2000-ci il oktyabrın 20-də Avropa Olimpiya Komitəsinin prezidenti doktor Jak Roq və baş katib Mario Peskante Azərbaycana gəlmişlər. Səfərin ilk günü Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qonaqları qəbul etmişdir. İlham Əliyev son illər respublikada olimpiya hərəkatının geniş vüs`ət alması, görülmüş işlər barədə qonaqlara mə`lumat vermişdir.
Oktyabrın 21-də Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq və baş katib Mario Peskante Bakıda respublika Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim və tələbələrlə, eləcə də respublikanın idman nümayəndələri ilə görüşdə iştirak etmişlər. Akademiyada AOK-un prezidenti Jak Roqa fəxri doktor adı verilmişdir. Hörmətli qonağa fəxri doktor geyimi və diplomu təqdim olunmuşdur. Mərasimin sonunda cənab Jak Roq çıxış etmişdir. O, baş katib Mario Peskante ilə birlikdə Azərbaycana gəlişinin əsas məqsədinin bu ölkədə idmanın və Olimpiya Hərəkatının vəziyyətini yaxından öyrənmək, Azərbaycan Milli Olimpiya Komitəsi ilə AOK arasındakı əlaqə və əməkdaşlığın daha da inkişaf etdirmək olduğunu qeyd etmişdir. Jak Roq akademiyanın fəxri doktoru adına layiq görülməsindən məmnun olduğunu və bunu AOK-a verilən hədiyyə kimi qəbul etdiyini bildirmişdir.
Elə həmin gün Azərbaycan Milli Olimpiya Komitəsinin yeni Olimpiya Kompleksinin təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev, respublikamıza qonaq gəlmiş Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, AOK-un baş katibi Mario Peskante və digər rəsmi şəxslər iştirak etmişlər.
Elə həmin gün respublika prezidenti Heydər Əliyev AOK-un prezidenti Jak Roqu və baş katib Mario Peskanteni qəbul etmişdir. Qəbulda Azərbaycanda Olimpiya Hərəkatının inkişaf yolları, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələrinin keyfiyyətcə yeni fazaya keçməsi barədə fikir mübadiləsi aparılmışdır.
Ümumiyyətlə, Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafında respublika prezidenti cənab Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bu xidmətlər ölkədaxili idman quruculuq işlərini, idmançılara diqqət və qayğını, millətin sağlamlığı və fiziki tərbiyəsini özündə birləşdirməklə yanaşı, beynəlxalq idman və olimpiya əlaqələrinin də tam dairəsini əhatə edir. Son illərdə Azərbaycan prezidentinin Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudri ilə görüşləri, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emel Jeçevi və Assosiasiyanın İcraiyyə komitəsinin bütün üzvlərini, Afrika Boks Assosiasiyasının prezidentini, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu və komitənin baş katibi Mario Peskanteni qəbul etməsi istər Milli Olimpiya Komitəsinin, istərsə də respublikanın digər idman təşkilatlarının beynəlxalq əlaqələrinin güclənməsinə son döərəcə böyük tə`sir göstərmişdir.