1993-cü il noyabrında Azərbaycan Respublikasının Prezidenti dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə respublika prezidenti qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. Dövlət başçısı ölkədə idmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirdi.
Heydər Əliyev Azərbaycanda Olimpiya Hərəkatının genişlənməsinin də təşəbbüskarı və ilhamçısı oldu. 1994-cü ilin aprelində ölkə başçısı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançı, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rananı, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu qəbul etdi. Qəbulda Azərbaycanda Olimpiya Hərəkatının vəziyyəti və onun inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparıldı. Bu görüşdən üç ay sonra prezidentin fərmanı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradıldı. Fərmanda Nazirliyin başlıca fəaliyyət istiqamətləri qeyd edilmişdi. Prezident ölkədə idmanın inkişafı üçün həyata keçirilməli əsas məsələlər dairəsinə aşağıdakıları daxil etmişdi: mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi; yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, onların zəruri avadanlıqlarla təchizatı; idman bölmələri və klublarının açılması; idman mütəxəssislərinin yetişdirilməsi; ölkə birinciliklərinin və digər yarışların keçirilməsi; idmançıların beynəlxalq yarışlarda iştirakının təmin edilməsi; yüksək idman nəticələri göstərmiş idmançılara diqqət və qayğı göstərilməsi; idmançıların təltif olunması; Azərbaycanda beynəlxalq yarışların keçirilməsi; uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması.
Qeyd olunan tədbirlər dövlətin idman, gənclərlə iş, əhalinin asudə vaxtının təşkili ilə birbaşa və ya dolayısı ilə məşğul olan strukturlarının fəaliyyəti ilə reallaşdırılmalı idi.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə ölkənin iqtisadiyyatına böyük zərbələr vurmuşdu. Bu dövrdə idmanın inkişafına kifayət qədər vəsait ayırmaq çətin idi. Prezidentin göstərişi ilə idman üçün bütün imkanlardan maksimum istifadə olunurdu. Buna baxmayaraq, ölkə başçısı bunun hələ yetərincə olmadığını qeyd edirdi. O, çıxışlarından birində həmin dövrü səciyyələndirərək demişdir: "Respublikamızın həyatında çətinliklər, problemlər çoxdur. Problemlərdən biri də budur ki, biz idmana istədiyimiz qədər diqqət yetirə bilmirik, vəsait ayıra bilmirik, idmanın inkişafı üçün lazımınca şərait yarada bilmirik." 1995-ci il martın 5-də Prezident yeni bir fərman imzaladı. Həmin fərmana əsasən Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədi ilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında idman fondu yaradıldı.