MOK-UN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (AzMOK) Olimpiya Xartiyası, Azərbaycan Respublikasının müəssisələr və ictimai birliklər haqqında qanunları əsasında yaradılmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və Nizamnaməsi Beynəlxalq Olimpiya Komitəsində qəbul olunmuş hüquqi şəxs statuslu müstəqil qeyri-dövlət təşkilatıdır.

Azərbaycan Milli Olimpiya Komitəsinin məqsəd və vəzifələri:

  • AzMOK-un missiyası Azərbaycanda Olimpiya Hərəkatına rəhbərlik etməkdir. AzMOK-un əsas məqsədi Olimpiya Xartiyasına müvafiq qaydada öz ölkəsində Olimpiya Hərəkatını inkişaf və müdafiə etməkdir. AzMOK -un vəzifələri aşağıdakılardır:

  • Olimpiya Xartiyasında ifadə olunmuş Olimpiya idealarını və prinsiplərini hər vasitə ilə geniş yaymaq, Olimpiya Hərəkatı birliyinin möhkəmlənməsinə calışmaq, Azərbaycanın bu birlikdəki mövqeyini gücləndirmək, Respublika Olimpiya Hərəkatının və idmanının nüfuzunu beynəlxalq aləmdə yüksəltmək;

  • Olimpiya Oyunlarına, Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi altında keçirilən regional, qit`ə və kompleks ümumdünya idman yarışlarına öz nümayəndə hey`ətini göndərmək və bu hey`ətə rəhbərlik etmək; nümayəndə hey`ətinin tərkibinə daxil edilərək idmançıların seçilməsi zamanı yalnız idman nailiyyətləri deyil, bu idmançıların öz ölkələrinin gənclərinə nümunə ola biləcəyini, onlar barədə müvafiq milli federasiyaların təqdimatları, həmçinin Olimpiya Xrtiyasının müddəaları nəzərə alınmalıdır.

  • öz ölkəsinin idman hey`ətinin yol, yataq və digər təchizat məsələlərini həll etmək; nümayəndə hey`əti üzvlərini bədbəxt hadisələrdən (ölüm, şikəstlik, xəstəlik, tibb və dərman xərcləri) sığorta etmək və bu barədə üçüncü şəxslə müqavilə bağlamaq; nümayəndə hey`əti üzvlərinin davranışına görə məs`uliyyət daşımaq;

  • idman vasitəsilə Olimpizmin əsas prinsiplərinin milli səviyyədə təbliğində, onun orta məktəb, eləcə də ali təhsil müəssisələrində fiziki tərbiyə proqramlarına salınmasına və tədrisinə nail olmaq, Olimpiya təhsili institutlarının yaradılmasına çalışmaq;

  • Olimpiya Akademiyalarının, Olimpiya Muzeylərinin yaradılmasını tə`min etmək və onların fəaliyyətinə yardım göstərmək, Olimpiya Hərəkatı ilə əlaqədar mədəni tədbirlər həyata keçirmək;

  • öz ölkəsində Olimpiya Xartiyasına riayət olunmasını tə`min etmək;

  • yüksək idmanın nailiyyətlərini, habelə kütləvi idmanın inkişafını rəğbətləndirmək və həvəsləndirmək;

  • Olimpizmin əsas prinsiplərinin təbliğinə yardım edəcək xüsusi kurslar təşkil etməklə idman kadrlarının hazırlanmasına kömək göstərmək;

  • idmanda ayrıseçkiliyin və zorakılığın hər hansı formasının, o cümlədən irqi, dini, siyasi, cinsi və digər ayrıseçkiliyin tətbiqinə, habelə BOK, yaxud BİF tərəfindən qadağan olunmuş preparatlardan və proseduralardan istifadə olunmasına qarşı mübarizə aparmaq;

  • öz müstəqilliyini qorumaq və Olimpiya Xartiyasının qaydalarına riayət etməyə mane olan hər hansı təzyiq növünə, o cümlədən siyasi, dini, yaxud iqtisadi xarakterli təzyiqlərə qarşı mübarizə aparmaq, BOK-un mənafeyinə xələl gətirməmək şərtilə müvafiq dövlət orqanları, eləcə də qeyri-dövlət təşkilatları ilə ahəngdar əlaqələr saxlamaq və məhsuldar əməkdaşlıq etmək;

  • Respublika əhalisini bədən tərbiyəsi və idmana cəlb etmək, kütləvi idmanı, xalq oyunlarını, sağlam həyat tərzini təbliğ etmək;

  • "İdman hamı üçün" hərəkatına qoşulmaq, əlillər və əqli cəhətdən inkişaf etməmiş şəxslər üçün kütləvi bədən tərbiyəsi və idman tədbirləri keçirilməsinə yardım gstərmək;

  • idmançıların xalqlar arasında dostluq prinsipləri ruhunda tərbiyə olunmasına sə`y göstərmək, sülhün qorunması işində Olimpiya hərəkatının və idmanın rolunun artmasına çalışmaq;

  • BOK və onun struktur vahidləri, Olimpiya Hərəkatının digər beynəlxalq təşkilatları ilə sıx əlaqə yaratmaq, digər ölkələrin MOK-ları ilə Olimpiya, idman, elm və mədəniyyət sahəsində əməkdaşlıq etmək;

  • idmançıların, məşqçilərin, idman hakimlərinin, bədən tərbiyəsi və idman veteranlarının mənafelərini müdafiə etmək, mərhəmət tədbirləri keçirmək, ekoloji təklükəsizlik hərəkatında iştirak etmək;

  • Olimpiya Hərəkatı ilə bağlı beynəlxalq tədbirlərdə, Olimpiya tematikasına uyğun elmi-praktik seminar və konfranslarda, Olimpiya balları və başqa mədəni proqramlarda fəal iştirak etmək və bu cür tədbirlər keçirmək;

  • idmançıların yüksək səviyyədə müntəzəm tibbi müayinədən keçməsinə şərait yaratmaq.