2001-ci il martın 26-da Milli Olimpiya Komitəsinin yeni inzibati binasının açılış mərasimi keçirildi. Bu mərasimdə də ölkə başçısı iştirak etdi. Ölkə başçısı MOK üzvləri və mərasimə toplaşmış qonaqlar qarşısında çıxış etdi. Milli Olimpiya Komitəsinin quruculuq işlərinin təqdirə layiq olduğunu qeyd edən prezident bu təşəbbüsə qoşulmağa çağırdı, qarşıdan gələn Afina olimpiya oyunlarına ciddi hazırlıq işləri aparmağı tövsiyə edərək dedi: "Mənə İlham Əliyevin verdiyi məlumata görə, bu işlər aparılır. Amma bir o deyildir. Gərək Azərbaycan nümayəndələri bütün başqa beynəlxalq yarışlarda iştirak etsinlər. Ola bilər, bir dəfə qalib olsun, bir dəfə məğlub olsunlar. Bu, narahat etməməlidir. Azərbaycan gəncləri, Azərbaycan nümayəndələri beynəlxalq yarışlarda nə qədər çox iştirak etsələr, o qədər çox təcrübə toplayacaqlar. Onlar o yarışların bütün incəliklərini öyrənəcəklər. O qədər həvəslənəcəklər ki, bu yarışlarda yenidən iştirak edib, yeni nailiyyətlər qazanmağa çalışacaqlar ki, nəhayət, istədikləri zirvəyə qalxa bilsinlər. Bu, bizim Milli Olimpiya Komitəsinin qarşısında duran vəzifədir."
Azərbaycan Prezidenti respublikada idmanın, bədən tərbiyəsinin kütləviləşdirilməsini də öz çıxışlarında dəfələrlə ön plana çəkərək demişdir: "Biz idmanı, bədən tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik, bu Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir. Buna nail olmaq üçün təbiidir ki, lazımi imkanlar da yaratmalıyıq, lazımi şərait də yaratmalıyıq." Ölkə başçısı çıxışlarında idmanın inkişafına hərtərəfli yardım göstərməyin vacibliyini daim vurğulamış, hamını bu işə kömək etməyə çağırmışdır: "Mən bu fürsətdən istifadə edərək, bütün təşkilatları - həm dövlət, həm də qeyri-dövlət təşkilatlarını, biznes aləmini, hamını Azərbaycanın gələcəyi üçün vacib olan bu böyük işə dəvət edirəm, çağırıram. Güman edirəm ki, mənim səsim eşidiləcək və biz gələcək illərdə bunların nəticəsini görəcəyik. Artıq nümunə vardır. Nümunə ondan ibarətdir ki, Milli Olimpiya Komitəsi son illərdə olimpiya hərəkatının inkişaf etdirilməsi üçün müxtəlif təşkilati tədbirlər, təbliğati tədbirlər həyata keçirib Azərbaycanın Milli Olimpiya Komitəsini lazımi səviyyəyə qaldırıbdır. Ancaq bu, məsələnin bir hissəsidir. Eyni zamanda Milli Olimpiya Komitəsi qısa bir müddətdə öz daxili imkanlarından istifadə edərək, idman, bədən tərbiyəsi işinin maddi-texniki bazasını yaratmaqla məşğul olubdur. Bu, çox sevindirici haldır."
Milli Olimpiya Komitəsi Azərbaycan prezidentinin tövsiyə və göstərişlərini öz işində əsas götürür. 2001-ci ilin sonunda Bakının Maştağa qəsəbəsində daha bir idman mərkəzi istifadəyə verildi. Ölkədə beynəlxalq yarışların keçirilməsi sahəsində yeni-yeni işlər görüldü. İlk dəfə olaraq komanda idman növlərində Azərbaycan voleybolçuları Avropa miqyasında uğur qazandılar. Avropa qadın voleybol komandaları arasında top-komanda kuboku əldə olundu. Bu kubok uğrunda yarışların final mərhələsi Bakıda keçirildi. Respublika prezidenti kuboku qazanmış voleybol komandamızın üzvlərin qəbul etdi, onlara Azərbaycan idmanının inkişaf və çiçəklənməsində yeni-yeni uğurlar arzuladı.
