YENİYETMƏLƏRİN BOKS ÜZRƏ I DÜNYA ÇEMPİONATI
BAKI-2001

1999-cu ildə Yeniyetmələr arasında boks üzrə Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olundu. Nəticədə Beynəlxalq Həvəskar Boks Assosiasiyası yeniyetmə boksçuların 2001-ci ildə keçiriləcək ilk dünya çempionatının Bakıda təşkil olunmasına qərar verdi.

21 ölkənin 132 gənc dəri əlcək ustası 2001-ci ilin oktyabrında yeniyetmələrin I dünya çempionatında qatılmaq üçün Azərbaycana gəlmişdilər. Çempionatda tam heyətlə çıxış edən Kuba, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycan komandalarından başqa Yunanıstan, Belorusiya, Hindistan, İndoneziya, cənubi Afrika Respublikası, Slovakiya, Türkiyə, Türkmənistan, Qırğızıstan, Tacikistan, Estoniya, Latviya, Özbəkistan, Monqolustan, Macarıstan idmançıları da iştirak edirdi.

Oktyabrın 13-də Bakıda İdman Oyunları Sarayında yeniyetmə boksçuların 1-ci dünya çempionatının təntənəli açılış mərasimi oldu. Açılış mərasimi çempionatda iştirak edəcək ölkələrin idmançılarının paradı ilə başlandı. Sonra Azərbaycanın dövlət himni səsləndi. Təntənəli marşın sədaları altında Beynəlxalq Həvəskar Boks Assosiasiyasının bayrağı idman sarayına gətirildi. Sidney Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Vüqar Ələkbərov AİBA-nın bayrağını qaldırdı. Azərbaycan prezidenti Heydər Əliyevin yarış iştirakçılarına təbrik məktubu oxundu. Sonra Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxış edərək iştirakçıları və qonaqları salamladı idmançılara uğurlar arzuladı. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudri yarışları açıq elan etdi

Oktyabrın 11-dən 21-nə dək dünyanın 21 ölkəsindən gəlmiş 132 gənc dəri əlcək ustası 12 çəki dərəcəsində çempionatın medalları uğrunda mübarizə apardı. Dünya çempionatında qeyri-rəsmi komanda biirinciliyində Rusiya idmançıları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medal qazanaraq birinci yeri çıxdılar. İkinci yeri 10 (2,4,4) medalla Azərbaycan, üçüncü yeri isə 6 (2,1,3) medalla Ukrayna komandası tutdu.

Yarışlar dövründə Azərbaycan Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrini, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçevi və bu assosiasiyaların digər rəsmi şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi. Qəbulda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının ən yüksək mükafatı Azərbaycan prezidentinə təqdim olundu. Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrini "Şöhrət" ordeni ilə təltif etdi.