ATLANTA OYUNLARINA HAZIRLIQ

Olimpiya Hərəkatında, Olimpiya Oyunlarında Azərbaycanın layiqincə təmsil olunması üçün ölkə başçısı Atlanta Oyunlarına hazırlıqla bağlı xüsusi sərəncam verdi.

1995-ci ilin martında Prezident Azərbaycan Respublikası idmançılarının təltif edilməsi haqqında fərman imzaladı. Bu fərmanla olimpiya çempionu Nazim Hüseynov "Şöhrət" ordeni, daha on iki nəfər isə "Tərəqqi" ordeni ilə təltif olundu. Elə həmin ayda Əl oyunları sarayında Prezidentin iştirakı ilə idman oyunlarına baxış keçirildi. Azərbaycan Prezidenti bu tədbirdə çıxış etdi. Ölkə başçısı çıxışında ölkənin idman ənənələrindən danışdı, idmanın daha da inkişaf etdirilməsi üçün tövsiyələrini verərək dedi: "İndi müstəqil Azərbaycanda idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan yaradılmışdır. Bu imkanlardan Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. …Biz indi müstəqil bir dövlət kimi, dünya miqyasında keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə iştirak edirik və bu baxımdan Azərbaycan idmançılarının müxtəlif beynəlxalq idman yarışlarında iştirak etməsi respublikamız üçün çox əhəmiyyətlidir."

Azərbaycan Respublikasının Prezidenti ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər cərgəsində idman nailiyyətlərin öz dəyəri olduğunu daim qeyd etmişdir. 1995-ci ilin dekabrında beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə Heydər Əliyev bu məsələ ilə bağlı demişdir: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasının dünyada tanıtdırmaqdan ibarətdir."

Ölkəni tanıtdıra biləcək idmançıların yetişdirilməsinin müxtəlif amillərdən asılı olduğunu qeyd edən dövlət başçısı bu işi yalnız idmançı və məşqçinin əməyi, səyi ilə bağlamaq istəyənlərlə, Azərbaycanda idman ənənəsinin olmamasına istinad edənlərlə, ölkədə bu və ya digər idman növünün inkişaf etdirilməsinin qeyri-mümkün sayanlarla heç vaxt razılaşmamışdır. O, çıxışlarından birində demişdir: " Çox narahat olurdum ki, niyə bizim idmançılar yüksək adlar ala bilmirlər? Bizə cürbəcür izahatlar verirdilər. Bəzi adamlar hətta belə hesab edirdilər ki, guya Azərbaycan xalqının, Azərbaycan millətinin idman ənənəsi zəngin olmadığına görə, böyük olmadığına görə və onun böyük tarixi olmadığına görə bizim azərbaycanlılar bu yüksək adları ala bilmirlər. Bəzən belə deyirdilər ki, məsələn, güləşdə bizim azərbaycanlılar müəyyən bir çempion adı ala bilərlər, amma başqa idman növlərində ala bilmirlər.

Düzü, o illər mən bu fikirlərlə daxilən razı olmurdum və açıq da deyirdim ki, bunlar doğru fikirlər deyildir. Bizim xalqımız, millətimiz fiziki cəhətdən, genetik cəhətdən çox sağlam xalqdır, çox sağlam millətdir. Buna görə də ola bilməz ki, bizim idmançılar yüksək nailiyyətlər qazana bilməsinlər."

Azərbaycanda müxtəlif idman növlərinin inkişaf etdirilməsinin bir yolunu da başqa ölkələrin idman təcrübəsindən bəhrələnməkdə, idman sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsində, məşhur idmançıların və idman xadimlərinin, idman təşkilatlarının rəhbərlərinin ölkəmizə xoş münasibətinin yaranmasında görən Heydər Əliyev özü bu istiqmətdə daim iş görmüşdür. Ölkə müxtəlif problemlərin burulğanında olan dövrlərdə belə, o, idmanın inkişafı ilə bağlı məsələlərə kifayət qədər vaxt ayırmış, konkret işlərin görülməsi üçün göstəriş və tövsiyələrini vermişdir.