MOKA-NIN 13-CÜ BAŞ ASSAMBLEYASI

2002-ci il mayın 22-dən 25-nə kimi Malayziyanın pataxtı Kuala-Lumpur şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının 13-cü Baş Assambleyası keçirilmişdir. Assambleyanın işində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və vitse-prezident Çingiz Hüseynzadə iştirak etmişlər.

Milli Olimpiya Komitələri Assosiasiyasının Kuala-Lumpur şəhərindəki toplantısı bu təşkilatın hesabat-seçki baş assamleyası olmuşdur. Bu assambleyada Milli Olimpiya Komitələri Assosiasiyasının qitələrə üzrə vitse-prezidentlərinin raportları və assosiasiya komissiyalarının fəaliyyəti haqqında məlumatlar dinlənilmiş, assosiasiyasının prezidentinin seçkiləri keçirilmişdir. Mario Vaskes Rana yenidən Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti seçilmişdir.

Kuala-Lumpurda olarkən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bir sıra işgüzar görüşləri olmuşdur. İlham Əliyevin Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana ilə keçirdiyi görüşdə Azərbaycan Olimpiya Komitəsinin fəaliyyəti, onun respublikada Olimpiya Hərəkatının genişləndirilməsi sahəsində son illərdə əldə etdiyi uğurlar haqqında, komitənin gələcək fəaliyyəti barədə söhbət getmişdir, assosiasiyası ilə Azərbaycan Olimpiya Komitəsi arasında əlaqə və əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante arasında görüş də işgüzar və səmimi şəraitdə keçmişdir. Görüşdə MOK-un ölkə daxilindəki fəaliyyəti və qitə təşkilatının tədbirlərində iştirakı barədə söhbət getmişdir. AOK-un prezidenti Mario Peskante Azərbaycana səfərini xatırlamış, ötən müddətdə Azərbaycan Milli Olimpiya Komitəsinin gördüyü yeni işlərdən məmnun olduğunu söyləmiş, Azərbaycanda Olimpiya Hərəkatının və idmanın belə yüksək bir templə inkişafını alqışlamışdır.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin növbəti görüşü Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnovla olmuşdur. Səmimi və işgüzar şəraitdə keçən bu görüşdə beynəlxalq Olimpiya Hərəkatının bir çox məsələləri ətrafında söhbət getmiş, Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunmuşdur.

Malayziyada İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Milli Olimpiya Komitələri ilə əlaqələr və Olimpiya Həmrəyliyi idarəsinin direktoru Pere Miro, Avropa Olimpiya Komitəsinin baş katibi Patrik Hikey və bir sıra ölkələrin Milli Olimpiya Komitələrinin prezidentləri, beynəlxalq ağırlıqqaldırma Federasiyasının prezidenti Tomaş Ayanla da görüşmüşdür.

Qeyd etmək lazımdır ki, beynəlxalq ağırlıqqaldırma Federasiyasının prezidenti Tomaş Ayan 2002-ci ildə Azərbaycanda ikinci dəfə rəsmi səfərdə olmuşdur.

Mayın 23-də Milli Olimpiya Komitələri Assosiasiyasının XIII Baş Assambleyasının iclasında Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana Milli Olimpiya Komitələrinin Olimpiya Hərəkatının inkişafı ilə bağlı fəaliyyətindən danışarkən Azərbaycan Olimpiya Komitəsinin gördüyü işlərdən bəhs etmiş, bu komitənin əldə etdiyi nailiyyətlərdən söhbət açmışdır. O, Azərbaycan Milli Olimpiya Komitəsinin Milli Olimpiya Komitələri Assosiasiyasının xüsusi mükafatına layiq görüldüyünü qeyd etmiş və mükafatı MOK-un prezidenti İlham Əliyevə təqdim etmişdir. Həmin mükafatın üzərində yazılmışdır: "Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi olimpiya ideallarının bütün dünyada yayılması və idmanın inkişafında görkəmli xidmətlərinə görə təltif olunur."

Mayın 23-də Azərbaycan Milli Olimpiya Komitəsinin prezdenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqun iqamətgahında onunla görüşmüşdür. BOK prezidenti Jak Roq Azərbaycanda idmanın inkişafından, Olimpiya hərəkatının genişlənməsindən, ölkəmizdə yeni idman komplekslərinin, qurğularının tikintisi sahəsində əldə olunmuş nailiyyətlərdən, Azərbaycanda bir sıra mötəbər beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilib keçirilməsindən xəbərdar olduğunu bildirmişdir. O, Azərbaycanda Olimpiya hərəkatının sürətlə inkişaf edib genişlənməsindən böyük məmnunluq duyduğunu vurğulamışdır.

Ümumiyyətlə, son 5 il ərzində MOK-un rəhbərliyi, İcraiyyə Komitəsinin və MOK-un digər üzvləri 100 dəfədən artıq xarici ölkələrdə xidməti ezamiyyətdə olmuşlar. Göstərilən səfərlərin hər biri ümumi iş üçün bu və ya digər mənada əhəmiyyət daşımış, bilavasitə komitənin beynəlxalq əlaqələrinə müsbət təsir göstərmişdir.

Ötən müddətdə Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərləri, ayrı-ayrı Milli Olimpiya Komitələrinin prezidentləri ilə keçirdiyi şəxsi görüşlər və onlarla apardığı danışıqlar Azərbaycan Respublikasının və onun Milli Olimpiya Komitəsinin beynəlxalq aləmdə nüfuzunun artmasında müstəsna rol oynamışdır.

Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan Olimpiya Komitəsinin beynəlxalq əlaqələri lazımi səviyyədədir və bu əlaqələr yüksələn xətt üzrə inkişaf etdirilməkdədir.

Bütün deyilənlər heç şübhəsiz ki, Milli Olimpiya Komitəsinin məqsədyönlü səylərinin nəticəsidir.