XXVII YAY OLİMPİYA OYUNLARINA HAZIRLIQ

Ölkədə idmanın və Olimpiya hərəkatının inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində atılan addımlar, görülən işlər isə bir-birini əvəz edirdi. 1998-ci ilin fevralında Azərbaycan Respublikası Prezidenti "XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" sərəncam imzaladı. Bu sərəncam Olimpiya Oyunlarına hazırlıq işinə güclü təkan verdi. Həmin ilin mayında prezident Yeniyetmələrin 1-ci respublika Oyunlarının final mərhələsinin təntənəli açılışında iştirak etdi. Ölkədə idmanın kütləviləşdirilməsi, gənc istedadların müəyyənləşdirilməsi istiqamətində irəliyə doğru daha bir addım atıldı. İlin sonunda "Dinamo" cəmiyyətinin idman-sağlamlıq mərkəzinin idman kompleksinin açılış mərasimi oldu. Bu mərasim Respublika Prezdentinin iştirakı ilə keçdi. Bu mərasimdəki nitqində Heydər Əliyev demişdir: "İdmanın, bədən tərbiyəsinin inkişafı üçün görülən işlər və gələcəkdə görəcəyimiz işlər bizim dövlət, hökumət siyasətimizin əsas istiqamətlərindən biridir."

Beləliklə, yeni minilliyin astanasında Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı günbəgün artırdı.

Beynəlxalq Olimpiya Komitəsi bəşər tarixinin yeni əsrinin, yeni minilliyinin başlanması münasibətilə, öz ölkələrində Olimpiya Hərəkatının inkişafına, olimpiya ideallarının yayılmasına rəvac verən, onu dəstəkləyən dövlət başçılarını təbrik etmək üçün xüsusi orijinal hədiyyə hazırlamışdı. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə ünvanladığı məktubda göstərilirdi ki, Beynəlxalq Olimpiya Komitəsi 2000-ci il münasibətilə Azərbaycan dövlətinin başçısına məşhur heykəltəraş Naq Arnoldinin "2000-ci ilin olimpiya qapıları" adlı əsərini hədiyyə edir. Həmin əsər Azərbaycan prezidentinə onun idmançılarla növbəti görüşündə təqdim edildi.

"2000-ci ilin olimpiya qapıları" Azərbaycanın üzünə açıldı. Bu ildə Azərbaycan idmançıları respublikanın bayrağı altında ikinci dəfə Yay Olimpiya Oyunlarında iştirak etdilər. Milli Olimpiya Komitəsinin apardığı gərgin iş, dövlət başçısı tərəfindən idmana verilən dəstək bu dəfə Azərbaycan olimpiyaçılarının tərkibcə daha çox olmasına imkan yaratdı.

2000-ci il avqustun 25-də Zuğulbadakı "Gənclik" kompleksində XXVII Yay Olimpiya Oyunlarına gedən idmançılarla prezidentin görüşü oldu. Həmin görüşdə ölkə başçısı dörd il əvvəl olduğu kimi bu dəfə də olimpiyaçılara xeyir-dusını, tövsiyələrini verdi, onlara uğurlar arzuladı. Olimpiyaçılar ölkə başçısına verdikləri vədə Sidneydə əməl edə bildilər. İki qızıl, bir bürünc medal qazanmış idmançılarımız 199 ölkə arasında 34-cü yeri tutdular.

Azərbaycan prezidenti Sidneydən sonra oktyabrın 17-də olimpiyaçıları qəbul etdi, onların nəticələrini yüksək qiymətləndirdi. Yüksək nəticə göstərmiş idmançılar və onların məşqçiləri dövlət orden və medalları, qiymətli hədiyyələrlə təltif olundular. Olimpiyaçıların hər biri prezidentdən mükafat aldı. Görüşdə ölkə başçısı geniş nitq söylədi. Prezident Heydər Əliyev nitqində idmançıların Sidneydə qazandığı uğurları bir daha qeyd edərək dedi: "Sizin hər biriniz böyük zəhmət çəkmisiniz, yarışda iştirak etmisiniz. Siz dövlətin idmançılara qayğısı haqqında burada danışdınız, bizə öz təşəkkürlərinizi bildirdiniz. Ancaq bu, bizim borcumuzdur. Bu, dövlətin borcudur. Dövlətin, hökumətin hər bir sahədə çox böyük vəzifələri vardır. Əgər biz hansı sahədəsə nəyəsə nail ola biliriksə, demək, biz öz borcumuzu yerinə yetirə bilirik. Mən bu gün böyük qürur hissi ilə deyirəm ki, biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk."

