BEYNƏLXAQ YARIŞLAR

Azərbaycan Prezidenti Heydər Əliyev öz çıxışlarından birində demişdir: "Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür idman oyunlarında nümayiş etdirənlərimiz də olubdur. Aəncaq məlum səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır." Məlum səbələr ölkənin müstəqil olmaması idi. Sovetlər İttifaqının tərkibində olan Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər, o cümlədən yüksək səviyyəli beynəlxalq yarışları keçirmək mümkün olmamışdır. Azərbaycan yalnız müstəqillik əldə etdikdən sonra belə bir imkanı əldə edə bilibdir. Lakin həmin imkanın özündən istifadə etmək də o qədər asan deyildi. Ermənistanın ölkəmizə təcavüzü, Azərbaycan həqiqətlərinə başqa don geydirilməsi idman nümayəndə heyətlərinin belə bu diyara gəlməsinə mane olurdu. Ərazisində müharibə odları hələ sönməmiş Azərbaycana nəinki beynəlxalq yarışlar salmağa, hətta bir komanda göndərmək üstündə hay-küy qaldırılırdı.

1997-ci ildə Milli Olimpiya Komitəsi ölkənin beynəlxalq idman nüfuzunu artırmaq, Azərbaycanın müstəqil dövlət kimi mötəbər idman yarışlarını təşkil edib keçirməyə qadir olduğunu sübut etmək sahəsində ciddi iş görməyin vacibliyini ön plana çəkdi. Bunun üçün birinci növbədə beynəlxalq əlaqələri qüvvətləndirmək, beynəlxalq yarış və turnirlər təşkil etmək tələb olunurdu. Beynəlxalq Həvəskar Boks Assosiasiysının prezidenti Ənvər Çoudrinin şərəfinə Bakıda keçirilən boks yarışları ilk belə turnir oldu. Ənənvi boks turniri öz arxasınca kadetlər arasında Avropa çempionatını, sonralar dünya çempionatını Bakıya gətirməyə imkan verdi. Beynəlxalq əlaqələrin düzgün məcraya salınması digər idman növlərində də mötəbər yarışların Azərbaycanda keçirilməsinə əsaslı zəmin yaratdı. Beləliklə, Milli Olimpiya Komitəsi qarşısına qoyduğu daha bir məqsədi həyata keçirtdi. Azərbaycanda beynəlxalq yarışların keçirilməsinin mümkünsüzlüyü haqqındakı mif dağıdıldı. Bakı dünyanın idman mərkəzlərindən biri kimi ad qazanmağa başladı. Beləliklə, Azərbaycanda dalbadal müxtəlif beynəlxalq yarışların keçirilməsi reallaşdı. Milli Olimpiya Komitəsinin bilavasitə iştirakı ilə təşkil olunmuş belə yarışlar, onların təşkili və gedişinə ötəri də olsa nəzər salaq.