İDMANA DÖVLƏT QAYĞISI

Heydər Əliyev Azərbaycanda idmanın, Olimpiya Hərəkatının ən böyük pərəstişkarı və təbliğatçısıdır

İdman böyük qayğı və diqqət tələb edir. Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Çünki bu münasibət özü-özlüyündə qeyd olunan məsələlərin müəyyən qisminin həllinə bilavasitə təsir göstərir.

Azərbaycan qədim idman ənənəsi ilə seçilən ölkələrdən biridir. Burada tarixən idmanın müxtəlif növləri inkişaf etmişdir. Bu məsələyə münasibətdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev demişdir: "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır." Azərbaycan idmanının dünya idmanından bu cür təcrid olunması, beynəlxalq aləmdə özünə layiq şəkildə təmsil olunmaması siyasi səbəblərdən doğmuşdur. Prezident Heydər Əliyev çıxışlarından birində bunu belə izah edir: "Keçmiş dövrlərdə də Azərbaycanın nümayəndələri Olimpiya Oyunlarında təmsil olunmuşdular. Bəziləri yüksək nailiyyətlər də əldə etmişlər. Ancaq onlar keçmiş Sovetlər İttifaqını təmsil etmişlər. Eyni zamanda Azərbaycan tam müstəqil olmadığına görə keçmişdə Sovetlər İttifaqının ümumi komandasında Azərbaycanın idman ustaları istənilən qədər, istənilən miqdarda heç vaxt təmsil olunmamışdır."

Sovet İttifaqının tərkibində olarkən idmana dövlət səviyyəsində münasibətin əsasları ümumittifaq miqyasında həll olunurdu. Bu resrublikaya ayrılan büdcənin hansı hissəsinin bilavasitə idman üçün nəzərdə tutulmasının əslində qabaqcadan müəyyənləşdirilməsi idi. Sovet İttifaqında müttəfiq respublikalarda böyük idman qurğularının tikintisi planlı şəkildə aparılmışdır. Hər bir müttəfiq respublikaya bir mərkəzi stadion tikintisi üçün imkan yaradılmış, örtülü idman zallarının, komplekslərin inşasına məhdudiyyət qoyulmuşdu. Təbii ki, bu cəhət ölkə ərazisində böyük idman qurğularının yaradılmasına həmişə maneçilik törətmişdir. İdman yarışlarının keçirilməsi, beynəlxalq turnirlərə, dünya, Avropa çempionatlarına atletlərin göndərilməsi də eyni qaydada tənzimlənirdi. Onu da nəzərə almaq lazımdır ki, müttəfiq respublikanın ittifaq miqyasında güclü olan idmançıları da bəzən subyektiv səbəblərdən yığmaya salınmırdı. Təbii ki, göstərilən cəhətlər müxtəlif idman növlərində Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında uğurlar qazanmasına mane olmuşdur. Bütün bunlar respublika idmanına öz təsirini göstərirdi. Belə şəraitdə mövcud imkanlardan istifadə etməklə, kütləvi bədən tərbiyəsi üçün nəzərdə tutulanlar hesabına ölkə idmanının ikişafına çalışmaq tələb olunurdu. İkinci yol daxili imkanların səfərbərliyə alınması, həmkarlar İttifaqlarının idman bazalarını yaratmaqla idman şəraitini yaxşılaşdarmağı əhatə edirdi. Məhz bu imkanlardan düzgün istifadə etmək idmanın inkişafı üçün müəyyən şərait yaratmağa, böyük idmana yol açmağa kömək göstərə bilərdi. Əsas şərtlərdən biri mövcud şəraiti düzgün qiymətləndirmək, bu sahədə ardıcıl, məqsədəuyğun siyasət yürütməkdən ibarət idi. Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdır. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Məsələn, təkcə Bakıda 1975-ci ildə 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə respublikanın paytaxtında möhtəşəm idman sarayının təməli qoyuldu. 1974-cü ildə Bakıdan başqa Azərbaycanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

Azərbaycanda idmana dövlət səviyyəsində qayğı müasir idmanın inkişaf tarixi prosesində həmişə birmənalı olmamışdır. Əgər idman mütəxəssisləri yetişdirən ali məktəb Azərbaycanda 1931-ci ildə açılmışdısa, respublikanın mərkəzi stadionunun tikintisi 40-cı ilərin əvvəllərində başlanmış, ikinci dünya müharibəsi dövründə iş dayandırılmışdı. Respublika stadionu 1952-ci ildə istifadəyə verildi.

Heydər Əliyev millətin, xalqın gələcəyi üçün böyük əhəmiyyət daşıyan, lakin həqiqi dəyəri ilk baxışdan hamıya aydın olmayan işlərin görülməsini həmişə təxirəsalınmaz fəaliyyət saymışdır. Azərbaycan prezidenti həmişə quruculuq tərəfdarı olmuş, tikilib xalqın istifadəsinə verilmiş obyektlərin, o cümlədən idman obyektlərinin dağılmasına qarşı barışmaz mövqe tutmuşdur.