Bu sözlər ölkə başçısının idmana qayğısının ifadəsi kimi idmançıları yeni-yeni qələbələrə ruhlandırdı. Görüşdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın Azərbaycan prezidentinə ünvanladığı teleqramın mətni oxundu. Teleqramda deyilirdi:

"Azərbaycan Respublikasının prezidenti zati-aliləri cənab Heydər Əliyevə Cənab prezident və mənim dostum!

Yeni minilliyin ilk oyunları, olimpiya tarixində ən yaxşı oyunlar hesab olunan XXVII yay olimpiya oyunları Sidneydə bağlı elan edildi. Dünya idmanıçılarının, o cümlədən Azərbaycan idmançılarının əla çıxışları oyunların uğurla başa çatmasına səbəb oldu. Buna görə Sizə səmimi təbriklərimi və Milli Olimpiya Komitəsinə göstərdiyiniz dəstəyə görə öz minnətdarlığımı bildirirəm.
Cənab prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz.

Xuan Antonio SAMARANÇ,
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti
Lozanna, 6 oktyabr 2000-ci il"

Sidney Oyunlarının iştirakçıları ilə görüşdə Respublika Prezidenti çıxışının sonunda dedi: "Milli Olimpiya Komitəsinin böyük planları vardır. İlham Əliyev burada dedi ki, Milli Olimpiya Komitəsi üçün böyük bir kompleks tikilibdir. Biz bir neçə gündən sonra onun açılışında iştirak edəcəyik. Güclü maddi-texniki bazanın yaranması əsas şərtlərdən biridir. Milli Olimpiya Komitəsinin böyük xidmətlərindən biridir ki, komitə bu işlə ciddi məşğul olur və dövlətdən heç bir vəsait almadan, öz imkanları ilə idman üçün, olimpiyaçılar üçün yeni-yeni böyük müəssisələr yaradır. Biz bunu alqışlayırıq, dəstəkləyirik. Biz lazım olan köməyi bundan sonra da edəcəyik. Yenə də deyirəm, ümidvaram ki, siz bu nailiyyətlə qane olmayacaqsınız, çalışacaqsınız, gələn olimpiya oyunlarına qədər olan müddətdə müxtəlif dünya yarışlarında iştirak edəcəksiniz və böyük nailiyyətlərinizlə bizi daha da sevindirəcəksiniz."

2000-ci il oktyabrın 21-də Azərbaycan Milli Olimpiya Komitəsinin tikdirdiyi idman kompleksi istifadəyə verildi. Azərbaycan prezidenti kompleksin açılış mərasimində iştirak etdi. Prezident Milli Olimpiya Komitəsinin işini yüksək qiymətləndirdi. Bunula yanaşı o, komitənin gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini də verərək dedi: "Hesab edirəm ki, bu, Milli Olimpiya Komitəsinin işinin hələ başlanğıcıdır. Milli Olimpiya Komitəsi əldə etdiyi təcrübədən, təbiidir ki, ictimaiyyətin bu işlərə verdiyi yüksək qiymətdən ruhlanaraq, bundan sonra öz iş dairəsini genişləndirəcək, maddi-texniki baza yaratmaq sahəsində çox işlər görüləcəkdir. Hesab edirəm ki, gələn olimpiya oyunlarına qədər Azərbaycanda idman daha da yüksələcək, daha da inkişaf edəcəkdir."

Elə həmin gün ölkə başçısı Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu və həmin komitənin baş katibi Mario Peskanteni qəbul etdi.