MOKA-NIN XII BAŞ MƏCLİSİ

2000-ci ilin 24-26 mayında Braziliyanın paytaxtı Rio-de Janeyroda Milli Olimpiya Komitələri Assosiasiyasının XII Baş Məclisi toplanmışdır. Həmin Məclisdə respublikamızı komitənin vitse-prezidenti Çingiz Hüsenzadə təmsil etmişdir. Rio-de Janeyrodakı məclisdə qitə Olimpiya komitələrinin hesabatları, MOKA baş katibinin məruzəsi, MOKA komissiyalarının hesabatları, Olimpiya Həmrəyliyi idarəsi ilə Milli Olimpiya Komitələri arasında əməkdaşlığın gələcəyi, növbəti dövr üçün V Olimpiya Proqramı və digər məsələlər müzakirə edilmişdir. Milli Olimpiya Komitəmizin gələcək fəaliyyətini qurmaq, onun beynəlxalq olimpiya təşkilatları ilə əlaqələrini inkişaf etdirmək, müxtəlif beynəlxalq proqramlara qoşulmaq baxımından iclasda müzakirə olunan məsələlər böyük əhəmiyyət daşıyır.

2000-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin ölkədə Olimpiya Hərəkatının inkişafı ilə bağlı gördüyü işlər daha da genişlənmiş, yeni keyfiyyət səviyyəsinə qalxmışdır. Bu işlərin əsas istiqaməti beynəlxalq olimpiya təşkilatları ilə əlaqələrdə daha irəli getməyə yönəldilmişdir. Sidney Oyunları dövründə Komitənin prezidenti İlham Əliyev beynəlxalq Olimpiya təşkilatlarının, beynəlxalq federasiyaların, müxtəlif ölkələrin Olimpiya Komitələrinin rəhbərləri ilə işgüzar görüşlər keçirmişdir. Sidneydə keçirilmiş "Azərbaycan günü" tədbiri də beynəlxalq əlaqələrin inkişafında özünəməxsus rol oynamışdır.