Oktyabrın 21-də Azərbaycan Milli Olimpiya Komitəsinin yeni Olimpiya Kompleksinin təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycanın prezidenti Heydər Əliyev, respublikamıza qonaq gəlmiş Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, baş katibi Mario Peskante və digər rəsmi şəxslər iştirak etmişlər.
Azərbaycanın prezidenti Heydər Əliyev və Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, Yeni Olimpiya Kompleksinin istifadəyə buraxılmasının rəmzi qırmızı lentini kəsdilər. Açılışa gələnlər Olimpiya Kompleksinə daxil oldular, onlar kompleksinin zallarını gəzdilər. Onların quruluşu, təchizatı və imkanları ilə tanış oldular. Sonra rəsmi açılış mərasimi keçirildi. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimi açdı. O, bütün iştirakçıları yeni kompleksin istifadəyə verilməsi münasibətilə təbrik etdi və bu mərkəzin Milli Olimpiya Komitəsinin tikib istifadəyə verdiyi ilk idman qurğusu olduğuna görə bugünkü tədbirin əlamətdarlığını nəzərə çatdırdı. İlham Əliyev yaxın vaxtlarda Bakıda Olimpi ya Komitəsinin inzibati binasının tikintisinin başa çatacağı haqqında məlumat verərək dedi: "Yeni bina elə buradan da görünür. Yaxın gələcəkdə biz onun da açılış mərasiminə toplaşacağıq və beləliklə, hesab edirəm ki, Azərbaycanda olimpiya hərəkatının inzibati mərkəzi yaradılır. Bizim arzumuz budur ki, Azərbaycanın hər bir güşəsində idmanla məşğul olmaq üçün lazımi, yeni, müasir şərait yaradılsın."
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişaf perspektivlərindən,əldə edilmiş nailiyyətlərdən, komitənin gələcək işindən mərasim iştirakçılarına qısa məlumat verən İlham Əliyev çıxışına belə yükün vurdu: "Mən bütün gənclərimizi bir daha idmana dəvət edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, 2004-cü ildə Afinada Olimpiya Oyunlarında da Azərbaycanın bayrağı qaldırılacaq, Azərbaycanın dövlət himni səslənəcəkdir."
Mərasimdə Sidney Oyunlarının qalibi olimpiya çempionu Namiq Abdullayev çıxış edərək yeni kompleksin Azərbaycan idmançıları üçün böyük hədiyyə olduğunu bildirdi. O, idmançı və məşqçilər adından dövlət başçısına müraciət edərək respublikada idmanın və Olimpiya Hərəkatının inkişafında xidmətlərinə görə MOK-un prezidenti İlham Əliyevin dövlət mükafatı ilə təltif olunması məsələsinə baxılmasını xahiş etdi.
AOK-un prezidenti Jak Roq Avropa Olimpiya Komitələri və beynəlxalq olimpiya təşkilatları adından mərasim iştirakçıların Azərbaycanın olimpiya oyunlarında əldə etdiyi nailiyyətlər münasibətilə ən xoş təbriklərini çatdırdı, kompleksin, eləcə də bu yaxınlarda istifadəyə veriləcək MOK inzibati binasının tikintisi münasibətilə hamını təbrik etdi. Sonra o dedi: "Sidneydə keçirilən Olimpiya Oyunlarında Azərbaycanın əldə etdiyi qələbələrin Sizin ölkəniz üçün çox böyük əhəmiyyəti var. Bu ölkənizdə idmanın daha da inkişaf etməsi üçün bir növ stimul rolu oynayacaqdır. İdman millətə öz hüququnu, milli mənliyini dərk etməkdə yardımçı olur. İdmana vəsait qoyulması millətin gələcəyinə sərmayə qoyulması deməkdir."
Azərbaycan prezidenti Heydər Əliyev yeni Olimpiya Kompleksinin açılış mərasimində geniş nitq söylədi. Dövlət başçısı bütün idman ictimaiyyətini istifadəyə verilən olimpiya kompleksinin açılışı münasibətilə təbrik etdi. Milli Olimpiya Komitəsinə, bütün idmançılara yeni-yeni müvəffəqiyyətlər arzuladı.

BAKI.21 oktyabr 2000."Olimpiya dünyası" qəzeti