1997-ci ildə Azərbaycanda "Bədən tərbiyəsi və idman haqqında qanun" qüvvəyə mindi. Bu qanun idmanın inkişaf etməsinin hüquqi əsaslarını müəyyənləşdirdi, dövlətin idman siyasətinin göstəricilərindən birinə çevrildi.
Ölkə başçısı respublikada idmanın inkişafını yalnız dörd ildən bir keçirilən Olimpiya Oyunlarında iştirak etməkdə və orada hansısa nailiyyətlər əldə etməkdə görməməyi, ölkədə idmanın geniş yayılmasının təmin olunmasını, kütləvi idmanı inkişaf etdirməyi tövsiyə edirdi. Heydər Əliyev idman obyektlərinin bütünlüklə gənclərin istifadəsinə verilməsini tələb edir, idman qurğularının bərpasına, yeni obyektlərin salınmasına, idmanın bütün növlərinin, o cümlədən qeyri-olimpiya növlərinin də inkişaf etdirməyə çağırırdı.
Azərbaycan prezidenti insanı yalnız fiziki cəhətdən sağlamlaşdıran idman növlərinin deyil, həm də əqli inkişafa, analitik düşüncə tərzini formalaşdırmağa, yaradıcılıq qabiliyyətinə müsbət təsir göstərən şahmatın da inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Onun təşəbbüsü ilə 70-ci illərin axırlarında və 80-ci illərin əvvəllərində ölkənin bütün bölgələrində şahmat məktəbləri, şahmat klubları açılmışdı. Nəticədə respublikada şahmat böyük sürətlə inkişaf etməyə başlamış, müxtəlif yaş dərəcələri üzrə qrossmeystrlər, dünya çempionları yetişmişdilər. Həmin dövrlərdə şahmata verilmiş təkanın nəticəsi idi ki, ölkə şahmat məktəbi keçid dövründə, müstəqilliyin ilk illərində ətalət içərisində olsa da, özünü qoruya bilmişdi. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə yeni dirçəliş başlandı. 1997-ci ilin yanvarında ölkə başçısı şahmat üzrə dünya çempionu Anatoli Karpovu qəbul etdi. Bu görüşdə Azərbaycan şahmatının vəziyyəti, onun inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı.
Ölkədə şahmat məktəbləri yenidən fəaliyyətlərini genişləndirməkdə, uşaq şahmatçılar arasından yeni-yeni istedadlar üzə çıxmaqda idi. Azərbaycan Respublikası Prezidenti 1998-ci ilin fevralında "Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında" sərəncam imzaladı. Həmin ilin sonunda isə Prezident "Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında" sərəncam verdi.
Uşaq şahmatçılara göstərilən bu qayğı çox keçməmiş öz bəhrəsini verməyə başladı. Teymur Rəcəbov tezliklə beynəlxalq qrossmeystr normasını doldurdu, yeniyetmə şahmatçı dünyanın məşhur şahmatçıları arasında ölkəmizi təmsil etməyə başladı.
Azərbaycan prezidentinin idmana göstərdiyi diqqət və qayğı beynəlxalq idman və olimpiya təşkilatlarında da böyük əks-sədaya səbəb oldu. 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyası İslandiyanın Reykyavik şəhərindəki Baş Məclisində Azərbaycan prezidentini Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətələrinə görə görkəmli dövlət xadimlərinə verilən "Olimpiya ləyaqəti" mükafatı ilə təltif etdi.