GƏNCLƏR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI

2002-ci il təkcə Azərbaycan idmançılarının dünyanın idman arenalarında qazandıqları uğurlarla deyil, həm də respublikada keçirilmiş mötəbər beynəlxalq yarışların çoxluğu ilə ölkəmizin idman tarixində özünəməxsus yer tutacaqdır. Bu il respublikamızın idmansevərləri olimpiya idman növləri üzrə qitə və dünya miqyaslı bir sıra yarışların tamaşaçısına çevrilmişlər. Bütün bu yarışların təşkili və keçirilməsində isə Milli Olimpiya Komitəsinin böyük dəstəyi, yardımı və iştirakı olmuşdur.

Lakin son 10 ildə respublikada şahmatda əsas uğurlar yeniyetmələrin payına düşür. Bir qrup gənc şahmatçılarımız müxtəlif dövrlərdə dünya və Avropa çempionatlarının mükafatçıları olmuşlar. Bütün bunlar şahmat üzrə gənclər arasında Avropa çempionatının Bakıda keçirilməsi əsas yaradır. Azərbaycan Şahmat Federasiyasının və Milli Olimpiya Komitəsinin müraciətləri nəzərə alınaraq çempionat respublikamıza salındı.

16 ölkənin 70-ə yaxın şahmatçısının iştirak etdiyi qitə çempionatının təntənəli açılış mərasimi iyulun 14-də oldu. Mərasimdə Avropa şahmat federasiyasının prezidenti Boris Kutin, şahmat üzrə beşqat dünya çempionu Nona Qaprindaşvili, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Respublika gənclər, idman və turizm naziri Əbülfəs Qarayev, xarici ölkələrin səfirləri, Milli Məclisin deputatları iştirak etdilər.

Avropa şahmat federasiyasının prezidenti Boris Kutin açılış mərasimindəki çıxışında Azərbaycanda belə bir turnirin keçirilməsindən məmnun qaldığını söyləyərək dedi: "Əlbəttə, Azərbaycan üçün bu, çox əlamətdar hadisədir. Şahmat aləminə bir çox güclü şahmatçılar bəxş etmiş Azərbaycanda belə nüfuzlu çempionatın yüksək səviyyədə təşkilindən çox razıyıq. … Mən Azərbaycanın idman sahəsində gördüyü işləri, atılan addımları yüksək qiymətləndirirəm." Beşqat dünya çempionu, Gürcüstan şahmat federasiyasının fəxri prezidenti Nona Qaprindaşvili açılış mərasimindəki çıxışında Azərbaycanda idmanın yüksək templə inkişaf etməsinin qeyd edərək dedi: "Azərbaycan həmişə öz güclü şahmatçıları ilə tanınıbdır. Hazırda Azərbaycan şahmat məktəbi Teymur Rəcəbov kimi parlaq istedadlı şahmatçılar yetişdirməkdədir. Son vaxtlar ölkənizdə keçirilən beynəlxalq miqyaslı yarışlar haqqında məlumatım var. Sizə bu sahədə yeni-yeni uğurlar arzulayıram."

Açılış mərasiminin bədii hissəsindən sonra Azərbaycan şahmat federasiyasının prezidenti, çempionatın təşkilat komitəsinin sədri, beynəlxalq dərəcəli qrossmeyster Aynur Sofiyeva gənc şahmatçıların Avropa çempionatında ilk gedişini etmək üçün Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi oyunların keçirildiyi səhnəyə dəvət etdi. İlham Əliyev çempionatın ilk gedişini etdi və bununla da yarışların startı verildi.

Gənc şahmatçıların Bakıda keçirilən Avropa çempionatının açılış mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çempionat barədə jurnalistlərə müsahibə verərkən dedi: "Şahmatın Azərbaycanda böyük ənənələri var. Bizim güclü şahmatçılarımız əvvəl də olub, indi də var. Bildiyiniz kimi şahmat tacı əvvəllər Bakıda idi. Ancaq sonra Bakıdan getdi. Mən əminəm ki, şahmat tacı yenidən Bakıya qayıdacaq. Gənc şahmatçı Teymur Rəcəbov böyük istedada malikdir və əminəm ki, yaxın gələcəkdə o, dünya çempionu olacaq. Ona görə də mən çox şadam ki, belə bir tədbir bu gün Azərbaycanda keçirilir. Düşünürəm ki, bu, ölkəmizdə şahmatın inkişafına bir növ təkan verəcək."

Avropa çempionatı Azərbaycan şahmatçılarının doğrudan da güclü olduqlarını bir daha sübut etdi.

20 yaşınadək şahmatçılar arasında qitə çempionatlarının tarixi 1990-cı ildən başlanmışdır. Bu yarışlarda Azərbaycan şahmatçıları həmişə uğurla çıxış etmişlər. Builki qitə çempionatında da belə oldu. Azərbaycanı təmsil edən 22 gənc şahmatçıdan üçü yüksək ustalıq nümayiş etdirərək medal qazandı. Qızlarımızdan Zeynəb Məmmədyarova birinci yeri tutdu, oğlanlar arasında yarışlarda Vüqar Həşimov gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medala sahib oldular. Maraqlıdır ki, çempionatın qalan üç medalını Gürcüstan şahmatçıları qazandılar. Oğlanlar arasında gürcüstanlı şahmatçı Zviad İzoriya qızıl, qızlar arasında isə Nana caqnidze gümüş, İnqa Çarxalaşvili bürünc medala sahib oldular. Birinci onluqda Rusiya, Polşa, Türkiyə, Ukrayna, Hollandiya və Estoniyadan olan şahmatçılar da yer tutdular.

Sevindirici haldır ki, 20 yaşınadək şahmatçıların Avropa çempionatına şahmat üzrə beynəlxalq dərəcəli hakimi Faiq Həsənov baş hakimlik etdi. Azərbaycanlı hakim şahmat aləminin sayılıb seçilən hakimlərindən biridir. O, artıq dördüncü dəfədir ki, mötəbər beynəlxalq yarışlarda baş hakimlik etmişdir.

İyulun 24-də gənclər arasında şahmat üzrə Avropa çempionatının təntənəli bağlanış mərasimi oldu.