AZƏRBAYCAN BOKSUNUN YENİ İNKİŞAF MƏRHƏLƏSİ

1996-cı ilin yanvarında Respublika prezidenti "Neftçi" idman-sağlamlıq mərkəzinin 60-illiyinə və mərkəzin olimpiya qurğusunun açılışına həsr olunmuş mərasimdə iştirak etdi. Həmin mərasimdəki çıxışında ölkə başçısı Azərbaycanda idman sahəsində olan böyük potensialı hərəkətə gətirməyin, onu inkişaf etdirməyin, ona qayğı göstərməyin vacibliyini vurğulayaraq demişdir: "Məhz buna görə də son illər biz, Azərbaycan dövləti bütün çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı üçün lazımi vəsait ayırmağı zəruri hesab etmişik və bundan sonra da bu tədbirləri görəcəyik."

1995-ci il dekabrın 23-də Azərbaycan prezidenti Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrini qəbul etmiş, onun ölkəmizə səfərini yüksək qiymətləndirmiş, qonaqla Azərbaycan boksunun vəziyyəti, onun gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmışdır. Ölkədə idmanın bu növünə bundan sonra xüsusi diqqət yetiriləcəyini vurğulayan dövlət başçısı əmin olduğunu bildirmişdir ki, cənab Çoudri Azərbaycan boksçularının daha böyük uğurlar qazanması üçün əlindən gələni əsirgəməyəcək, idmanın bu növünün daha da inkişaf etməsinə əməli yardım göstərəcəkdir. Ənvər Çoudri sonrakı illərdə -1998-2002-ci illərdə də Azərbaycana gəlmiş və bu səfərlər zamanı Azərbaycan prezidenti ilə görüşmüşdür.

Azərbaycan boksunun yeni inkişaf mərhələsi də məhz bu dövrdən başlanmışdır. 1996-cı il Atlantada Azərbaycan boks məktəbinin yetirmələri ilk dəfə Olimpiya Oyunlarında çıxış etmişlər, onların ilk debutu medalla nəticələnməsə də ümumən uğurlu olmuşdur. 1999-cu ildə yeniyetmələr arasında boks üzrə növbəti Avropa çempionatı ilk dəfə Azərbaycanda keçirildi. Yeniyetmə boksçularımız bu çempionatda böyük uğur qazandılar. Azərbaycan prezidenti çempionatın iştirakçılarına öz təbrik məktubunu göndərdi, Avropa Həvəskar Boks assosiasiyasının prezidenti Emil Jeçevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Azərbaycan boksçuları Sidney Oyunlarına beş lisenziya qazandılar. Bu, boks məktəbimizin böyük uğuru kimi qiymətləndirilməlidir. Sidneydə də boksçularımız ölkənin idman şərəfini ləyaqətlə qorudular. Azərbaycan idmançısı boks üzrə yarışlarda ölkənin ilk olimpiya medalını qazandı. Müəyyən idman növündə nailiyyət qazanmaq üçün ənənənin olmaması haqqında fikirlərin əsassızlığı bir daha sübut edildi. Azərbaycanda isə boksun inkişafı davam etdirilir. 2001-ci ildə Azərbaycanda artıq yeniyetmələrin boks üzrə dünya çempionatı təşkil olundu. Yenə də yeniyetmə idmançılarımız böyük müvəffəqiyyət qazandılar. Hər hansı idman növünün bu və ya digər ölkədə inkişaf etdirilməsi həmin növün ümumiyyətlə inkişafında xüsusi rol oynayır. Bu baxımdan Beynəlxalq Həvəskar Boks Assosiasiyası Azərbaycan prezidentinin boksun inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi, Heydər Əliyevi Assosiasiyanın ən ali mükafatı ilə təltif etdi. AİBA prezidenti Ənvər Çoudrinin respublikamızda boksun inkişafına göstərdiyi yardım da öz qiymətini aldı. cənab Çoudri prezidentin fərmanı ilə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olundu.

