AR MOK-Sİ AVROPA ƏDALƏTLİ OYUNLAR HƏRƏKATININ ÜZVÜDÜR

Məlum olduğu kimi, Milli Olimpiya Komitəsi Avropa Ədalətli Oyunlar Hərəkatının üzvüdür. Nümayəndələrimiz son illərdə təşkilatın, demək olar ki, bütün yığıncaqlarında iştirak etmişlər. 1999-cu ilin iyununda Parisdə Ədalətli Oyunlar Hərəkatının beşinci Baş Assambleyasında Azərbaycanı komitənin vitse-prezidenti və Ədalətli Oyunlar komissiyasının sədri Xəzər İsayev təmsil etmişdir.

Beynəlxalq Olimpiya Komitəsi ilə BMT və onun ixtisaslaşmış qurumları, proqram və komissiyaları arasında əməkdaşlıq da son illərdə xeyli genişlənmişdir. 1999-cu ilin iyulunda Parisdə BOK-la YUNESKO-nun birgə təşkil etdiyi "Təhsil, idman və sülh mədəniyyəti" mövzusunda beynəlxalq konfransda icrakomun üzvü, komitənin mədəniyyət komissiyasının sədri Zərifə Salahova iştirak etmişdir.

AOK-un növbəti Assambleyası 1999-cu ilin 10-14 noyabrında Çexiyanın paytaxtında toplanmışdır. İclas dövründə assambleya üzvləri Çexiya Olimpiya Hərəkatının 100 illiyi ilə bağlı bayram tədbirlərində iştirak etmişlər.

Çex Olimpiya Hərəkatının 100 illiyinin bayram edilməsi AOK üzvü olan 48 ölkənin nümayəndələrindən başqa bir sıra rəsmi və fəxri qonaqların Praqaya gəlməsinə səbəb olmuşdu.

AOK-un 28-ci sessiyasında və Çex Olimpiya Hərəkatının 100 illiyinə həsr olunmuş yubiley şənliklərində Azərbaycanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Ağacan Abiyev təmsil etmişlər.

AOK-un 28-ci baş məclisində 30-dan çox məsələ müzakirə olundu. Müzakirə edilən məsələlər AOK-un 1999-cu ildəki fəaliyyətini, növbəti Olimpiya Oyunlarına hazırlıq məsələlərini, AOK komissiyaları və qruplarında görülmüş işləri, habelə AOK-un BOK, ANOK və digər təşkilatlarla əlaqələri və müştərək tədbirlərini əhatə edir.

2000-ci ilin aprelində Maltada AOK-un şef de-mission və baş katiblər üçün seminarı keçirilmişdir. Həmin seminarda komitəni vitse-prezident Çingiz Hüseynzadə və İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov təmsil etmişlər. Seminarda Sidney Oyunlarına hazırlığın vəziyyəti, bu oyunlara də`vətnamələrin verilməsi qaydaları müzakirə olunmuşdur.

Qeyd edilməlidir ki, Avropa Olimpiya Komitəsinin komissiyalarının 2000-ci ildə də bir sıra toplantıları olmuşdur. İclaslarda Olimpiya Hərəkatı, Olimpiya Oyunları, Avropa Olimpiya Komitəsinin həyata keçirdiyi bir çox tədbirlərlə bağlı geniş müzakirələr getmiş, fikir mübadiləsi aparılmış, komissiyalar müxtəlif layihələr, tövsiyələr hazırlamışlar.

MOK-un baş katibi Ağacan Abiyev 2000-ci ilin fevralında AOK-un Texniki Əməkdaşlıq Komissiyasının Parisdə keçirilmiş toplantısında iştirak etmişdir. Komissiya idman yarışlarının texniki məsələlərini və dopinqə qarşı mübarizənin bir sıra problemlərinin müzakirəsini aparmışdır.

2000-ci ilin fevralında MOK İcraiyyə Komitəsinin üzvü Vaqif Əliyev İslam Həmrəyliyi İdman Fedrasiyası təşkilatının Səudiyyə Ərəbistanında keçirdiyi iclasında iştirak etmişdir. Qeyd etmək lazımdır ki, bu yeni yaradılmış təşkilatdır. Onun əsas məqsədi müsəlman ölkələrində Olimpiya Hərəkatını və idmanı inkişaf etdirməyə yardım göstərməkdir. Azərbaycan Milli Olimpiya Komitəsinin bu təşkilatın işində fəal iştirak etməsi müsbət nəticələr verə bilər və bu cəhəti nəzərdən qaçırmaq olmaz.