BAKIDA YENİYETMƏ CÜDOÇULARIN AVROPA
ÇEMPİONATI BAŞLAMIŞDIR

Avqustun 23-də Bakı İdman-Konsert Kompleksində yeniyetmə cüdoçuların Avropa çempionatı start götürmüşdür. Yarışda qitənin 30 ölkəsindən - Avstriya, Azərbaycan, Almaniya, Belçika, Bosniya və Herseqovina, Beralus, Xorvatiya, Serbiya və Çernoqoriya, Çexiya, İspaniya, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, Böyük Britaniya, Gürcüstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Moldova, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, Slovakiya, Türkiyə və Ukraynadan 300-dək cüdoçu iştirak edir. Azərbaycan komandasının tərkibinə "Neftçi", "Dinamo", "Attila", "Təhsil" idman cəmiyyətlərinin və Sumqayıt şəhərinin nümayəndələri daxildirlər.

Çempionatın təntənəli açılış mərasimi iştirakçıların paradı ilə başlandı. Sonra gənc idmançılar Avropa Cüdo Federasiyasının və Azərbaycan Milli Olimpiya Komitəsinin bayraqlarını salona gətirdilər.

Gənclər, idman və turizm naziri Əbülfəs Qarayev açılışda çıxış edərək, mərasim iştirakçılarını salamladı və dedi ki, bu gün ölkəmizin idman həyatında əlamətdar gündür. Azərbaycan daha bir beynəlxalq idman yarışının keçirildiyi yerdir. Bu il ölkəmizdə 11 beynəlxalq turnir, Avropa və dünya səviyyəli 3 rəsmi yarış keçirilmişdir. Nazir bildirdi ki, ölkəmizin son vaxtlar idmanda əldə etdiyi nailiyyətlər, eləcə də digər sahələrdə qazandığı uğurlar bilavasitə Azərbaycan Prezidenti Heydər Əliyevin adı ilə bağlıdır. O, Baş nazir, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycanda idmanın yüksəlişində çox böyük rolu olduğunu xüsusi vurğuladı.

Əbülfəs Qarayev bildirdi ki, cüdo ölkəmizdə çox geniş yayılmışdır, Azərbaycan cüdoçuları arasında Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının, müxtəlif beynəlxalq turnirlərin qalibləri və mükafatçıları var.

Sonra Avropa Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək Baş nazir, MOK prezidenti İlham Əliyevin Azərbaycanda idmanın inkişafında xidmətlərini xatırlatdı, çempionat iştirakçılarına uğurlar arzuladı. O, Əbülfəs Qarayevə Avropa Federasiyasının xatirə medalını təqdim etdi, ölkəmizdə cüdonun dəstəklənməsinə görə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərova təşəkkürünü bildirdi.

Azərbaycanın dövlət himni səsləndi.

Açılış mərasimindən sonra oğlanlar və qızlar arasında dörd çəki dərəcəsində üçüncü yerlər uğrunda görüşlər və çempionatın final qarşılaşmaları keçirildi. 50 kq çəkidə Vaja Qvildani (Gürcüstan), 55 kq çəkidə Elman Nəsibov (Azərbaycan), 60 kq çəkidə Elşən Kərimov (Azərbaycan), 66 kq çəkidə Tariel Zintiridis (Yunanıstan) qalib gəldilər.

Qızlar arasında 40 kq çəkidə Anna Vasilyeviç (Ukrayna), 44 kq çəkidə Burçu Gökəz (Türkiyə), 48 kq çəkidə Anna Mazulina (Rusiya), 52 kq çəkidə Jasmi Van Spankeren (Hollandiya) qızıl medal qazandılar.