1998-ci il martın 19-20-də İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsi ilə MDB ölkələri Milli Olimpiya Komitələrinin görüşü keçirilmişdir. Həmin toplantıda MOK-un prezidenti İlham Əliyevlə bərabər vitse-prezident Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyev iştirak etmişlər. Lozanna səfəri zamanı nümayəndə heyətimizin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti markiz Xuan Antonio Samarançla fərdi görüşü oldu.
Görüşdə İlham Əliyev Xuan Antonio Samarança Azərbaycan Milli Olimpiya Komitəsində görülmüş işlər və perspektiv planlar haqqında ətraflı məlumat verdi. Söhbət zamanı o, əsas diqqəti beynəlxalq əlaqələrin genişləndirilməsi, BOK-la əməkdaşlığın gücləndirilməsi məsələlərinə yönəltdi və Respublika Olimpiya Komitəsinin problemlərindən danışdı. Azərbaycanda idmanın inkişaf etdirilməsinin, beynəlxalq standartlara cavab verən Olimpiya bazalarının yaradılmasının əhəmiyyətindən söhbət açarkən İlham Əliyev Mingəçevir avarçəkmə bazasının vəziyyəti, onun bərpası ilə bağlı problemlərə ətraflı toxundu.
Cənab Samaranç Mingəçevirdəki "Kür" Olimpiya təlim-məşq Avarçəkmə bazasının vəziyyəti ilə tanış olmaq, onun bərpası ilə bağlı konkret tədbirlər planı hazırlamaq üçün Azərbaycana xüsusi ekspert göndəriləcəyini vəd etdi, bu bazanın bərpasına Beynəlxalq Olimpiya Komitəsinin yardım göstərəcəyini bildirdi. Həmin il BOK eksperti Azərbaycana gəlmiş, Mingəçevir bazasının vəziyyəti ilə tanış olmuşdur.
Məlum olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində Azərbaycanda bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu insanların böyük əksəriyyəti çadır şəhərlərində, bir qismi isə respublikanın müxtəlif şəhərlərində olan yataqxanalarda, sanatoriya və istirahət evlərində, idman bazalarında, ocümlədən Mingəçevir şəhərindəki "Kür" avarçəkmə bazasında məskunlaşmışdır. Bu Olimpiya təlim-məşq bazasında yaşayan 200-ə yaxın qaçqın ailəsinin yerləşdirilməsi ilə bağlı problemlərin hələlik həll edilməməsi həmin layihənin həyata keçirilməsini təxirə salmışdır.