2000-ci il noyabrın 16-dan 19-na kimi Polşanın paytaxtı Varşava şəhərində Avropa Olimpiya Komitəsinin XXIX Baş Assambleyası keçirilmişdir. Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci vitse-prezident Əbülfəs Qarayev, vitse-prezident Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyevdən ibarət nümayəndə hey`əti iştirak etmişdir.
İclasda Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqun, baş katib Mario Peskantenin hesabat mə`ruzələrini dinləmişlər. Doktor Jak Roq ötən müddətdə görülmüş işlərdən söhbət açmış, Sidney Olimpiya Oyunlarının ilin ən əlamətdar hadisələrindən biri kimi qiymətləndimşdir. Fərəhli haldır ki, Avropa Olimpiya Komitəsinin prezidenti öz çıxışında Olimpiya Hərəkatında fəal mövqe tutan ölkələr cərgəsində Azərbaycanın da adını çəkmişdir. O, Azərbaycan idmançılarının Sidney Oyunlarında qazandıqları böyük nailiyyətlərin respublikada Olimpiya Hərəkatına və idmana böyük qayğının nəticəsi olduğunu qeyd etmişdir. Doktor Jak Roq yeni olimpiya komlekslərinin tikilib istifadəyə verilməsi, idmançıların sosial problemlərinin həllinə diqqət göstərilməsi, idmanın kütləviliyinin artırılması istiqamətində Azərbaycan Milli Olimpiya Komitəsində aparılan işləri xüsusi qeyd etmişdir.
Baş Assambleya bir sıra vacib qərarlar qəbul etmişdir. Sevindirici haldır ki, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2001-ci ildəki ilk iclasının aprelin 6-da Azərbaycanın paytaxtı Bakıda keçirilməsi haqqında qərara iştirakçılar yekdilliklə səs vermişlər.
Baş Assambleya zamanı Azərbaycan Respublikası Milli Olipmiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezdenti Xuan Antonio Samarnçla, Avropa Olompiya Komitəsinin prezidenti Jak Roqla, bir sıra Milli Olimpiya Komitələrinin prezidentləri ilə işgüzar görüşlər keçirmişdir. Bu görüşlərdə Azərbaycanda Olimpiya Hərəkatının və idmanın vəziyyəti barədə söhbətlər aparılmış, respublikada bu istiqamətdə görülən işlərin prespektiv istiqamətləri müzakirə olunmuşdur. Görüşlərdə Azərbaycanda Olimpiya hərəkatı sahəsində irəliləyişin artıq beynəlxalq miqyasda əks-səda doğurması, beynəlxalq Olimpiya və idman təşkilatlarının ölkəyə diqqəti və yardımı qeyd edilmişdir. Avropa Olimpiya Komitəsi İcraiyyə Kosmitəsinin 2001-ci ilin aprelində olacaq ilk yığıncağının Bakıda keçirilməsi haqqında Baş Assambleyada yekdilliklə qərar qəbul edilməsi bu faktı bir daha təsdiq edir.
Varşavada Avropa Olimpiya Komitəsinin komissiya və işçi qrupları da öz iclaslarını keçirmişlər. Olimpiya Oyunlarına hazırlıq komissiyasının işində onun üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüsenzadə, Texniki əməkdaşlıq komissiyasının işində bu komissiyanın üzvü Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev iştirak etmişdir. Komissiya növbəti Olimpiya Oyunları ilə bağlı texniki məsələlərin həlli yollarına aid müzaikələr aparmış, gələcək fəaliyyət istiqamətlərini dəqiqləşdirmişdir. Elə buradaca Texniki Komissiyanın növbəti iclasını Bakıda keçirmək barədə qərar qəbul olunmuşdur.