MOK YENİ İQAMƏTGAHA KÖÇDÜ

Azərbaycanda idmanın inkişafı üçün müasir qurğuların, maddi-texniki bazanın zəruriliyini nəzərə alan Milli Olimpiya Komitəsi 1999-cu ildə Olimpiya idman obyektlərinin tikintisinə başladı. Bakıda hər biri 500 tamaşaçı tutan iki universal zaldan ibarət Olimpiya idman kompleksinin tikintisi 2000-ci ilinin oktyabr ayında başa çatdırıldı. Həmin ayın 20-də Olimpiya Kompleksinin təntənəli açılış mərasimi oldu. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev, respublikamıza qonaq gəlmiş Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, AOK-un baş katibi Mario Peskante və digər rəsmi şəxslər iştirak etdilər.

Beləliklə, yeni Olimpiya Kompleksi idmançıların ixtiyarına verildi. İndi kompleksin zallarında idmançılar məşq edir, burada tez-tez müxtəlif yarışlar keçirilir. Olimpiya Kompleksinin istifadəyə verilməsindən cəmi dörd ay sonra Milli Olimpiya Komitəsi üçün inzibati binanın tikintisi də başa çatdırıldı.

2001-ci il martın 27-də Bakıda Milli Olimpiya Komitəsinin yeni inzibati binasının açılış mərasimi oldu. Azərbaycan Respublikanın Prezidenti Heydər Əliyev mərasimdə iştirak etdi, MOK-un yeni ofisinin açılışını bildirən qırmızı lenti kəsdi.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkə rəhbərinə binanın MOK-un öz vəsaiti hesabına tikilməsi, müasir tələblərə cavab verən binanın layihəsinin azərbaycanlı memar tərəfindən hazırlanması, onun inşaat və mühəndis işlərini respublika inşaatçılarının yerinə yetirməsi haqqında məlumat verdi. Bir il ərzində tikilib istifadəyə verilmiş ofis dörd mərtəbədən ibarətdir. Birinci mərtəbədə olimpiya muzeyi, qonaq və digər xidmət otaqları yerləşir.

Müasir avadanlıqlarla təchiz olunmuş, işıqlı və gözəl iş otaqları, geniş və yaraşıqlı dəhlizlər, foyelər, konfrans və iclas salonları göz oxşayır. Bina informasiya və kompüter xidməti avadanlıqları ilə təchiz olunmuşdur. Buruda MOK icra aparatının səmərəli fəaliyyəti, böyük tədbirlərin, konfrans və iclasların keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Açılış mərasimində iştirak edən Prezident Heydər Əliyev MOK-un yeni binasının mərtəbələrini gəzdi, qonaq otağına, olimpiya muzeyindəki hədiyyələrə, idman curnallarına, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları mükafatlara, iş otaqlarına quraşdırılmış müasir avadanlıqlara baxdı, binanın pəncərəsindən şəhəri və ətrafdakı idman sağlamlıq komplekslərini, idman meydançasını seyr etdi.

BAKI.20 oktyabr 2000."Olimpiya dünyası" qəzeti