2002-ci ilin mayında yaşlılar arasında sərbəst güləş üzrə 45-ci Avropa çempionatı keçirildi. Prezident Avropa çempionatının iştirakçılarına təbrik məktubu ünvanladı, onların nümayəndə heyətini qəbul etdi, açılış mərasimində iştirak etdi, çempionatın tamaşaçılarından biri oldu, güləşçilərimizin çıxışlarını həyəcanla izlədi. İdmançılarımız respublika prezidentinin gəlişini öz qələbələri ilə qeyd etdilər.
Ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirməyi qarşısına məqsəd qoymuş Milli Olimpiya Komitəsi ölkənin səfalı guşələrindən biri olan, lakin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu gün də blokada şəraitində yaşayan Naxçıvan şəhərində də iki zaldan ibarət universal idman kompleksinin inşasını bütün mövcud çətinliklərə baxmayaraq 2002-ci ilin mayında başa çatdırdı. 2002-ci il iyunun 15-də Naxçıvan şəhərində yeni idman kompleksinin təntənəli açılış mərasimi keçirildi. Bu açılış rəsmi dövlət bayramı "Qurtuluş" gününə təsadüf etdi. Ölkə başçısı Heydər Əliyev açılış mərasimində iştirak etmək üçün Naxçıvana səfər etdi. Mərasimdə geniş nitq söyləyən ölkə başçısı Muxtar Respublikaya gəlişinin səbəbini açıqlayarkan dedi: "Bu gün bayram günü mənim sizinlə bir yerdə olmağımın bir səbəbi də ondan ibarətdir ki, Naxçıvanda beynəlxalq standartlara uyğun olan müasir tələblərə cavab verən böyük Olimpiya İdman Kompleksi tikilib və mən də onun açılışına gəlmişəm ki, bu şad günü sizinlə birlikdə qeyd edim."
Ölkə başçısı blokada şəraitində yaşayan Naxçıvanda olimpiya idman kompleksinin inşa edilib istifadəyə verilməsini mühüm hadisə kimi qiymətləndirdi. " Bu çox əlamətdar bir hadisədir. Bu hadisəyə münasibətlə sizi ürəkdən təbrik edirəm. Hesab edirəm ki, siz bu olimpiya kompleksinin Naxçıvan üçün nə qədər faydalı olduğunu bir neçə aydan, bir neçə müddətdən sonra daha yaxşı qiymətləndirə biləcəksiniz."
Milli Olimpiya Komitəsinin son beş ildə gördüyü işləri yüksək qiymətləndirən Prezident Heydər Əliyev nitqində qeyd etdi ki, "beləliklə, indi Azərbaycanda idmanın, bədən tərbiyəsinin böyük maddi-texniki bazası yaranır. Biz bu bazanı yaratmaq istəyirik. Ancaq bizim Milli Olimpiya Komitəsinə büdcədən vəsait ayırmağa imkanımız yoxdur. Onlar öz imkanlarından istifadə edirlər. İndi görün, bu işə nə qədər sədaqətlidirlər, bu işi nə qədər sevirlər. Hər şeyi kənara qoyub bunları edirlər."
Naxçıvanda yeni idman kompleksinin açılışından iki ay keçməmiş respublikanın başqa bir şəhərində, Gəncədə də yeni idman qurğusu istifadəyə verildi. Təntənəli açılış mərasimi yenə də ölekə başçısının iştirakı ilə keçdi.
Azərbaycan Prezidenti Heydər Əliyevin idmana, Olimpiya Hərəkatına diqqət və qayğısı daim davam edir. Onun çıxışlarında səslənən "Azərbaycan Milli Olimpiya Komitəsinin qurub-yaratdıqları bir adam üçün deyil, millət, xalq, ölkədə idmanın inkişafı üçündür!", "Biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk", "Biz quruculuq işlərini aparmışıq, aparırıq və gələcəkdə daha sürətlə aparcağıq", "Gələcək Olimpiya Oyunlarına qədər Azərbaycanda idman daha da yüksələcək, daha da inkişaf edəcəkdir" kəlamları gələcəyə nikbin gözlə baxmağa əsas verir. Başqa cür də ola bilməz. Çünki Azərbaycan Prezidenti Heydər Əliyev respublikada idmanın, Olimpiya Hərəkatının ən böyük pərəstişkarı və təbliğatçısıdır.