Avqustun 1-dən 9-dək Bakı İdman Oyunları sarayında yeniyetmə boksçuların IV Avropa çempionatı keçirildi. Avropanın 24 ölkəsinin - Azərbaycan, Belorusiya, Xorvatiya, Kipr, Çex Respublikası, Estoniya, Finlandiya, Gürcüstan, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya, Rusiya, Şotlandiya, Slovakiya Respublikası, İsveç, Türkiyə və Ukraynanın idmançıları bu çempionatda iştirak etdilər. Bu ölkələrdən 132 boksçu Avropa çempionatının medalları uğrunda mübarizə apardı.
Çempionatın açılış mərasimi avqustun 1-də oldu. Açılışda Avropa Həvəskar Boks Assosiasiyasının bayrağı təntənəli marş sədaları altında stadiona gətirildi və qaldırıldı. Respublikanın gənclər və idman naziri Əbülfəz Qarayev Azərbaycanın prezidenti Heydər Əliyevin boksçuların IV Avropa çempionatının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu. Təşkilat Komitəsinin sədri, respublika gənclər və İdman nazirinin birinci müavini Vaqif Əliyev yarış iştirakçılarını salamladı. Sonra Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa çempionatının iştirakçılarını salamladı. Yarışı ölkəmizin istər ictimai-siyasi, istərsə də idman həyatında baş verən çox əhəmiyyətli və əlamətdar bir hadisə kimi qiymətləndirdi. O qeyd etdi ki, Azərbaycanda son vaxtlar idmanın sürətlə inkişaf etdirilməsi, ölkədə idmana, idmançılara göstərilən qayğı, yaradılan şərait, idmançılarımızın beynəlxalq yarışlarda uğurla çıxış etməsi Avropa çempionatı məhz Azərbaycanda keçirilməsinə imkan vermişdir. Bununla yanaşı İlham Əliyev Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçevə göstərilən etimada görə minnətdarlığını bildirdi. Çıxışının sonunda İlham Əliyev idmançılara qələbə sevincləri arzuladı.
Emil Jeçev yarışları açıq elan etdi.
Yarışlar başlandı. Yeniyetmə boksçular13 çəki dərəcəsində qələbə uğrunda mübarizəyə qoşuldular.
Kadetlər arasında boks üzrə Avropa çempionatı doqquz gün davam etdi. Final yarışları çempionatın sonuncu günü-avqustun 9-da keçirildi.
Bağlanış mərasimində Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti və vitse-prezidentləri yarışların təşkili və keçirilməsi səviyyəsindən razı qaldıqlarını söylədilər. Assosiasiyasının prezidenti Emil Jeçev Azərbaycan çempionatını əvvəlki çempionatlarla müqayisədə daha yüksək səviyyədə təşkil olunmasını bir daha xüsusi qeyd etdi. O, dövlətin, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, habelə dövlət idman qurumlarının çempionatın hazırlanması və keçirilməsi gedişindəki işini müsbət qiymətləndirdi.
Kadetlərin Bakıdakı Avropa çempionatında 13 çəki dərəcəsində 119 döyüş keçirildi. Azərbaycan boksçuları pərəstişkarlarının ümidlərini doğrulda bildilər. Onlar gözlənildiyindən daha yaxşı nəticə göstərdilər. İlk dəfə olaraq boksçularımız belə mötəbər bir yarışda doqquz medal (4 qızıl, bir gümüş, 4 bürünc) qazandılar. Etiraf etmək lazımdır ki, belə müvəffəqiyyətlərin qazanılmasında doğma divarların, çoxsaylı azərkeşlərin də köməyi az olmadı. Ancaq reallıq budur ki, yeniyetmə idmançılarımız bu medalları çətin və gərgin mübarizə şəraitində qazandılar və komanda hesabında xalın miqdarına görə Rusiyadan sonra II yeri tutdular. III yerə Ukrayna komandası çıxdı.
Yarışlar dövründə Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçevi və federasiyanın vitse-prezidentlərini qəbul etdi.
Azərbaycan Milli Olimpiya Komitəsi yeniyetmə boksçular arasında IV Avropa çempionatı iştirakçılarının şərəfinə avqustun 3-də Bakı Əyləncə Mərkəzində rəsmi qəbul təşkil etdi.
Qəbulda Avropa Boks Assosiasiyasının rəhbərləri, çempionatda iştirak edən komandaların təmsilçiləri, hakimlər, respublikamızın idman ictimaiyyətinin nümayəndələri, nazirlər və digər rəsmi şəxslər iştirak etmişlər.