Respublika prezidenti beynəlxalq yarışlar sırasında Olimpiya Oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzinə çəkmiş, ona xüsusi diqqətlə yanaşmış, bu sahə ilə məşğul olanlardan da belə bir münasibət və məsuliyyət tələb etmişdir. Heydər Əliyev Olimpiya Hərəkatının və Olimpiya Oyunlarının bütün dünyadakı nüfuzunun nə dərəcədə yüksək olduğunu, bu sahədə respublikada əməli işlərin görülməsinin zəruriliyini daim əsas götürmüşdür. O, bu barədə demişdir: "Olimpiya Oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya Oyunlarında təmsil olunsun." Heydər Əliyev hər hansı bir idman nəticəsinin dəyərini obyektiv qiymətləndirməyi daim təlqin etmiş, idmançının Olimpiya Oyunlarında iştirak etməsi faktının özünün böyük nailiyyət olduğunu vurğulamışdır. 1996-cı ildə Atlanta Oyunlarına yola düşən idman nümayəndə heyəti ilə görüşündə demişdir: "Bu, sadəcə bir nümayəndə heyəti deyil ki, neçə nəfər istəyirsən təyin et, müəyyən et, göndər. Dünyada yeganə haldır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilməz. Olimpiya Oyunlarında iştirak etmək hüququ almaq üçün lazimi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmazsa, Azərbaycan dövləti, Azərbaycan prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə etməyən adam yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. … Sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir, Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir."

Əlbəttə, bu ikinci tərəf də həmişə Respublika prezidentinin diqqət mərkəzində olmuşdur. O, idmançılara Azərbaycan idmanını layiqincə təmsil etməyi, ölkənin şan-şöhrətini yüksəklərə qaldırmağı daim tövsiyə etmiş, qəlbən reallığı qiymətləndirmiş, bu sahəyə cavabdeh olan şəxsləri yüksək nəticələrə aparan yolların axtarışına sövq etdirmişdir. Prezident Atlantadan bir gümüş medalla qayıtmış olimpiyaçılarımızla 1996-cı ilin avqustunda keçirtdiyi görüşdə demişdir: "Sizi Atlantaya, Olimpiya Oyunlarına çox böyük ümidlərlə, arzularla yola saldıq və şübhəsiz ki, daha yüksək nailiyyətlər gözləyirdik. … Bir də qeyd edirəm, biz çox şey gözləyirdik. Amma hər bir hadisəyə reallıqdan baxmaq, hər bir hadisəni reallıq əsasında qiymətləndirmək lazımdır. Hesab edirəm ki, reallığa görə sizin nailiyyətiniz görkəmli nailiyyətdir."

1996-cı ilin idman sahəsindəki reallığı belə idi. Təbii ki, ölkə başçısı Atlantada qazanılmış nəticəni belə qiymətləndirməklə gözlənilən daha çox şeyin gələcəkdə əldə olunması üçün konkret işlərin görülməsinin vacibliyini də diqqət mərkəzinə çəkirdi və bu tələbi idmançıların deyil, idmanın inkişafı üçün cavabdeh şəxslərin qarşısında qoyurdu. Bununla yanaşı, əsas yükü, əsas ağırlığı yenə də öz üzərinə götürürək deyirdi: "Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz."

Atlanta Oyunlarında iştirak etmiş milli olimpiya komandasının üzvləri ilə görüşdə Respublika prezidenti növbəti olimpiya Oyunlarına hazırlığa indidən başlamağın vacibliyini vurğulamış, bu hazırlığın xüsusi sənəd əsasında aparılması haqqında göstəriş verərək demişdir: "O sənəddə dörd il müddətində sizin hansı işlər görəcəyiniz müəyyən edilməlidir. Mən bu barədə sizdən təklif gözləyirəm və əmin ola bilərsiniz ki, lazımi sərəncamlar veriləcək, qərarlar qəbul olunacaq və bunun üçün də lazımi vəsait ayrılacaqdır."