2001-ci il fevralın 21-də Bakıda, "Hyatt Regent" otelində Avropa Olimpiya Komitəsi texniki komissiyasının iclası keçirilmişdir. "Texniki komissiya" AOK-un 5 komissiyasından biridir. Komissiyanın iclasında 12 üzvdən 9-u- Qunilla Lindberq (sədr, İsveç), Marsel Sturkenbaum (Niderland), Ağacan Abiyev (Azərbaycan), Andrey Kislov (Rusiya), Dimitris Diazesopolos (İsveç), İsidre Baro`Kabanes (Andorra), Aqust Askeierson (İslandiya), Xenze Heyne (Almaniya) və Raymond Hastert (Lüksemburq, katib) iştirak etmişlər.
İclasın əvvəlində Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Əbülfəs Qarayev komissiya üzvlərini salamlamış, komissiyanın Bakıda toplanmasını Azərbaycan Olimpiya Hərəkatında böyük hadisə kimi qiymətləndirmişdir. Sonra komissiyanın Azərbaycandan olan üzvü Ağacan Abiyev qonaqlara ölkəmiz, Azərbaycan Milli Olimpiya Komitəsinin gördüyü işlər barədə qısa mə`lumatı iştirakçıların nəzərinə çatdırmışdır.
Sonra komissiya gündəlikdə duran məsələləri müzakirəyə başlamışdır. Komissiyanın 2000-ci ildəki işinin yekunları və 2001-ci il üçün görüləcək işlər müzakirə obyekti olmuşdur. Komissiya 2001-ci il üçün fəaliyyət planını təsdiq etmişdir.
Komissiyanın işində dopinqə qarşı mübarizə yolları, iste`dadlı gənclərin üzə çıxarılması, Olimpiya tədrisinin ictimaiyyət arasında geniş təbliği yolları müzakirə olundu.
Ertəsi gün Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev komissiya üzvlərini qəbul etmiş, onlara Azərbaycan Olimpiya Hərəkatı, Avropa Olimpiya Komitəsi ilə əlaqələr barədə ətraflı mə`lumat vermişdir. Görüşdə komissiya iclasının nəticələri barədə söhbət getmiş, AOK İcraiyyə Komitəsinin Bakıda keçirələcək yığıncağına hazırlıq işləri barədə fikir mübadiləsi aparılmışdır.
2001-ci il aprelin 5-də Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvləri Bakıya yığışdılar. Aprelin 6-da İcraiyyə Komitəsinin üzvləri Milli Olimpiya Komitəsinin inzibati binasına gəldilər. Qonaqları MOK-un prezidenti İlham Əliyev qarşıladı. Ayaqüstü qısa səmimi söhbətdən sonra İlham Əliyev qonaqları Milli Olimpiya Komitəsinin inzibati binası, oradakı iş şəraiti ilə tanış etdi. Sonra MOK rəhbərliyi ilə AOK İcraiyyə Komitəsinin üzvləri arasında görüş oldu. Görüşdə İlham Əliyev MOK-un fəaliyyəti, son dövrdə görülmüş işlər barədə məlumat verdi. Görüşdən sonra AOK İcraiyyə Komitəsi öz iclasına başladı. İclasda Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, vitse-prezident Patrik Hikey, baş katib Mario Peskante, icraiyyə komitəsinin üzvləri Toqay Bayatlı, Alayn Qeles,, Hayns Çanqvrits, Qunilla Lindberq, Aleksandra Kozlovski, Arturas Poviliunas, Arne Mirvold, Valter Troqer iştirak etdilər.Toplantıda Solt Leyk Siti Oyunlarına, Afina olimpiadasına hazırlıq, AOK Atletlər komissiyasının yaradılması bir sıra başqa məsələlər müzakirə olundu. AOK-un toplantısı axşam başa çatdı. İclasdan sonra AOK üzvlərini Azərbaycan Respublikasının Milli Məclisinin sədri Murtuz Ələsgərov qəbul etdi. Ertəsi gün AOK icraiyyə Komitəsinin üzvləri Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illik yubileyində iştirak etdilər. Yubileydə AOK-un vitse-prezidenti Patrik Hikey çıxış etdi.
Bakıda Milli Olimpiya Komitəsinin inzibati binası istifadəyə verildikdən sonra burada bir çox beynəlxalq idman federasiyalarının rəhbərləri ilə də görüşlər keçirilmişdir. Həmin görüşlərdə Azərbaycanda bu və ya digər idman növünün vəziyyəti, onun inkişaf məsələləri, müxtəldif idman növləri üzrə beynəlxalq yarışların təşkili, habelə əməkdaşşlıq və əlaqələrin genişləndirilməsi məsələləri müzakirə obyekti olmuşdur.
