IV ÜMUMDÜNYA OLİMPİYA YARMARKASI

1998-ci il noyabrın 24-dən 29-dək Rio-De-Janeyro şəhərində IV Ümumdünya Olimpiya Yarmarkası keçirildi. İdmanın inkişafına əlavə investisiyalar cəlb edilməsinə həsr olunmuş bu tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, gənclər və idman naziri Əbülfəs Qarayevlə birlikdə iştirak etdilər. Tədbirdə iştirak zamanı İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Anita De Fransla, komitənin depertament rəhbərləri Manfred Bergiman və Aleks Xuatla işgüzar görüşlər keçirdi. Söhbət zamanı ölkəmizin internet vasitəsilə olimpiya mə`lumat sistemi birliyində iştirakının tə`min edilməsi, respublikamızın BOK-un bütün nəşrlərinə daxil edilməsi və digər məsələlər müzakirə edilmişdir.

1999-cu ildə də komitənin rəhbərləri və İcraiyyə Komitəsinin üzvləri Beynəlxalq və Avropa Olimpiya Komitələrinin tədbirlərində fəal iştirak etmişlər.

Məlumdur ki, Olimpiya Oyunları ilə bağlı texniki və təşkilati işlərin əsas spektri qitəmizdə AOK-un müvafiq komissiyalarında müzakirə olunur.

1999-cu ilin fevralında Çingiz Hüseynzadə "Olimpiya Oyunlarına hazırlıq" komissiyasının San-Marinodakı, Ağacan Abiyev isə "Texniki əməkdaşlıq" komissiyasının Stokholmdakı iclasında iştirak etmişlər. Komissiyaların istər San-Marino, istərsə də Stokholm toplantılarında Sidney Oyunları ilə bağlı təşkilati və texniki işlərin böyük spektri müzakirə olunmuş, bu sahədə MOK-larla əlaqələrin qurulması məsələləri barədə fikir mübadiləsi aparılmışdır.

1999-cu ilin iyun ayında Çingiz Hüseynzadə üzv olduğu komissiyanın Amsterdamda keçirilmiş iclasında iştirak etmişdir. Bu dəfə komissiya Sidney Oyunlarının təşkilati işləri ilə bağlı qaydalar hazırlamışdır. Komissiyanın hazırladığı qaydaların AOK və MOKA-nın birgə toplantısında müzakirəyə təqdim edilməsi qərara alınmışdır.

Qeyd edilməlidir ki, 1999-cu ildə beynəlxalq əlaqələrimiz baxımından bir sıra əhəmiyyətli işlər Olimpiya mərkəzi sayılan Lozannaya səfər zamanı görülmüşdür. BOK-un prezidenti Xuan Antonio Samarançın şəxsi də`vəti ilə həmin ilin sentyabrında MOK-un prezidenti İlham Əliyev gənclər və idman naziri Əbülfəs Qarayevlə birlikdə İsveçrədə rəsmi səfərdə olmuşlar. cənab Samarançla görüşdə İlham Əliyev son iki ildə komitənin gördüyü işlər haqqında mə`lumat vermiş, bu barədə rəsmi hesabatı ona təqdim etmişdir. Azərbaycanda idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi, respublikamızda Olimpiya Hərəkatı haqqında BOK prezidenti ilə ətraflı söhbət aparılmışdır.

Bakıda və respublikanın digər şəhər və rayonlarında yeni Olimpiya Komplekslərinin tikintisi haqqında məlumatı xüsusi maraqla dinləyən Xuan Antonio Samaranç Azərbaycanda MOK-nun fəaliyyətinə çox yüksək qiymət vermişdir. Şübhəsiz ki, görüş zamanı çətinlik və problemlərdən də söhbət açılmışdır.

Lozannada olarkən BOK-da bir sıra digər işgüzar görüşlər də keçirildi. Olimpiya həmrəyliyi və MOK-larla əlaqələr şö`bəsinin direktoru Pere Miro ilə, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti con Osvaldla, Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Karnelus Makulesku ilə, UEFA-nın baş katibi Herhard Ayqnerlə görüşlər oldu.

Surixdə FİFA-nın prezidenti cənab Blatterlə görüşdə Azərbaycan futbolunun vəziyyəti müzakirə olundu.