AOK-NİN 26-CI ASSAMBLEYASINDA

Olimpiya Hərəkatının inkişafında beynəlxalq əlaqələr böyük rol oynayır. Beynəlxalq əlaqələrin düzgün qurulması respublikamızın Olimpiya Hərəkatında iştirakına təkan verməsi, idmanın daha geniş inkişafı ilə yanaşı, ölkənin dünya miqyasında tanınması üçün böyük perspektivlər açır.

1992-ci ildə yaranmış Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı təəssüf ki, öz fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinə lazımi diqqət yetirməmiş və bunun nəticəsində 1997-ci ilə kimi Azərbaycan Milli Olimpiya Komitəsi Ümumdünya Olimpiya ailəsinə tam şəkildə qatıla bilməmişdir. Milli Olimpiya Komitəsinin yeni heyəti ilk günlərdən bu sahəyə xüsusi diqqətlə yanaşmışdır. 1997-ci ilin noyabr ayında komitənin prezidenti İlham Əliyev, MOK-un birinci vitse-prezidenti, gənclər və idman naziri Əbülfəs Qarayev, komitənin baş katibi Ağacan Abiyev Avropa Olimpiya Komitəsinin Stokholmda keçirilən 26-cı Assambleyasında iştirak etmişlər. 48 dövlətin nümayəndələrinin iştirak etdiyi bu assambleyada müzakirə olunan əsas məsələ Avropa Olimpiya Komitəsinin rəhbərliyinin və İcraiyyə Komitəsinin yeni üzvlərinin seçilməsi oldu. İcraiyyə Komitəsinin tərkibinə 15 dövlətin nümayəndəsi daxil oldu.

Stokholm səfəri zamanı Azərbaycan nümayəndə heyətini Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq qəbul etdi. Jak Roq Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun fəxri doktoru seçilməsi haqqında xəbəri böyük məmnuniyyət hissi ilə qarşıladı. Bu qəbul zamanı tərəflər arasında əməkdaşlıq məsələləri geniş müzakirə olundu.

Stokholmda Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançla ilk görüşü oldu. Görüşdə Respublika Milli Olimpiya Komitəsinin işi, beynəlxalq əlaqələri, perespektiv planları ilə bağlı fikir mübadiləsi aparıldı. Səfər zamanı İlham Əliyevin bir sıra Avropa dövlətlərinin MOK prezidentləri ilə görüşləri oldu. Tam qətiyətlə demək olar Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Stokholm səfərində MOK-un beynəlxalq əlaqələrinin inkişafının təməli qoyuldu.