Müstəqilliyin ilk illərində respublikada idmana münasibət son dərəcə aşağı səviyyədə idi. İdman unudulmuş sahələrdən birinə çevrilmişdi. Bunun obyektiv səbəbləri olsa, da subyektiv səbəbləri daha çox idi. İdman meydançası və zallarının ayrı-ayrı adamların əlinə keçməsi, idman avadanlıqlarının dağıdılması 1991-1993-cü illərdə geniş vüsət almışdı.
Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət dəyişdi. Heydər Əliyev müxtəlif görüş və çıxışlarında idmanın xalqın və dövlətin həyatında necə böyük əhəmiyyət kəsb etdiyini diqqət mərkəzinə çəkərək bu istiqamətdə iş görməyin vacibliyini daim xatırlatmışdır. Azərbaycan prezidenti idmanın inkişaf etdirilməsini həmişə dövlətin mühüm vəzifələri sırasına daxil etmişdir. "Biz respublikasızda əhalimizin, millətimizin sağlamlığı haqqında, fiziki, mənəvi sağlamlığı haqqında düşünürük. Bu gün də düşünürük, xalqımızın gələcəyi üçün də düşünməliyik. Bu bizim vəzifələrimizin içərisində ən böyük, ən əhəmiyyətli vəzifədir."
Respublika prezidentinin idman sahəsində irəli atdığı ilk addım idman meydançaları və zallarının təyinatı üzrə işlədilməsi, onların bərpası haqqında verdiyi göstərişlərdə əksini tapdı. Müstəqilliyin ilk ilərində idmana münasibət sahəsində yaranmış vəziyyətdən bəhs edərkən Azərbaycan prezidenti demişdir: "... 1990-92-93-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdirlər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi.
... O zaman mən məsələ qaldırdım ki, orada qayda-qanun yaratmaq lazımdır. Stadionu nəinki bərpa etmək, onu müasir, beynəlxalq standartlar səviyyəsinə qaldırmaq lazımdır.
...Biz oranı qısa bir müddətdə təmizlətdirdik. İndi stadion təmir olunubdur, beynəlxalq standartlar səviyyəsindədir, Azərbaycan gəncliyi üçün fayda verir.
...Baxın, qısa bir müddətdə hər şeyi nə tez dağıtmaq olardı. Həmin dağıntıları qısa bir müddətdə aradan qaldırıb Azərbaycanın bugünkü simasını yaratmaq lazım idi. Biz bunu yaratdıq."
Müstəqillik dövründə ölkə idmanının inkişaf etdirilməsi üçün, şübhə yox ki, ilk növbədə dövlətin idmana münasibətində dəyişiklik yaranmalı idi. Belə dəyişiklik 1993-cü ilin ikinci yarısında Heydər Əliyevin dövlətə başçılıq etməsi dövründən başlandı.