Avropa çempionatının açılışına bir gün qalmış, mayın 5-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Bodibildinq Federasiyası prezidentinin məsul köməkçisi Rafael Santoxanın (İspaniya), Beynəlxalq Bodibildinq Federasiyasının icraçı direktoru Pamella Kaqonun (Kanada), Rusiyanın idman ləvazimatları istehsal edən ''Vasil'' firmasının direktoru Oleq Daqetyarın və NTV+ telekanalının redaktoru İqor Petruxinin daxil olduğu nümayəndə heyətini qəbul etdi.
Milli Olimpiya Komitəsinin prezidenti qonaqları salamladıqdan sonra bodibildinq federasiyasının rəhbərliyi ilə iki il əvvəl Bakıda keçirdiyi görüşü xatırlatdı. O, qonaqların ötən səfəri zamanı Avropa Bodibildinq Federasiyası ilə əməkdaşlığın güclənəcəyi haqqında fikirlərin artıq real həqiqətə çevrilməsindən və sabah bodibildinq üzrə Avropa çempionatının şəhərimizdə start götürəcəyindən məmnun olduğunu bildirdi. İlham Əliyev Avropa çempionatının Bakıda yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsinin gördüyü işlərin təqdirə layiq olduğunu qeyd etdi, şəhərdə bu yarışa böyük maraq göstərildiyini qonaqların nəzərinə çıtdırdı.
Səmimi və mehriban qəbula görə öz minnətdarlığını bildirən Rafael Santoxa Avropa çempionatının keçirilməsi üçün bütün təşkilati işlərin yüksək səviyyədə yerinə yetirilməsini qeyd etdi. Çempionatın təşkili və keçirilməsində Milli Olimpiya tKomitəsinin iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi.
Mayın 6-da Respublika sarayında bodibildinq üzrə Avropa çempionatının final mərhələsinin yarışları keçirildi. Yarışlar başlanmazdan əvvəl çempionatın təntənəli açılışı oldu. Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək idmançıları və tamaşaçıları səmimiyyətlə salamladı, ölkəmizdə ilk dəfə bodibildinq üzrə Avropa çempionatının keçirilməsi münasibətilə onları təbrik etdi, yarış iştirakçılarına uğurlar dilədi. Bu yarışın Bakıda keçirilməsinin əsas təşəbbüskarı olan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə söz verildi. O, Azərbaycana gəlmiş bütün idmançıları və qonaqları səmimiyyətlə salamladı idmançılara uğurlar arzuladı.
Beynəlxalq Bodibildinq Federasiyası prezidentinin icraçı köməkçisi Rəfael Santoxa çempionatı açıq elan etdi və bodibildinq üzrə Avropa çempionatının final mərhələsinin yarışları başlandı.
Çempionatda Avropanın 21 ölkəsindən - Azərbaycan, Belarus, İsveç, İtaliya, Gürcüstan, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya, Hollandiya və digər ölkələrdən 70 idmançı iştirak edirdi. Ölkəmiz müxtəlif çəki dərəcəsində 6 idmançı ilə təmsil olunurdu.
65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançıların yarışında Azərbaycan atleti Yalçın Məmmədov Türkiyə, Xorvatiya, Polşa, İsveç, İtaliya və Almaniya nümayəndələrini arxada qoyaraq, qitə çempionatının bütünc medalını qazandı. Birinci yerə isə slovakiyalı Vladimir Kristov çıxdı.
70 kiloqram çəki dərəcəsində mübarizə Çexiya nümayəndəsi Aleksandr Klierin qələbəsi ilə nəticələndi. Bu çəki dərəcəsində Azərbaycan idmançısı Anatollu Məsimov dördüncü yeri tutdu.
75 kiloqram çəki dərəcəsində mübarizə daha maraqlı keçdi. Həmyerlimiz TaHir Faxrutdinov Ukrayna, Rusiya, Çexiya, İsveç, İtaliya, Slovakiya, Fransa və Hollandiya atletlərində daha yaxşı nəticə göstərərək, Avropa çempionatının qızıl medalını qazandı.
80 kiloqram çəki dərəcəsində rusiyalı Sergey Dmitriyev, 90 kiloqramadək çəkidə Slovakiya nümayəndəsi Stefan Xavlik, çəkisi 90 kiloqramdan ağır olan idmançıların yarışında isə litvalı Rolandos Potsius Avropa çempionu adını qazandılar.
Beləliklə, Azərbaycanda daha bir Avropa çempionatı başa çatdı. Yarışların yüksək səviyyədə təşkili və keçirilməsi təşkilat komitəsinin üzvlərini, hakimləri, idmançıları, tamaşaçıları bir sözlə, hamını razı saldı.