2001-ci il mayın 5-də MOK-un inzibati binasında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Bodibildinq Federasiyası prezidentinin məsul köməkçisi Rafael Santoxanın (İspaniya), Beynəlxalq Bodibildinq Federasiyasının icraçı direktoru Pamella Kaqonun (Kanada), Rusiyanın idman ləvazimatları istehsal edən ''Vasil'' firmasının direktoru Oleq Daqetyarın və NTV+ telekanalının redaktoru İqor Petruxinin daxil olduğu nümayəndə heyətini qəbul etdi.
Həmin il mayın 26-da İlham Əliyev Avropa cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul etmişdir. Qəbulda MOK prezidenti Azərbaycan cüdosunun inkişaf tarixindən, onun son illərdə qazandığı uğurlardan söhbət açmışdır. O, qeyd etmişdir ki, cüdo respublikada sürətlə inkişaf etməkdədir. Milli Olimpiya Komitəsinin fəaliyyətindən danışarkən İlham Əliyev Azərbaycanda beynəlxalq yarışların təşkil olunub keçirilməsi təcrübəsindən qonağa məlumat vermiş, cüdo üzrə beynəlxalq yarışların, o cümlədən Avropa çempionatının Azərbaycana salınmasına diqqəti cəlb etmişdir. Marius Vizer Səmimi qəbula görə minnətdarlığını bildirmiş cüdo üzrə beynəlxalq yarışların Azərbaycanda keçirilməsi üçün hər cür şəraitin olduğunu qeyd etmişdir.
Noyabrın 30-dan dekabrın 1-dək AOK-un Monakoda keçirilmiş 30-cu Baş Assambleyası keçirilmişdir. Həimin toplantıda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, vitse-prezident İlham Əliyev, baş katib Ağacan Abiyev iştirak etmişlər. Bu assambleya Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilmiş Jak Roqun yerinə komitənin baş katibi Mario Peskante Avropa Olimpiya komitəsinin yeni prezidenti seçilmişdir. Monakoda MOK-un prezidenti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqla görüşmüş, Respublikada Olimpiya Hərəkatının vəziyyəti, MOK-un fəaliyyətindən söhbət açımış, BOK-la əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparmışdır.
2002-ci il martın 2-də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Dünya Taekvondo Federasiyasının baş katibi Kim Çeul Ohonu qəbul etmişdir. Qəbulda söhbət Azərbaycanda taekvondonun vəziyyəti və inkişaf perspektivlərindən getmişdir.
2002-ci martın 21-də MOK prezidenti İlham Əliyev, MOK-un 1-ci vitse prezidenti Əbülfəs Qarayevlə Moskvada Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin yeniyetmələr Oyunlarının Təşkilat Komitəsinin iclasında iştirak etdi. Bu iclasda Yeniyetmələr Oyunldarının təşkili və onda iştirak məsələləri müzakirə olundu. İclasda Azərbaycan MOK-nun Bu cür Oyunların keçirilməsini həmitşə dəstəkləməsini qeyd edən İlham Əliyev Moskva Oyunlarında Azərbaycan idmançılarının geniş nümayəndə heyəti ilə iştirak edəcəyini bildirmişdir.
2002-ci il aprelin 19-da MOK-un prezidenti İlham Əliyev Beynəlxalq Otüstü Xokkey Federasiyasının prezidenti xanım Els Van Breda Vriyesmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş onlara Azərbaycanda otüstü xokkeyin bir vaxt yaxşı inkişaf etməsi haqqında danışmış, MOK-un komanda idman növlərinə göstərdiyi yardımı diqqət mərkəzinə çəkmişdir. MOK prezidenti ölkədə otüstü xokkeyin yenidən inkişaf etdirilməsi üçün imkan və potensimalın olduğunu qeyd etmişdir. Qəbulda Bakıda tikilməsi nəzərdə tutulan otüstü xokkey stadionun layihəsi və onun tikintisi haqqında fikir mübadiləsi getmişdir.
Aprelin 25-də MOK-un vitse prezidenti Çingiz Hüseynzadə Kiprdə Şef-demisyonların seminarında iştirak etmişdir. Bu toplantıda Afina Oyunlarına hazırlıq, Olimpiya nümayəndə heyətlərinin qəbulu məsələləri ilə bağlı məsələr müzakirə edilmişdir.